Dörd nazir, komitə sədri, xidmət rəisi, "Qaçqınkom" rəhbəri... - Hökumətin yeni üzvlərindən gözləntilər

img

10-05-2018 [12:44]


Artıq Nazirlər Kabineti tam tərkibdə formalaşıb. Hakim komandaya qoşulan yeni nazir, komitə sədri və digər məmurlar fəaliyyətə başlayıblar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fəaliyyətə başlayandan sonra sələfi Əli Həsənovun kadrlarını "vurmağa” başlayıb. Bundan əvvəl Milli Məclisdə fəaliyyət göstərdiyindən öz komandası yoxdur, amma özünə yaxın, təmsil olunduğu çevrəyə aid olan adamları komitəyə gətirir.

Sahil Babayev isə əmək və əhalinin sosial müdafiəsi naziri kimi bir sıra dəyişiklik edib. Onun yaratdığı komissiya və işçi qrupları yaxın zamanda Ə'SMN-də ciddi dəyişikliklərin olacağından xəbər verir.

Kənd təsərrüfatı naziri İnam Kərimov isə fərqli taktika seçib. O, bundan əvvəl çalışdığı sistemdə vəzifəli şəxslərin demək olar ki, əksəriyyətini KTN transfer etməyə başlayıb. Yəni, İ. Kərimov kənd təsərrüfatında "ASAN”laşdırma siyasətini hədəfləyib.

Təhsil naziri Ceyhun Bayramov isə bu sahədə yeni deyil. Mikayıl Cabbarovun gedişindən sonra zatən nazirlik ona həvalə edilmişdi. Buna baxmayaraq, yeni təhsil naziri kimi o da müəyyən dəyişikliklər edib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin qəbulu mayın 25-də Bərdədə keçiriləcək. Yeni nazir Bərdə, Ağdam, Ağcabədi, Tərtər sakinlərindən gələn şikayətlərə baxacaq.

Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev də bu sistemdə yeni deyil. Amma sədr postunu rəsmən təhvil alandan sonra sərt qərarları ilə seçilir. Belə ki, o, artıq iki generalı sərəncama göndərib, bir sıra idarə rəislərini işdən çıxarıb, bəzilərinin vəzifə yerlərini dəyişib.

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov ciddi kadr islahatlarına başlayıb. Yeni rəisin kadr islahatları çərçivəsində bir neçə şəxs vəzifəsindən kənarlaşdırılıb. Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov və digərləri tutduqları vəzifələrdən azad ediliblər. Bu şəxslər sabiq rəisin qohum-əqrəbalarıdır.

Maraqlıdır, yeni yüksək çinli məmurların kadr islahatları nə vəd edir? Ümumiyyətlə, bu dəyişiklikləri islahat kimi qəbul etmək olarmı?

Bu və ya digər sualları ictimai-siyasi düşərgənin nümayəndələrinə ünvanladıq.

"Real”ın rəsmisi Natiq Cəfərli "Reytinq”ə açıqlamasında deyib ki, əslində hər hansı bir quruma yeni rəhbər təyinatından sonra onun öz komandasını formalaşdırması və yeni iş mexanizmi yaratması normaldır. Onun sözlərinə görə, burada məqsəd və strateji hədəflərin nədən ibarət olması çox vacibdir: "Əgər məqsəd və hədəflər bu günə qədər nazirlik, komitə və digər dövlət qurumlarında olmuş problemləri həll etmək, ora yeni yanaşma gətirməkdirsə, bu, tam anlaşılandır ki, yeni rəhbər öz komandasını gətirib və burada islahatlar aparacaq. Yox, əgər məqsəd sadəcə, güvənsizlikdirsə, keçmiş nazirin adamlarını çıxarıb öz adamlarını yerləşdirməkdirsə, idarəetmənin fəlsəfəsində heç bir dəyişikliyə getməməkdirsə, bu, heç bir effekt verməyəcək.

Digər tərəfdən, peşəkarların yerinə qeyri-peşəkarlar gətiriləcəksə, bu sahə ilə heç bir əlaqəsi olmayan insanlar sadəcə, yeni rəhbərə yaxın olmasına görə vəzifə tutacaqlarsa, nəticə daha pis olacaq. Yəni, bu dəyişikliklərdə əsas hədəf və məqsədlərin nədən ibarət olması çox vacibdir”.

Son günlər yeni nazir və komitə sədrlərinin həyata keçirdikləri dəyişikliklərə gəlincə, N. Cəfərli hazırda bu dəyişikliklərin əsas hədəf və məqsədləri barədə fikir yürütməyin çətin olduğunu vurğulayıb:

"Görünən odur ki, yenilər köhnə rəhbərə yaxın olan insanları işdən çıxarır və onların postuna öz adamlarını gətirirlər. Amma bunun idarəetmə fəlsəfəsini dəyişəcəyini söyləmək çox çətindir. Yəqin ki, bütün bunlar gələcək addımlarda özünü büruzə verəcək.

Azərbaycanda çox pis ənənə formalaşıb. Bizdə peşəkar məmurlar yoxdur. Bizdə istənilən nazir, yaxud hansısa dövlət qurumunun rəhbəri təyin olunarkən peşəkarlığı yox, özünə yaxınolma prinsipini əsas götürürlər. Bu səbəbdən də son dəyişikliklərin müsbət nəticə verəcəyi ilə bağlı nəsə deyə bilmərəm”.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə bildirib ki, bəzi nazirlərin və komitə sədrlərinin dəyişməsindən sonra ciddi kadr yenilənməsini müşahidə etməyib. Onun sözlərinə görə, yeni vəzifəyə təyin olunanlar özlərinə sadiq şəxsləri yanlarına aparırlar: "Bunun özü əvvəlcədən onların iş prinsiplərini müəyyən etməyə imkan verir. Belə ki, kadr yox, işçilər seçilir. Onları da iş bacarığına görə deyil, sadiqliyinə görə müəyyən edirlər. Əgər doğurdan da kadr islahatları gedirsə, nazirlik və komitələrdə olan çatışmazlıqları aradan qaldırmaq məqsədi varsa, onda niyə bu sahəni bilən şəxslər irəli çəkilmir? Halbuki nəzəri və praktiki olaraq təsdiqlənib ki, idarəedici şəxslər həmişə elm, elmi-tədqiqat müəssisələrində çalışan və işlədiyi sahənin mütəxəssisinə çevrilən kadrlara istinad edəndə uğur qazanırlar. Biz isə, təəssüf ki, bunu müşahidə etmirik. Ona görə də mən onların yenilik edəcəyinə pessimist yanaşıram”.

M. Rəhimlinin sözlərinə görə, indi iqtidar elə vəziyyətdədir ki, müxalifətin təklifini nəinki nəzərə almır, hətta ona qulaq asmaq istəmir: "Təklif irəli sürənləri də cəmiyyətə düşmən şəxs kimi qələmə verirlər. Ona görə də ilk növbədə hakimiyyətə təklif edirəm ki, ağıllı, düşünülmüş təklifləri dinləsin və onlardan bəhrələnsin. Prezidentin ətrafını zəbt edən və onu izolyasiyaya almağa çalışan qüvvələrin gizlətmələrinə rəğmən cəmiyyətdə baş qaldıran narazılıqları dövlət başçısının görməsi və bu məsələyə reaksiya verməsi vacibdir. Məmurların insanların gözünün içinə baxa-baxa yalan danışması yolverilməzdir. Bəyəm həmin məmurlar bilmirlər ki, hər ötən ay onlara vətəndaşlardan gələn şikayətlərin sayı artır? İndi informasiya əsridir və insanlar sosial, maddi, iqtisadi, hüquqi və s. durumlarını digərləri, o cümlədən qonşuları ilə müqayisə edir və həqiqətin harada, nədə olduğunu görürlər. Biz dünyada, həmçinin regionda, eləcə də qonşu ölkələrdə olan dalğalanmaları görürük. Bütün bunlar isə bir daha təsdiq edir ki, basqı və yalanlarla uzağa getmək mümkün deyil”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə komandaya yeni gətirilən şəxslərin və onların fəaliyyətinin qiymətləndirilməsinin hələlik tez olduğunu bildirib. Onun sözlərinə görə, qısa müddət sonra hər şey bəlli olacaq:

"Mən müxalifət partiyasının rəhbəriyəm. Məqəsdim Azərbaycanı firavan dövlət, Vətənimi bütöv, vətəndaşımı rifah içində və güvənli görməkdir. Arzum ondan ibarətdir ki, cəmiyyətimiz siyasi mübarizə nəticəsində ədalətli münasibətlər sisteminə qovuşa bilsin. Amma YAP idarəçiliyi dönəmində bunlara nail olacağımıza inamım yoxdur. Əgər bir qədər əvvəl gümanlar içərisində bunu mümkün görürdümsə, ehtimalım zəif olsa da var idisə, bu seçkilər göstərdi ki, mövcud siyasi idarəçilik rejimi ilə düşüncələrim illüziya, xülyadır. Ölkədə məhz siyasi idarəçilik fəlsəfəsi, onun "sütün” daşıyıcıları fiziki olaraq dəyişməyənə qədər şərtlərin dəyişməsini görmürəm.

Hakim komanda islahatları rədd edir. Siyasi islahatlar olmayana qədər, digər müstəvilərdə dəyişikliklər effektsiz olacaq. Dövləti yönləndirənlər, hakimiyyət qollarının təmsilçiləri xalqdan, seçicidən asılılığını duymayana qədər, ictimai maraqları düşünməyəcəklər”.

Əli Əliyev qeyd edib ki, yuxarıdan aşağıya qədər məmur ordusunun ideoloji prinsipləri mövcud deyil: "Pul qazanmaq qayəsi ideoloji prinsip deyil, biznes təfəkkürüdür. Biznes məfkurəsi ilə Dövlət yönləndirilməz. Yönləndilməyə cəhd edilərsə, yeriməz, necə ki, yerimir. Vətənpərvərlik, millətçilik, dövlət təəssübkeşliyi məmurların mütləq əksəriyyəti üçün yaddır. Onlar mütləqi-hakimə qulluq göstərir, onun prinsiplərini həyata keçirməyə, onun xoşuna gəlməyə çalışırlar. Bütün avtoritar cəmiyyətlərdə belə olur. Bir nəfər özü inanır ki, hamı kütdür, yalnız özü hər işi hamıdan yaxşı bilir, bu yanlış paradiqmanı hamıya qəbul etdirməyə çalışır. Kollegiallığa son qoyulur. Təsadüfi deyil ki, Baş nazirin müavini səviyyəsinə qaldırılmış Bakının keçmiş merinin "Ölkədə bir kişi var, o da İlham Əliyevdir”,- fikri, hakimiyyətdən heç bir təpki almadı. Əksinə, nümunədən göründüyü kimi bu sərsəm fikrin müəllifini hakimiyyət pilləsində qaldırdılar. Misaldan göründüyü kimi, YAP üçün bu tezis hakimdir. Partiyadaxili ovqatı YAP-çılar cəmiyyətə də sırımaq istəyirlər”.

VİP sıdri bildirib ki, başqa nümunəni prezident Əliyev andiçmə mərasimi zamanı səsləndirib: "İlham Əliyev seçki debatlarında ünvanına bir dənə də olsun tənqidi fikir səsləndirməyən "rəqiblərini” təqdir etdi və bu davranışı yeni siyasi mədəniyyət nümunəsi kimi təriflədi. Çox qəribədir ki, təriflədiyi alternativlərini heç inoqurasiya törəninə də dəvət etmədilər.

Müqayisə üçün bildirim ki, Putin, seçkidən sonra bütün rəqiblərini qəbul etmiş, onları dinləmişdi.

Bir detal da ilgincdir. Bu qəbulda masa da təvazökarcasına dəirmi seçilmişdir ki, yuxarı başı olmasın. Yəni, Putin özünü opponentlərinə bərabər tutmuşdu”.

Partiya sədri belə şəraitdə baş verən kadr dəyişikliklərinin faydalı olacağını düşünmür. Onun qənaətincə, hakimiyyət daxilində vəziyyəti dəyişmək istəyən, buna təşəbbüs göstərən qrupun formalaşdığı da diqqətdən qaçmamlıdır: "Lakin onların da fəaliyyətinin uğurlu olacağını düşünmürəm. Çünki zəifdirlər. Yeni təyinat almış şəxslərin əksəriyyəti yaxşı, dürüst işləmək direktivi alıb. Lakin bu direktivin işləyəcəyini əməldə qiymətləndirmək üçün bir qədər gözləmək lazımdır.

Yeri gəlmişkən, mühafizəkar cinahın islahat rüşeymlərini boğmaq təşəbbüslərinin şahidi olacağıq. Bu, qaçılmazdır. Daxildəki vəziyyətdən xəbərdar olan biri kimi deyirəm ki, bu tendensiyaya, yəni sabotaja start verilib. İki il müddətində rüşvət istənilməyən qurumlarda bir neçə həftədir ki, "şirinlik” tələb edilməyə başlanıb. Düzdür, bunu həyasızcasına etmirlər, lakin istəyirlər. Yəqin ki, bir azdan dərinləşdirəcəklər. Məqsəd isə narazılığı artırmaq, cəmiyyəti gərginləşdirməkdir.

Kadr dəyişiklikləri vasitəsilə zəiflədilmiş komandadaxili "müxalifət” dinc durmaya bilər. Rusiyanın Ermənistandakı uğursuzluğu, Azərbaycanda kompensasiya həvəsi yarada bilər. Bu qanadın Moskva tellərinin olduğunu da nəzərə alsaq, gərginliyin artma ehtimalını mümkün görürəm. Əgər belə dəngənin pozulma narahatlığı olsa, daxili konsolidasiya baş tuta, müsbət direktivlərin geri oxunması, klanın qazanc hərisliyinin yeni mərhələsi başlaya bilər. Bütün hallarda bir qədər gözləmək lazımdır. Həm yeni təyinatların özünü doğrultmaq haqlarını tanımaq, həm beynəlxalq proseslərə qiymət vermək, həm də bütövlükdə trendi dəyərləndirmək üçün köhnə-yeni komandaya daha 2 ay vaxt haqqı tanımağı düzgün sayıram”.

Tərcüməçi-yazar, ictimai-siyasi fəal Nadir Qocabəyli isə əməkdaşımızla söhbətində dəyişikliklərdən müsbət nəticə gözlədiyini bildirib: "Mən builki Prezident seçkilərində İlham Əliyevi dəstəklədiyimi bəyan etməzdən əvvəl xeyli düşündüm, analizlər apardım və axırda bu qərara gəldim ki, indiki Prezident hökmən islahatlara getməlidir, çünki bizim başqa yolumuz yoxdur. Çünki çağdaş dünyamızda hər bir müstəqil dövlətin, xalqın yeganə yolu güclü olmaqdır. Bizə güclü iqtisadiyyat, güclü ordu, güclü rəhbərlə yanaşı, həm də güclü xalq, güclü ziyalı sinfi, güclü elita lazımdır. Bunun üçün isə, təbii ki, ölkədə yüksək standartlara cavab verən maddi-mənəvi mühit yaranmalı, hakimiyyətlə xalqın, ziyalıların, elitanın həqiqi birliyi təmin olunmalıdır. Digər tərəfdən, ölkədə hansısa islahatlar aparmağa, dəyişikliklər etməyə qadir başqa qüvvə və lider də yoxdur. Odur ki, ən güclü və ən iqtidarlı liderə dəstək olmaq üçün səsimi İlham Əliyevə verdim. Bu gün aparılan kadr islahatı zahirən yaxşı təsir bağışlayır. Gənc kadrların yüksək vəzifələrə təyinatı, onların ilk müsbət təşəbbüsləri, korrupsiya faktlarının aşkarlanması istiqamətində atılan addımlar sevindiricidir. Mən islahatların müsbət nəticə verəcəyinə inanır və bunu dəstəkləyirəm. Çünki bu islahatların baş tutması, nə qədər şablon səslənsə də, həm də bizdən asılıdır. Çünki bir şeyin olması üçün gərək ona inana və dəstək verəsən. İnanmadığımız şey heç vaxt ola bilməz. Konkret olaraq düşünürəm ki, vəzifələrə təyin olunan kadrlara xüsusi missiya həvalə olunub. Kosmetik dəyişikliklər, yaxud necə deyərlər, "köpalma" siyasəti vəziyyəti ağırlaşdırar. Bu, təhlükəlidir. Məncə, onlar bunun məsuliyyətini dərk edir və işləyəcəklər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR