Elmar Məmmədyarov Misirin yeni təyin olunmuş səfirini qəbul edib

img

02-04-2018 [15:35]


Xarici işlər naziri Elmar Məmmədyarov Misirin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimi qəbul edib.

XİN-dən Mia.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə ediblər və bu münasibətlərin daha da gücləndirilməsi üçün birgə səy göstərilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər Azərbaycan və Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Enerji sahəsində SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğu qeyd edilib və bu əməkdaşlığın böyük perspektivlərinin olduğu vurğulanıb.

Görüşdə həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Nazir beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əlaqələrin və qarşlılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd edib.

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək, BMT TŞ-nın münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsini diqqətə çatdırıb.

Səfir Adel İbrahim Ahmed İbrahim diplomatik fəaliyyəti müddətində tarixi dostluq əlaqələri ilə bağlı olan Azərbaycan və Misir arasında siyasi, iqtisadi, ticarət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR