Jurnalist yenidən daxili işlər nazirinə müraciət etdi

img

07-05-2018 [12:14]


Abşeron rayonu Saray qəsəbəsində yaşayan jurnalist Ağaşirin Məmmədli media vasitəsilə yenidən daxişi işlər naziri Ramil Usubova müraciət edib. O, nazirə müraciət etməsinin səbəbi kimi şəxsi minik avtomobilini və evini qarət edənlərin tapılmamasını göstərib.

 

A.Məmmədli bildirib ki, bu il yanvarın 2-də axşam saat 20.00 radələrində Sumqayıtdakı "Fanfun” əyləncə mərkəzinin yaxınlığında saxladığı "Hyundai” markalı avtomobili naməlum şəxslərin hədəfinə tuş gəlib.

 

Jurnalist bildirib ki, onun maşınının pəncərəsini sındıran şəxslər həyat yoldaşına məxsus çantanı oğurlayıblar. Oğurlanmış çantada isə A.Məmmədlinin həyat yoldaşının təxminən 8200 manat dəyərində qızıl-zinət əşyaları olub.

 

Hadisənin araşdırılmasının Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə həvalə olunduğunu xatırladan Ağaşirin Məmmədli daxili işlər nazirindən kömək istəyib.

 

"Cənab nazir, 4 aya yaxın müddət ötməsinə baxmayaraq, oğruların və oğurlanmış əşyaların tapılması istiqamətində irəliləyiş yoxdur. Sizdən qanunun aliliyinin təmin olunması üçün məsələni diqqətə almağı və aidiyyatı qurumlara müvafiq göstəriş verməyinizi xahiş edirəm”,- deyə A.Məmmədli Ramil Usubova ünvanladığı müraciətdə vurğulayıb.

 

A.Məmmədli bildirib ki, keçən ilin yayında Saraydakı evi də qarət edilmişdi və Abşeron rayon Polis İdarəsinin araşdırdığı həmin hadisənin də üstü 9 ay keçməsinə baxmayaraq, hələ ki açılmayıb. 

"Hər iki işlə bağlı istintaq hansısa bir yenilik edə bilməyib, təqsirləndirilən şəxs qismində cəlb edilən yoxdur. Məsələlərin bu qədər uzanmasına görə cənab nazirdən xahiş ediərm ki, bu faktlara diqqət yetirsin”.  

 

A.Məmmədli əvvəllər "Avrasiya”, "Bu gün” və bir sıra qəzetlərdə çalışıb. Hazırda "Ekspert” qəzetinin əməkdaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR