“Azərsu”: 2035-ci ilə Astarada 29 min nəfərin içməli sudan istifadəsi yaxşılaşacaq

img

30-05-2018 [17:48]


"Azərsu” ASC "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını uğurla davam etdirir.

ASC-dən verilən xəbərə görə, Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində Astara şəhərində içməli su təchizatı sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib.

"Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihə üzrə işlərə 2014-cü ilin dekabrında başlanılıb. Astara şəhəri və ətraf kəndlərin sakinlərinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi Xanbulan su anbarının sahilində tikilmiş, məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğu hesabına həyata keçiriləcək. Su mənbəyindən Astara şəhərinədək 28,7 km magistral su kəmərinin tikintisi nəzərdə tutulub. Artıq magistral kəmərin 22,4 km-lik hissəsi inşa edilib. Layihə çərçivəsində hər birinin tutumu 5 min kubmetr olan 2 ədəd su anbarının tikintisi başa çatdırılıb.

Hazırda şəhərdə içməli su şəbəkəsinin tikintisi davam etdirilir. Layihədə nəzərdə tutulan 112,8 km içməli su şəbəkəsinin 102 km-lik hissəsi tikilib, ünvanlara ev birləşməsi verilərək sayğaclar quraşdırılır. Şəhərdə içməli su şəbəkəsinin tikintisi yekunlaşmış küçələrdə asfalt örtüyü bərpa edilir.

Layihə çərçivəsində magistral kəmərin marşrutu boyu və şəhərin yaxınlığında yerləşən, əhalisinin sayı 73 min nəfər olan 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirdiyi layihə Astara şəhəri ilə yanaşı, Tərtər, Gədəbəy, Daşkəsən Qazax şəhərlərini də əhatə edir. Artıq Tərtər və Gədəbəy şəhərlərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, Daşkəsən şəhərində isə layihənin icrası cari ilin sonunda yekunlaşdırılacaq. 2018-ci ildə Qazax şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurma işlərinə, eyni zamanda Tərtər, Gədəbəy, Qazax şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR