TÜRKPA və Türk Şurası Prezident seçkilərini birgə müşahidə edəcək

img

06-04-2018 [13:18]


TÜRKPA Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkilərini müşahidə edəcəkdir.

Bu barədə TÜRKPA-nın mətbuat xidmətindən məlumat verilib.Missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü Berik Ospanov, Qırğız Respublikasının Jogorku Keneşinin üzvləri Duişon Torokulov və Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin deputatları Haluk İpek və Ceyhun İrgil daxildir.

Müşahidə proqramı çərçivəsində müşahidəçilər missiyasının Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşləri planlaşdırılır.

Səsvermə günü müşahidəçilər seçki prosesini yaxından izləmək məqsədi ilə Sumqayıt və Abşeronda bir sıra seçki məntəqələrini ziyarət edəcəklər.

Bundan əlavə TÜRKPA nümayəndə heyəti Türk Şurası Baş katibinin müavini Ömer Kocamanın başçılıq etdiyi və şuranın Katibliyinin ekspertləri və əməkdaşlarından ibarət Türk Şurası müşahidə missiyası ilə birgə seçkilərin müşahidəsini aparacaqdır. Türk Şurasının proqramına Şəki və Quba rayonlarına da ziyarət daxildir və bu çərçivədə hər iki tərəf səsvermə məntəqələrindəki vəziyyətə dair məlumat mübadiləsi aparacaq.

Aprel 11-də TÜRKPA parlamentarilərinin müşahidə fəaliyyəti ilə bağlı ilkin nəticələrin təqdimatı gözlənilir. Aprelin 12-də isə TÜRKPA və Türk Şurası müşahidə missiyası seçkilərin nəticələrinə dair birgə bəyanat təqdim edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR