Şriftin ölçüsü / 669 dəfə oxunub

Nizaminin “Sirlər Xəzinəsi”ndə inanclar sisteminə aid olan - 10 cildlik açıqlama

26 May 2018 [20:07]
ATİF İslam oğlu İSLAMZADƏ

Filologiya üzrə fəlsəfə doktoru


***

Filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacının bütün əsrlərin böyük mütəfəkkiri, həkimi, alimi və şairi Həzrəti Nizami Gəncəviyə həsr etdiyi 10 cildlik kitab xəzinəsi qarşımızdadır. 

Alim bu əsərlərində əsas etibarilə Nizaminin inanclar sistemini qələmə almışdır. Münacat, nət, meracnamə və s. məsələlərə həsr olunmuş bu 10-cildlik açıqlama maraqlıdır ki, dördüncü (IV) kitabı çıxmaq şərti ilə, Nizami "Xəmsə”sinin yalnız ilk əsəri olan "Sirlər xəzinəsi” (Məxzənül-əsrar) əsərində olan inanc sisteminə, islami dünyagörüşünə açıqlamadan ibarətdir. Burada Nizamiin fikirləri təfsirşünaslıq qanunlarına uyğun olaraq beyt-beyt şərh edilir. Burada iki nüans diqqət çəkir. Birincisi alim duyğularını ifadə edən bir dindar kimi deyil, sözün həqiqi mənasında bir tədqiqatçı alim olaraq Nizami epik ənənəsinin və baxışlar sisteminin əsasını aydınlaşdırır, digər tərəfdən də İslam dünyagörüşünün böyüklüyünə nəzər salmaqla, yalnız bir əsər haqqında, özü də bu əsərdəki inanc sistemi barədə 10 cild əsər yazmağın mümkünlüyünü əyani şəkildə ortaya qoyur. Eyni zamanda bu əsərlərə elmi redaktorluq edən və elmi rəy verən Türkiyə və Azərbaycan alimlərini, elmlər doktoru və professorları nəzərə alsaq, bu əsərlərin elmilik baxımından nə qədər ciddiyyət daşıdığını da anlamış olarıq. Bu tədqiqat haqqında resenziya qələmə almaq ayrı bir mövzudur. Ancaq alim bu istiqamətdə əsərlər işləməklə, elm sahəsinə çox böyük töhfələr vermişdir. Bu kitabda rus dili, ingilis dili, eləcə də fars və ərəb dilində olan nümunələr də çox böyük zəhmətin və istedadın bəhrəsidir. Yalnız kitablar haqqında ingils və rus dillərində olan nəticə 80-səhifəyə yaxındır ki, bu da bu kitabların elmiliyinin nə qədər əhəmiyyətli olduğunu ortaya qoyur. Bundan əlavə bu kitablar ölkə sərhədlərini aşaraq dünya əhəmiyyətli mənbələr rolunu oynamaq üçün də ciddi əsas verir. Onu da nəzərə alsaq ki, bu gün fars şovinist ədəbiyyatşünaslrı siyasi və mədəni baxımdan Nizami

Gəncəvini öz adına çıxır, bu əsərlərin ölkəmiz üçün nə qədər vacib əsərlər olduğunun əhəmiyyətlilik dərəcəsi də meydana çıxır.

Nizamişünaslıqda Siracəddin Hacı imzası bundan sonra onu sevənlərin də, qısqanclıq göstərənlərin də düşüncəsində təbiidir ki, bu əsərlərlə həkk olunub qalacaqdır.

 Bu əsərlərin nə qədər böyük zəhmətlə başa gəldiyini diqqətə çatdırmaq üçün aşağıda əsərlərin adını və ümumi səhifəsini qeyd edirik:


1. Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd ( SAS) / I kitab, Bakı: 2006, 537 s.

2. Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd ( SAS) / "Sirlər xəzinəsi” dastanında olan üçüncü və dördüncü Nətin şərhi / II kitab, Bakı: 2008, 460 s.

3. Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd ( SAS) / "Sirlər xəzinəsi” dastanında olan ikinci və beşinci Nətin şərhi / III kitab, Bakı: 2009, 384 s.

4. Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd ( SAS) / Həzrət Nizami Gəncəvinin "Meracnamə”lərinin şərhi/ IV kitab, Bakı: 2010, 767 s.

5. Həzrət Nizami Gəncəviyə görə insan qəlbinin həqiqətləri / V kitab, Bakı: 2012, 504 s.

6. Həzrət Nizami Gəncəvinin "Sirlər xəzinəsi” dastanındakı ilk dörd məqalənin şərhi / VI kitab, Bakı: 2013, 587 s.

7. Həzrət Nizami Gəncəvinin "Sirlər xəzinəsi” dastanındakı V-IX məqalələrin şərhi / VII kitab, Bakı: 2014, 596 s.

8. Həzrət Nizami Gəncəvinin "Sirlər xəzinəsi” dastanının şərhi ( X-XIII məqalələr ) / VIII kitab, Bakı: 2015, 667 s.

9. Həzrət Nizami Gəncəvinin "Sirlər xəzinəsi” məsnəvisinin şərhi ( XIV-XVII məqalələr) / IX kitab, Bakı: 2016, 727 s.

10. Həzrət Nizami Gəncəvinin "Sirlər xəzinəsi” məsnəvisinin şərhi ( XVIII-XX məqalələr, kitabın sonu, mədhiyyələr, kitabın yazılma səbəbi, söz, mənzum  sözün mənsur sözdən üstünlüyü, Tövhid, Münacatlar) / X kitab, Bakı: 2017, 919 s.

Onu da qeyd etmək yerinə düşər ki, bi kitabların hər biri öz siqlətinə, elmi dəyərinə və mənbəşünaslığın tələblərinə görə elmlər doktorluğu göstəricisinə cavab verir. Bu baxımdan alim bir daha sübut edir ki, almlik dərəcəsi hansısa sənəddə yox, elə insanın öz tərkibində olmalıdır. Ancaq alimə çəkdiyi bu zəhmət qarşısında xüsusi dəyər verilərək bu əsərlərin kütləvi təbliğatda ifadəsinə və istifadəsinə çalışmaq da çox vacibdir. 

Bunun üçün ümid edirik ki, müvafiq qurumlar aktiv fəaliyyət göstərəcəkdir.

Mia.az



SON XƏBƏRLƏR