DİN əməkdaşı məhkəmədə Arif Alışanova sui-qəsd epizodu üzrə ifadə verib

img

23-05-2018 [14:26]


Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə zərərçəkmiş qismində A. Alışanovun sürücüsü Azər Babayev ifadəsində deyib ki, Şamaxıda A. Alışanov tərəfindən onun adına torpaq sahəsi alınıb: "Ancaq neçə hektar olduğunu və torpaq sahəsinin qiymətini xatırlamıram. Mənim heç nədən xəbərim olmayıb. Bütün alqı-satqını Şücayət həyata keçirib. Arif Alışanov Şücayətə tapşırmışdı ki, torpaq sahəsi alınsın”.

A.Babayev vəkilin suallarını cavablandırıb. Sual-cavab mərhələsində Ş. Əkbərovun vəkili ilə zərərçəkmiş şəxsin vəkili arasında A. Babayevə verilən suallara görə mübahisə düşüb. Hakim vəkillərə xəbərdarlıq edib.

Ş.Əkbərov deyib ki, torpaqların alqı-satqısında iştirak etməyib: "Zərərçəkmiş yalan danışır, alınıb-satılan torpaqların hamısından onun xəbəri var. Necə olur ki, Azər Babayev heç nəyi xatırlamır?".

Sonra şahid qismində ifadə verən R. Abbasov bildirib ki, Ş. Əkbərova Şamaxıda torpaq sahəsi satıb: "Bunun müqabilində Şücayət Əkbərovdan 75 min manat məbləğində pul aldım. Torpağın kim üçün alındığı haqqında maraqlanmadım".

Digər şahid Vidadi Cəfərov deyib ki, qaynı A. Alışanova Şamaxıda kənd təsərrüfatı ilə bağlı iş qurmaq üçün 200 min manat pul verib: "2017-ci ilin sonunda bildim ki, Arif Alışanovu aldadıblar".

Daha sonra ifadə verən Etibar Bağırov isə bildirib ki, A. Alışanova birgə iş qurmaq üçün 1 milyon 800 min manat məbləğində pul verib: "Bu pulu Belarusda ticarətlə məşğul olub qazanmışam. Pulu Arif müəllimə vermişəm”.

Camal Nəbiyev qeyd edib ki, 2012-ci ildən AZTV-də çalışır: "Bu dövrdən Arif Alışanovun müəyyən işlərini görmüşəm. Mənim yanımda Şücayət Əkbərova 2014-2016-cı illərdə ümumilikdə 2 milyon 500 min manat məbləğində pul verib".

Ş.Əkbərov şahidi təhqir etdiyi üçün təqsirləndirilən şəxslər zaldan çıxarılıb.

Proses onların iştirakı olmadan davam etdirilib. Prosesdə Arif Alışanovun qardaşı Habil Alışanov da ifadə verib. H. Alışanov deyib ki, Şamaxıda kənd təsərrüfatı qurmaq üçün qardaşı Arif Alışanova 200 min manat məbləğində pul verib.

hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rövşən Camalov ifadə verib. O, A. Alışanovu öldürməyə cəhd epizodu üzrə danışıb: "Bir nəfər idarəyə yaxınlaşaraq, Arif Alışanova qarşı sui-qəsdlə bağlı məlumat verib. Daxil olan məlumat dərhal rəisə məruzə olundu. Rəhbərlik dərhal həmin şəxsin müraciəti əsasında araşdırma əmri verdi. Həmin şəxs bildirdi ki, 600 min manat müqabilində Arif Alışanovu öldürmək istəyiblər. Bu isə bizə əvvəlcə inandırıcı gəlmədi. Bunun üçün müraciət edən şəxsə sui-qəsdin təşkil olunacağı yeri əvvəlcədən bizə deməsini tələb etdik, ona əlaqə nömrəsi verdik. Bir müddət keçdikdən sonra o bizə Şamaxıda Arif Alışanovun hovuz kənarında təqsirləndirilən şəxslər tərəfindən güllələnəcəyini dedi. Dərhal hadisə yerinə post patrul əməkdaşları göndərildi və sözügedən cinayət faktı baş tutmadı. Ondan sonra Şamaxıda Arif Alışanova sui-qəsd olunacağı haqqında məlumat aldıq, lakin bu təsdiqini tapmadı. Sonra həmin şəxs başqa bir istiqamətdə Arif Alişanova sui-qəsd olacağını bildirdi. Ağsudan Şamaxı istiqamətində hərəkət edən Şücayət Əkbərovun içində olduğu avtomobilə baxış keçirməyimizi istədi. Bu istək əsasında avtomobil Şamaxı yolunda saxlanıldı. Həmin avtomobilə baxış zamanı xeyli sayda silah-sursat aşkarlandı. Şücayət Əkbərov ifadəsində bu silahları ona deyil, başqasına məxsus olduğunu bildirdi".

Proses mayın 25-də davam etdiriləcək.




Digər xəbərlər
SON XƏBƏRLƏR