Struktur islahatı başladı: Gömrük Komitəsinin ləğvi haqda xəbərlər puça çıxdı - Qarşıda daha nələr gözlənilir?

img

20-04-2018 [23:23]


Prezident İlham Əliyev idarəetmə sistemində çox mühüm islahatlara start verdi.

Mia.az-ın məlumatına görə, bu gün dövlət başçısı ilk olaraq "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında iki yeni qurum - Mədəniyyət Nazirliyi ilə Dövlət Turizm Agentliyi yaradılıb.

Sərəncamda Nazirlər Kabinetinə Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsi təmin ediləcək.

Prezident İlham Əliyev digər sərəncamı isə istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında olub.

Bu sərəncama əsasən isə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Həmin sərəncamla Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilərək, qurumun texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilib.

Prezidentin dünən imzaladığı 3-cü sərəncam isə aylardır cəmiyyət arasında Dövlət Gömrük Komitəsinin ləğv ediləcəyi xəbərinə aydınlıq gətirib. Aydın olur ki, bu komitənin Vergilər və ya Maliyyə nazirliklərinə birləşdirilməsi və ya ləğvi gündəmdə deyil. 

Belə ki, Prezident İlham Əliyevin aprelin 20-də ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən, Azərbaycanda bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun hesab edilib. Eyni zamanda, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə birgə nəzarətlə əhatə olunacaq prosedurların siyahısına və mexanizminə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.  

Bu fakt onu göstərir ki, Gömrük Komitəsinin ləğvi nəinki gündəmdə deyil, əksinə, dövlət başçsı bu komitəyə əlavə tapşırıq verməklə, onun ləğvi haqda söz-söhbətlərə nöqtə qoyub. 

Göründüyü kimi, ölkə prezidenti andiçmə mərasimindən cəmi 2 gün sonra bir nazirlik və bir komitəni ləğv etməklə bərabər, bir çox yeni qurumlar yaratmaqla, kifayət qədər ciddi struktur islahatına imza atıb. Eyni zamanda, cəmiyyətə çox böyük islahat anonsunu verib.

Bu və ya digər məqamlarla bağlı Mia.az-a verilən məlumata görə, ölkə prezidenti İlham Əliyev bugünkü addımı andiçmə mərasimində verdiyi mesajlarından gözlənilirmiş. Düzdür, çoxları Prezidentin həmin mərasimdəki islahat mesajını, əslində, ənənəvi nəbz yoxlaması kimi dəyərləndirib, lakin proseslər göstərdi ki, o mesajlar böyük dalğanın ilk işartılardır: "Xatırlayırsınızsa, Prezident o mərasimində "Çox ciddi islahatlar aparacağıq" mesajını verdi. Ardınca yuxarıda qeyd edilən sərəncamlarda əksini tapan sahələr üzərində təhlil apardı, gələcək addımların vacibliyini qabartdı. Bundan, yəni andişmə mərasimdindən əvvəl isə Prezident Adminsitrasiyasının rəhbəri Ramiz Mehdiyev böyük məqalə yazıb, hansı sahələrdə hansı məzmunda islahatların aparılacağının istiqamətlərini açıb. Yəni bunlar göstərirdi ki, iqtidar artıq böyük islahat layihəsini çoxdan hazırlayıb, sadəcə həyata keçirmək üçün seçkinin bitmısini gözləyib. Və budur, andiçmədən cəmi iki gün sonra çox mühüm sahələrdə islahata başlandı. Bu sərəncamlarla prezident ölkəyə turist axınına, idxal-ixrac əməliyyatlarına, yəni bütövlükdə iqtisadiyyata və əqli əməyə nə qədər böyük əhəmiyyət verdiyini göstərdi. Yəqin bu, bütün məmurlar üçün də bir siqnal olacaq.

Eyni zamanda, prezident dünən imzaldığı sərəncamlarda diqqətçəkən bir əsas məqam da var.

Belə ki, dövlət başçısı Dövlət Gömrük Komitəsinə yeni vəzifələr verməklə, onun  rəhbəri Aydın Əliyevi "qaralayan dairələr”in də ümidlərini puça çıxardı. Bəli, İlham Əliyev göstərdi ki, hələ də Aydın Əliyevin rəhbərlik etdiyi Gömrük Komitəsinə ölkənin ehtiyacı var. Yəni bu komitənin ləğvi və ya hansısa bir quruma birləşdirilməsi günün mövzusu deyil".

Məlumatlı şəxs ləğv edilən komitə, nazirlik və agentliklərin rəhbərlərinin gələcəyi haqda da danışıb:

"Mən düşünmürəm ki, Prezident keçmiş  nazir Əbülfəs Qarayev, keçmiş komitə sədri Ramiz Həsənov və ləğv eidlən Müəllif Hüquqları Dövlət Agentliyinin keçmiş rəhbəri Kamran İmanovu işsiz qoyacaq. Hesab edirəm, onlar müvafiq olaraq yeni yaradılan qurumların rəhbərləri təyin olunacaq. Yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbərliyinə də dünənə qədər İqtisadiyyat Nazirliyində eyni xidmətə rəhbərlik etmiş şəxsin təyin ediləcəyini gözləniləndir. Digər sahələrə isə həqiqətən peşəkar kadrların gətiriləcəyini düşünürəm...".

Mənbə onu da bildirib ki, digər sahələrdə də islahatlar davam edəcək: "Prezidentin sürətli addımları göstərir ki, o, artıq bəzi məsələləri zamanın öhdəsinə buraxmaq niyyətində deyil. Əksinə, zamanı daha operativ dəyərləndirməklə, hətta qabaqlamaqla, bir çox sahələrdə böyük dəyişiklikləri davam etdirəcək. Bəli, artıq heç kim qarşıdakı həftə və aylarda da struktur və kadr islahatlarının davam edəcəyinə şübhə etmir. Əminəm, nazir və komitə sədrlərinə də artıq əvvəlki kimi dözümlü yanaşılmayacaq, onların bəziləri ilə bəribaşdan yollar ayrıla bilər. Lakin yenə deyirəm, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri arasında çox böyük dəyişikliklər olmasa da, rayon icra başçılarının yarıdan çoxu vəzifədən alınacaq".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR