Şriftin ölçüsü / 307 dəfə oxunub

Televiziya jurnalistlərinin qüsurları... - Qələm əhli danışdı

23 May 2018 [10:28]

İstər televiziyada,istər radioda, istərsə də qəzetdə çalışan jurnalistlər öz fikirlərini ictimaiyyətə təqdim etmək,cəmiyyətin nöqsanlarını tənqid etmək,problemlərdən çıxış yollarını göstərmək,tam və dəqiq informasiyanı auditoriyaya çatdırmaq üçün müxtəlif yollardan istifadə edirlər.Jurnalistika çətin və bir o qədər də maraqlı olması ilə yanaşı peşəkarlıq da tələb edir.

Maraqlıdır jurnalistlər necə düşünür,televiziya jurnalistləri daha peşəkardır,yoxsa qəzet və ya sayt?

Aygün Muradxanlı (korrespondent.az)”Düşünürəm ki, peşəkarlıq televiziyada və ya saytda işləməklə ölçülmür. Televiziya ayrı sahədir, sayt ayrı, qazet isə ayrı. Bir-birinə qatmaq olmaz. Və hər sahənin öz peşəkarları və qeyri-peşəkarları var. Hər biri də göz önündədir”.

Zaur Əhməd (mia.az): ” Televiziyalarda da, saytlarda da, qəzetlərdə də peşəkar jurnalistlər var. Amma ümumilikdə götürəndə qəzet jurnalistikası məktəbini keçənlərin qələmi daha səliqəli olur. Belə ki, qəzetdə yazı daha çox cilalanır. Buna məhkumsan.Çünki sabah yazdığın yazıya düzəliş etmək mümkün deyil. Amma efirdə dil,yazı bir o qədər də vacib deyil. Cümlə quruluşu, uzlaşma əlaqəsi, dil-üslub üzərində çox əziyyət çəkməyə dəyməz. Onsuz da saniyələr içərisində deyirsən, gedir. Təbii ki, söhbət ciddi qüsurlardan getmir. Amma qəzetdə bir mətndə ard-arda eyni feli təkrarlayanda, dilin kasadlığı açıq-aşkar üzə çıxır. Hər halda, jurnalistikanın bütün sahələrində peşəkar olmaq lazımdır. Dilimizin və mətbu üslunub qorunması da lazımdır. Mənim üçün peşəkarlığına şübhə etmədiyim tele-jurnalistlər də var.Qəzet məktəbi keçib gözəl qələmi olan, amma ictimaiyyət tərəfindən tanınmayan jurnalistlər də var”.

Aygün İlqar(unikal.org): "Mənim fikrimcə hərəsi öz sahəsində daha peşəkardır. Belə ki, televiziyadan gəlib saytda işləyən jurnalist müəyyən müddət çətinlik çəkir.Gəlin etiraf edək ki, televiziyada işləmiş jurnalistlərin bir çoxu sayta gələndə heç vaxt televiziyada işləməmiş jurnalistlərə yuxarıdan aşağı baxır. Bu hər kəsə aid deyil... Bundan əlavə, televiziya jurnalisləri xəbəri sayta ötürməkdə bir az gecikir. O da mühitə alışana qədərdir. Bunun çox şahidi olmuşuq.
Elə saytdan televiziyaya gedənlər də eyni problemlərlə üzləşirlər. Onlar da uzun müddət çətinlik çəkir. Çünki saytda çalışan jurnalist yazmağa öyrənib. Fikirlərini yazaraq ifadə etmək onlara daha asan gəlir, nəinki şifahi ifadə etmək... Onun televiziya mühitinə adaptasiya olması mənim fikrimcə uzun müddət alır. Bir sözlə alışana qədər”.

Gülşən Şərif(pia.az): ” Çap mediasında işləməmişəm, amma eşitdiklərim qədəriylə çap mediasında işləyən jurnalistlər daha təcrübəli və peşəkar olurlar. Mediadakı jurnalistlərin arasında isə peşəkarlar nisbətən azlıq təşkil edir. Çap mediasında işləmiş jurnalistlərin cümlə qurmaqda və öz fikirlərini düzgün ifadə etməkdə daha çox üstünlüyü var. Onlayn mediada elə jurnalistlər və ya redaktorlar var ki, öz fikirlərini düzgün çatdırmaq bir kənara, hətta normal və məntiqli cümlə qurmağı belə bacarmırlar. Təbii ki, mətbuatda illərlə təcrübəsi olan şəxslər barədə bu fikri deyə bilmərəm, haqqım yoxdur. Öz yaşıdlarım və ya mətbuatda yeni olan bəzi jurnalistlər arasında bu halı müşahidə etmişəm. Bu baxımdan düşünürəm ki, peşəkarlıq səviyyəsinin daha da artırılması üçün çap mediasının dirçəldilməsi daha yaxşı olardı. Ümumən isə peşəkar elə peşəkardır. Onun üçün çap, sayt və ya qəzetdə işləmək elə də əsaslı fərqə malik olmur. Əgər mütləq sıralama etmək lazımdırsa, ən aşağı peşəkarlığın televiziyada işləyən bəzi jurnalistlərdə olduğunu düşünürəm”

Ülkər İsmayılqızı(sputnik.az): "Peşəkarlıq jurnalistin harada işləməsi ilə ölçülmür. Peşəkar jurnalist materialları bütün parametrlərinə görə keyfiyyətli hazırlamağı və təqdim etməyi bacaran jurnalistdir. Belə jurnalistləri isə bizdə ali məktəb yetişdirmir, çalışdığı, təcrübə topladığı KİV yetişdirir. Xaricdə jurnalistlərə beyin işçiləri deyirlər. Onun funksiyası təkcə informasiyaları toplayıb keyfiyyətli bir şəkildə KİV vasitəsilə oxucuya çatdırmaq deyil, həm də sağlam tənqidə, biliklərə əsaslanmaqdır, məsələlərə subyektiv deyil, obyektiv yanaşmaq bacarığıdır. Azərbaycanda peşəkar jurnalistlər harada yetişir desəz, bunun konkret cavabı yoxdur. Yaxşı jurnalistləri özlərinə müəllim olaraq qəbul etdikləri jurnalistlər, redaktorlar yetişdirir. Onlar jurnalistlərə ümumi qaydaları başa salır, nəyi necə yazsa daha yaxşı olacağını izah edirlər. Sonra jurnalist əgər istedadı və bu peşəyə sevgisi varsa, zamanla püxtələşir. Bəzən hətta öz müəllimindən belə yaxşı yazmağa başlayır. Bəzən də elə olur ki, jurnalist olmağı qarşıya məqsəd qoyan insanlar ölkədəki və xaricdəki yaxşı qələm sahiblərini təqib edərək yazı yazmaq mədəniyyətinin incəliklərini əxz edirlər. İllərin təcrübəsi məni o qənaətə gətirib ki, Azərbaycanın ən yaxşı jurnalistlərini, beyin işçilərini məhz qəzetlər yetişdirib. Ölkədə xeyli peşəkar jurnalistin adını saymaq olar ki, onlar qəzetlərdə yetişiblər. Amma televiziya jurnalistlərinə gələndə, dalana dirənəcəyik, sadəcə populyar televiziyaçıların adlarını sadalamaqla kifayətlənəcəyik. Populyarlıq isə peşəkarlıq demək deyil. Bəlkə də bu, daha çox ölkədə azad televiziya mühitinin heç vaxt olmaması ilə bağlıdır. Ona baxanda, qəzet jurnalistlərinin bir müddət azad şəkildə yazıb-yaratmaq imkanları olub. Bəlkə də, ona görə qəzetlər televiziyalardan daha səviyyəli, daha peşəkar jurnalistləri yetişdirə bilib. Buna rəğmən, Azərbaycanda bir neçə peşəkar televiziya jurnalistinin adını sadalaya bilərik. Onlar bir çox hallarda Rusiya, Türkiyə, ya da Qərb televiziyaçılarını yamsılamağa çalışsalar da, bəzən nəsə alınıb. Bizdə öz dəsti-xətti olan televiziya jurnalisti bir əlin barmaqları qədərdir... Saytlar isə peşəkar jurnalist sarıdan çox bəxtsizdir. Onlar əsasən copy-past-la məşğuldurlar. Ən yaxşı halda informasiyanı daha yaxşı səviyyədə oxucuya çatdıra bilirlər. Amma mənbələrlə işləmək, araşdırma aparmaq, dərin analizlər etmək, sanballı müsahibələr götürmək və s. onlarlıq deyil. Bu gün saytların da üzünü ağardan əsasən qəzet yolunu keçən jurnalist və redaktorlardır. Bu gün on-line media qəzetlərdə yetişmiş redaktorların çiyinləri üzərində dayanır. Ən pisi də odur ki, saytlar jurnalist deyil, İP səraslanları yetişdirirlər. Düzgün cümlə qurmaya, fikrini sərbəst ifadə etməyə, informasiyanı düzgün çatdırmaya bilər, debilin, savadsızın biri ola bilər, amma əsas odur ki, sayta klik gətirəcək xəbər gətirsin. Bunun adı isə bizim klassik mənada başa düşdüyümüz jurnalistika deyil, nəsə başqa şeydir. Əgər bir jurnalist işlədiyi mövzunun aktuallığının, innovativliyinin fərqinə varmırsa, informasiya tələbatını ödəyən sənədlərlə işləməyi bacarmırsa, müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırmırsa, mənbələrlə işləməyə üstünlük vermirsə, problemin kökünü araşdırmırsa, hazırladığı materialın təsir edəcəyi tərəflər arasında balansı gözləmirsə, onun peşəkarlığı sual altındadır. Bu gün saytlarda nə qədər belə jurnalistə rast gələ bilərik?!"

Təranə Xudabaxşiyeva(sputnik.az) ”Düşünürəm ki, peşəkarlıq televiziyada və ya saytda işləməklə ölçülmür. Televiziya ayrı sahədir, sayt ayrı, qazet isə ayrı. Bir-birinə qatmaq olmaz. Və hər sahənin öz peşəkarları və qeyri-peşəkarları var. Hər biri də göz önündədir.”





SON XƏBƏRLƏR