Parisdə beynəlxalq forum iştirakçıları Əlimərdan bəy Topçubaşovun xatirəsini yad ediblər - FOTOLA

img

03-05-2018 [00:03]


Beynəlxalq Türk Akademiyası (TWESCO) və UNESCO-nun birgə təşkilatçılığı ilə türkdilli ölkələrin Parisdə keçirilən "Mənəvi yenilənmə və mədəni irs: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forumunun iştirakçıları Sen Klu şəhər qəbiristanlığında Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət ediblər.

Mia.az-ın xəbərinə görə, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov forum iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Ə.Topçubaşovun ictimai-siyasi fəaliyyətindən danışıb. Diqqətə çatdırıb ki, Paris Sülh Konfransına gələn Azərbaycan nümayəndə heyətinin məqsədi Cümhuriyyəti beynəlxalq səviyyədə tanıtmaq olub.

Səfir Anar Kərimov XX əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanın dünyada tanıdılmasında, beynəlxalq nüfuzunun artmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açıb, türkdilli xalqlar arasında sıx əlaqələrin qurulmasında ulu öndərin rolunu vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkə daxilində və beynəlxalq səviyyədə müxtəlif tədbirlərlə qeyd olunur.

Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırəli və Qazaxıstan mədəniyyət nazirinin müşaviri Kuatjan Valiyev də Əlimərdan bəy Topçubaşovun türk dünyasına töhfələrindən danışıblar.

D.Kıdırəli Ə.Topçubaşovun Rusiya Dumasında təkcə Azərbaycan, Qafqaz üçün deyil, Rusiyadakı bütün müsəlman türklər adından çalışdığını bildirib. Qeyd edib ki, Paris Sülh Konfransına gələn Əlimərdan bəy Topçubaşov sonralar hər il mayın 29-da Fransa paytaxtındakı müsəlman türklərini toplayaraq "Xəzər bizi ayırmır, birləşdirir” deyərmiş.

Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin bütün türk dünyasının bayramı olduğunu, müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğunu qeyd ediblər.

Tədbir iştirakçıları həmçinin Ceyhun Hacıbəylinin məzarına çiçək dəstəsi qoyaraq xatirəsini anıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR