"Bakcell"in jurnalistlərə 10 manatlıq jesti narazılıq yaratdı: "Bəs, niyə “qaynar xətt” yaradıbsan?!” - Açıqlamalar

img

06-05-2018 [10:37]


"Bakcell” mobil operatoru ölkə jurnalistlərini ələ almaq siyasətini davam etdirdiyi bir ərəfədə "qaş qayırdığı yerdə vurub, gözünü də çıxarıb”.

Mia.az xəbər verir ki, bu mobil operatorun kütləvi soyğunçuluğuna – abunəçilərin xəbəri olmadan onların nömrələrini müxtəlif qondarma servislərin xidmətlərinə qoşmaqla balanslarını boşaltmalarına -  jurnalistlər etiraz etməyə başlayıblar. 

Bundan sonra isə "Bakcell”in mətbuatla əlaqələndiriciləri, eyni zamanda, mətbuatda "qara işləri”ni görənlər dövriyyəyə giriblər. Onlar demək olar ki, hər ay reklam adıyla 50-100 manat verdikləri bütün saytların Bakcell işlədən işçilərinin siyahısını bir-bir redaksiyalara zəng etməklə götürüblər. Və əsl həngamədə bundan sonra başlanıb.

Belə ki, sərfəli paketdən istifadə edən jurnalistlərə dünən "Bakcell”dən guya 10 manatlıq hədiyyə gəlib. Əlbəttə, bu, təkcə narazı jurnalistlərin qələmini növbəti dəfə sındırmaq cəhdi deyil, eyni zamanda, onları qarşılarında gözükölgəli etməkdir. İkinci bir tərəfdən maraqlı olan budur ki, "Bakcell” budəfəki ucuz şounu "Cumhuriyyətçi”lərin adı ilə edib. Ancaq onlar bu 10 manatlıq jesti edərkən də, alqış əvəzinə, yenə də "tokat” alıblar. Niyə?

Niyəsini jurnalistlərin aşağıdakı yazışmalarından da görmək olar. 

Məsələn, tanınmış jurnalistlərdən biri belə bir status yazıb:

 "#Bakcell cümhuriyyət adından istifadə edərək camaatın cibinə girəcək qədər acizləşib. Dünən xeyli sayda insana, o cümlədən mənə və ailə üzvlərimə belə bir mesaj gəlib. Zəng edib sual verirəm ki, mənim icazəm olmadan siz necə məni başqa paketə atırsınız? Deyir ki, özünüz etmisiz, hələ üstəlik uydurur ki, filan tarixdə. Etməmişəm. Bunun adi isbatı odur ki, ən azından bu paket üçün tələb olunan 10 manat balansımda yoxdur. İndi də deyirlər ki, müştəri xidmətinə yaxınlaşın. Oha! Gorun, cümhuriyyət üçün canından keçən kişilər bu ölkəni kimlərə qoyub gedib”.

Başqa bir xanım jurnalist isə cumhuriyyət  bayramı adı ilə 10 manatlıq jestə həmin statusda belə reaksiya verib: "Operator  mənə deyir ki, kontur yukləmisən. Qaqaş elə özündən razı danışdı ki… Deyirəm, bax, axırıncı dəfə nə vaxt yükləmişəm? Baxıb deyir ki, siz düz deyirsiz, 1 ay əvvəl yükləmisiz. İş həll etmək əvəzinə, deyir  müştəri xidmətinə yaxınlaş. Bəlkə mən dağın başındayam? Əgər sənin operatorun bunu həll edə bilməyəcəksə, niyə "qaynar xətt” yaradıbsan?”.


"Bakcell”in mətbuatla əlaqələrə məsul olan PSP şirkətinin nümayəndəsi Aygün Cəfərova (Əziz) isə narazı jurnalistlərə belə cavab verib: "Balansınıza 10 manatı bakcell özü yükləyib və internetə çıxıb. Yəni sizə 10 manatlıq internet hədiyyə edib”.

Jurnalist Elşad Mətləboğlu  isə Aygün Əzizin bu cavabına etiraz edib: "Yox, niyə axı?! Bu dəqiqə qardaş-qardaşa 10 manatlıq hədiyyə vermir. İllərdir bilirik ki, "Bakcell” fırıldaqçılıqla məşğuldur. Bezdim, 2-3 gün bundan qabaq nömrəni qırdım atdım. Çox xoşbəxtəm”.

Bu sərt reaksiyadan sonra Aygün Cəfərovanın "Elşad Mətləboğlu, cumhuriyyətin 100 illiyi munasibəti ilə 1 ay 10 manatlıq internet istifadə edirlər də. 1 ay sonra deaktiv et. Axı, burda pis nə var?”, - deyə sualına belə cavab alıb: "Pis odur ki, mən onlardan xahiş etməmişəm  mənə "jest" olaraq, hədiyyə versinlər. Sonra yaddan çıxacaq və onu balansdan çıxacaq vaxtı gələndə…”.


Gördüyünüz kimi, "Bakcell”in jurnalistlərin son aylardakı etirazlarını səngitmək üçün "Cümhuriyyət ili” bəhanəsi ilə onları "ələ alma siyasəti” növbəti dəfə iflasa uğrayıb. 

Sonda isə "Bakcell”ə belə bir sualla müraciət edirik:  

- Siz belə bir jesti təkcə jurnalistlərə edirsiz, yoxsa onminlərlə sadə abinəçiləriniz də bu fürsətdən yararlanıb? Və doğrudanmı siz jurnalistlərin nömrələrini götürdükdən sonra onların balanslarının "fırıldaqçı servis”lər vasitəsi ilə boşaldılmasının qarşısını alıbsız? Və bu proses bütün abunəçlilərə şamil olunub, yoxsa onlar yenə də fırıldaqçıların cəngində qalıblar? 

Onu da qeyd edək ki, son vaxtlar baş verən narazılıqlarla bağlı Mia.az saytı "Bakcell"ə sorğu verib. Ümid edirik ki, narazılıqlarla bağlı ətraflı açıqlama yaxın günlərdə sayta göndəriləcək.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub