“Təlimlər ordumuzun gücünü nümayiş etdirir” - General Osmanov

img

04-05-2018 [13:25]


Hərbi Tibb fakültəsində Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Bu barədə Mia.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Müdafiə Nazirliyinin zabitləri, Azərbaycan Tibb Universitetinin müəllim heyəti və ictimaiyyət nümayəndələri iştirak edib. Konfransda əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov çıxış nitqi ilə konfransı açıq elan edib. Ordumuzun inkişaf yolundan danışan general-leytenant N.Osmanov bildirib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyindən danışdıqda, tarixin bizə bəxş etdiyi dahi rəhbər və müdrik dövlət xadimi Heydər Əliyevin əvəzolunmaz xidmətlərini xüsusi vurğulamaq lazımdır.

"Ali Baş Komandan İlham Əliyevin etimadını layiqincə doğrultmaq orduda xidmət edən hər kəsin vacib vəzifəsidir” - deyən general-leytenant N.Osmanov çıxışını davam etdirərək vurğulayıb ki, Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Onun diqqət və qayğısı nəticəsində ordumuzda hər bir sahədə sürətli inkişaf gedir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun müasir standartlara tam uyğunlaşdırılması məqsədilə aparılan səmərəli işlər nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Müdafiə Nazirliyi rəhbərliyinin iştirakı ilə Azərbaycan Ordusunun bütün birlik və birləşmələrində müxtəlif səviyyəli irimiqyaslı əməliyyat-taktiki təlimlər keçirilir ki, belə təlimlər Ordumuzun güc və qüdrətini nümayiş etdirir.

Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr olunmuş filmin nümayişindən sonra elmi-praktik konfransın gündəliyinə daxil olan mövzular üzrə mühazirələr təqdim olunub və müzakirələr aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR