Şriftin ölçüsü / 487 dəfə oxunub

İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir

Kibernetik Həsən Babayev deyir ki, müharibə şəraitində olan ölkə üçün informasiya təhlükəsizliyizi son dərəcə vacib amillərdən biridir

07 May 2018 [10:45]
Texnologiyaların sürətli inkişaf etdiyi bir zamanda informasiya təhlükəsizliyi dövlətlər üçün vacib faktorlardan biridir. Bu, eyni zamanda ölkənin milli təhlükəsizliyi baxımından da çox vacibdir. Azərbaycanda bu istiqamətdə bir sıra vacib işlər görülüb və bu proseslər mərhələli şəkildə davam edir.

Müstəqilliyinə nail olduqdan sonra Azərbaycanın milli təhlükəsizliyinin əsas problemlərindən biri ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyinin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı olub.

Hələ ölkəmizdə ''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Qanun 1998-ci il aprel aynın 3-də qəbul edilib. Prezident İlham Əliyev tərəfindən "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" fərmanın imzalanmasından sonra ölkəmizdə milli informasiya təhlükəsizliyi üzrə mükəmməl strategiya yeni mərhələyə qədəm qoyub.

Bu gün informasiya təhlükəsizliyinə təhdidlər çox ciddi mərhələyə adlayıb. Dünyanı narahat edən ən böyük problem – beynəlxalq terrorizm məhz informasiya təhlükəsizliyi siyasətindəki boşluqlar səbəbindən həyata keçirilir. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. İnternetin sürətli inkişafı, yeni veb texnologiyalar əsasında yaradılmış proqram təminatı sistemlərinin mühafizəsi məsələnin kökündə dayanır.

27 Aprel 2018-ci il tarixdə Azərbaycanda informasiya təhlükəsizliyi üzrə yeni qurum yaradılıb. Azərbaycan prezidenti İlham Əliyev "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” da sərəncam imzalayıb.

Komissiya Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsini, o cümlədən, belə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, vura biləcəyi zərər və təsirləri ilə bağlı mütəmadi təhlillərin aparılmasını və təkliflərin hazırlanmasını, mümkün təhdidlərin qarşısının alınması sahəsində müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılmasını və həyata keçirilməsini təmin edəcək.

Bundan başqa, Komissiya ictimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya sistemlərinə və ehtiyatlarına kiberhücumlar və fövqəladə kibertəhlükə hallarında əlaqələndirilmiş işin təşkili və birgə əks tədbirlərin həyata keçirilməsini, internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasının milli maraqları əleyhinə məqsədyönlü şəkildə yayılan saxta məlumatların mənbəyinin təxirə salınmadan müəyyən edilməsi və bu barədə müvafiq orqanların dərhal məlumatlandırılmasını, aidiyyəti dövlət orqanlarının kibertəhlükəsizliyin təmin edilməsi, o cümlədən kibercinayətlərlə mübarizə sahəsində kadr və texniki potensialın gücləndirilməsi məqsədilə təkliflərin hazırlanmasını və zəruri tədbirlərin görülməsini təşkil edəcək.

Qurum dövlət qurumlarının istifadə etdiyi proqram təminatının (o cümlədən antivirus proqramlarının) təhlükəsizlik tələblərinə uyğunluğunu təhlil edəcək və müvafiq təkliflər hazırlayaraq mütəmadi olaraq Azərbaycan prezidentinə təqdim edəcək.

Komissiyanın sədri, Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi general-leytenant Mürsəl Vəliyevdir.

Komissiyanın üzvləri isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, daxili işlər nazirinin müavini, müdafiə nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinidir.

Qurumun cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılıb və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə həvalə edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim; Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.


Yeni yaradılan qurumla bağlı fikirlərini "Reytinq”lə bölüşən iqtisadçı kibernetik Həsən Babayev bildirib ki, dövlət başçısının "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” sərəncamı təkcə informasiya təhlükəsizliyini yox, ümumilikdə ölkənin milli təhlükəsizlik məsələsini özündə ehtiva edir:

"Artıq dünya düzəni dəyişib. Yüksək texnologiyaların inkişafı informasiya mübadiləsini, ondan müəyyən məqsədlər üçün istifadəni daha da asan edib. Bu gün dünyada artıq müharibənin yeni forması - informasiya müharibəsi gedir. Dövlət yarandığı gündən özündə bir çox funksiyaları, vəzifələri və səlahiyyətləri daşıyır. Dövlətin ən vacib funksiyası vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır. Bunun üçün hər bir dövlət siyasi, iqtisadi, hərbi və başqa sahələri gücləndirir və inkişaf etdirir. Adlarını sadaladığım istiqamətlərin inkişafı isə informasiya təhlükəsizliyinin təmin edilməsindən asılıdır. Müharibə şəraitində olan bir ölkə üçün informasiya təhlükəsizliyi məsələsi çox vacibdir”.

Həsən Babayevin sözlərinə görə, Azərbaycanda informasiya cəmiyyətinə keçid, informasiya təhlükəsizliyi siyasətinin idarə olunması prosesinin sürətləndirilməsi baxımından koordinasiyalı fəaliyyətə ehtiyac yaranmışdı. Bu səbəbdən də ölkə rəhbərinin məlum sərəncamı informasiya təhlükəsizliyi siyasətinin düzgün yönəldilməsi baxımından vacib əhəmiyyət daşıyır:

"Yeni texnoloji avadanlıqları, qurğuları inişaf etmiş ölkələr istehsal edir. İnkişaf etməkdə olan və kiçik ölkələr həmin texnologiyaların istehlakçısıdır. Bu isə o deməkdir ki, istehlakçı şirkət marağı olduğu ölkələrin vacib strukturlarından mühüm informasiyaları rahat şəkildə götürə və ondan həmin ölkəyə qarşı istifadə edə bilər. Bu səbəbdən milli kadr məsələsi də önəmlidir”.

İqtisadçı kibernetikin fikrincə, dünyada nanotexnologiyanın inkişafı və aparılan tədqiqatlar bunu deməyə əsas verir ki, gələcəkdə informasiyanın təhlükəsizliyini, demək olar ki, tam təmin etmək mümkün olacaq: "Belə texnologiyalara hərbi təhlükəsizlik sahəsində xüsusilə ehtiyac var.

Qeyd edim ki, bu gün ən sürətli şifrələmə alqoritmi RSA-dır və ondan hərbi sahədə geniş istifadə edilir. Bu tip alqoritmlərin müdafiəsini dəf etmək üçün yüksək ixtisaslı kadrlara və yüksək texnologiyaya ehtiyac duyulur. Bunu nəzərə alaraq bir çox dövlətlər bu istiqamətdə kadr hazırlığına və texnologiyaların tədqiqatına böyük investisiyalar qoyurlar”.

Müsahibimiz nəzərə çatdırıb ki, ölkəmiz üçün bu prosesdə ən vacib məsələ elmi inkişaf mərkəzləri yaratmaq, tədqiqatçılar yetişdirməkdir. Onun sözlərinə görə, istehsal təsərrüfatını inkişaf etdirmək və milli kadr hazırlığını sürətləndirmək vacibdir: "Sərəncamda da qeyd olunur ki, Komissiya ictimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya sistemlərinə və ehtiyatlarına kiberhücumlar və fövqəladə kibertəhlükə hallarında əlaqələndirilmiş işin təşkili və birgə əks tədbirlərin həyata keçirilməsini, internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasının milli maraqları əleyhinə məqsədyönlü şəkildə yayılan saxta məlumatların mənbəyinin təxirə salınmadan müəyyən edilməsi və bu barədə müvafiq orqanların dərhal məlumatlandırılmasını, aidiyyəti dövlət orqanlarının kibertəhlükəsizliyin təmin edilməsi, o cümlədən kibercinayətlərlə mübarizə sahəsində kadr və texniki potensialın gücləndirilməsi məqsədilə təkliflərin hazırlanmasını və zəruri tədbirlərin görülməsini təşkil edəcək. Qurum dövlət qurumlarının istifadə etdiyi proqram təminatının (o cümlədən antivirus proqramlarının) təhlükəsizlik tələblərinə uyğunluğunu təhlil edəcək və müvafiq təkliflər hazırlayaraq mütəmadi olaraq Azərbaycan prezidentinə təqdim edəcək”.



SON XƏBƏRLƏR