40 il əvvəl, aprelin 1-i...

img

01-04-2018 [00:23]


Aqil Abbas, Millət vəkili

***

Bu gün ayın neçəsidir? Dünən ayın otuz biriydisə, demək bu gün ayın biri olmalıdır. Bir il də getdi ömürdən. İyirmi dörd yox, iyirmi beş!

Düz iyirmi beş il bundan əvvəl bugünkü gün kim isə qaçıb atasını muştuluqlayıb ki, gözün aydın, oğlun olub. Sonra da yığışmışdılar ad qoymağa, hərə bir ad demişdi. Ana nənəsi (babaları artıq...) iki ayağını bir başmağa dirəmişdi ki, uşağın adını Məşədi Cəfərqulu qoyun. Rəhmətlik Məşədi Cəfərqulu yaxşı kişi olmuşdu, yaxşı da mərsiyə deyərdi, nənəsi atasının adını yaşatmaq istəyirdi.

Ata nənəsi də daş atıb başını tutmuşdu ki, uşağın adını Muzdur Əliş qoymasanız, mən bir də bu evə ayağımı basmaram. O Muzdur Əliş ki, qarının dayısıydı, kənddə də ilk bolşevik olmuşdu, başına and içirdilər. Və o ətrafda heç bir özündən deyən kişi - Məşədi Cəfərqulu da onların içində olmağınan - sözünün qabağına söz çıxara bilməmişdi.

Amma atası uşağın adını nə Muzdur Əliş qoymuşdu, nə də Məşədi Cəfərqulu - uşaq da uzun müddət adsız qalmışdı.

Deməli, bu gün iyirmi beş yaşı tamam olur - çox gözəl!

Mehdi Hüseynzadə iyirmi dörd...

Dobrolyubov iyirmi beş...

Şirəli Müslümov yüz altmış yeddi...

Heç vaxt ad günü keçirməmişdi və elə yaxşı da eləmişdi! Ad günündə yığışırlar bir yerə, gözəl-gözəl sağlıqlar deyirlər. Sonra düz bir il - növbəti ad günü gələnədək - həmin gözəl sağlıqları unudurlar, ya da eynən həmin sağlıqları başqa ad günlərində deyirlər.

İndiyədək heç kəs onu ad günü münasibətilə təbrik etməmişdi. Əslində, heç o da hardansa və ya kimdənsə təbrik gözləməmişdi, gözləmirdi də.

Yox, yox, ata-anası onu yaddan çıxarmamışdı. Əsla! Amma məsələ onda idi ki, kənddə ad günü dəb deyildi. Həm də bir yox, iki yox, evdə düz səkkiz uşaq vardı. Ata-ana necə yadında saxlayaydı ki, kim hansı ayın hansı günündə anadan olub. Axı bir də bunun nə dəxli ki, insan hansı ayın hansı günündə və harda anadan olub? Ən vacibi odur ki, anadan olub, vəssalam.

Evdən yapışmışdılar ki, bir qəşəng qız tap - guya itirmişdi - evlən.

Amma hələ evlənmək haqqında fikirləşmirdi. Onun zənnincə, evlənmək həyatda bəlkə də (və bəlkə də elə bəlkəsiz) ən çətin bir problem idi.

Bu çətin problemi həll etmək isə hələlik onun imkan hüdudlarından kənardaydı. Ona görə də nəinki evlənməyə, heç evlənmək haqqında bir əsaslı fikirləşməyə də meyl göstərmirdi. Çünki hələ tez idi və qarşısında öncə daha vacib məsələlər dururdu. Bir də ki, bu barədə özünün çox qəribə baxışları vardı. Bu çox qəribə baxışlardan biri o idi ki, özü heç bir tanınmış nəsildən olmadığı üçün - heç bir tarixçi, heç bir tarixi kitabda onların nəsilləri haqqında bircə kəlmə də danışmamışdı - onun nəslindən də nə Məhəmməd peyğəmbər çıxacaq, nə Eynşteyn.

Bu gün ayın biridir, sabah ikisi, o biri gün üçü, sonra dördü, sonra... Sonra yenə biri!!!

Nədənsə hər dəfə ayın biri gələndə özünü çox pis hiss edirdi.

Bu gün otaqdan çıxanda ev sahibi ona baxacaqdı; o da bu baxışlardan oxuyacaqdı ki, ev kirayəsinin vaxtıdır. Maaş isə hələ sabah olacaq.

Maaşın haçan verilməsinin onun üçün əhəmiyyəti olsa da, ev sahibinə heç bir dəxli yox idi.

Gərək həyətdən elə ustalıqla çıxa ki, ev sahibiylə rastlaşmaya.

Düzdür, kirayəni iki gün, lap üç gün gecikdirsə də ev sahibi danışan adam deyil. Amma özü utanırdı. Bu səmimi, mehriban adam hər dəfə ev kirayəsini alanda qızarırdı, pulu ondan utana-utana götürürdü, hətta deyirdi də:

- Qonşu, yoxundu, qalsın.

Onun ürəyindən keçirdi ki, verməsin, amma:

- Yox, almasaz, inciyərəm.

Əslində isə inciyib eləməzdi, əksinə, çox şad olardı. Ev sahibi də onun xətrini çox istədiyindən razı olmazdı ki, incisin və pulu alardı.

Bəzən fikirləşirdi ki, tutalım bu gün-sabah ev aldı, bəs sonra necə edəcək, kirə pullarını kimə verəcək. Demək, özünün evi olsa, kirə pulu da özünə qalır və maaşı həmin pulun miqdarı qədər artır. Onsuz da maaşla yaşamağa öyrənmişdi, axırıncı manatını maaşdan bir gün əvvəl xərcləyərdi. Neçə dəfə istəmişdi bu vərdişi dəyişsin, maaş gününə pul saxlasın, bacarmamışdı. Və bu gün də o, sonuncu manatını redaksiyanın bufetində qoyacaqdı.

Axı, bu gün başqa günlərdən fərqlənməliydi, iyirmi beş yaşı tamam olurdu.

Səhər həmişəkitək açılmışdı. Radio da öz tanış proqramı əsasında verilişlərə başlamışdı. Yenə soyuducudakı pendir onu gözləyirdi.

Pəncərənin pərdəsini qaldırıb ehtiyatla həyətə boylandı: Vəlinin arvadı deyinə-deyinə paltar yuyurdu. Arvadının hər səhər bir bəhanə tapıb deyinməsinə öyrənmiş Vəlinin isə elə bil dünya vecinə deyildi.

Oturmuşdu qapının kandarında "Avrora"sını tüstülədirdi, ev sahibi isə xoşbəxtlikdən həyətdə görünmürdü.

Otaqdan çıxdı.

Vəli onu görən kimi göz vurdu və gülümsədi. O da borclu qalmadı-Vəliyə göz vurdu ki, işində ol.

Ev sahibi indicə həyətdə görünə bilərdi. Tələsdi. Fikri qalmışdı arxada, ev sahibi hər dəqiqə onu səsləyə bilərdi. Bu da həyətin qapısı.

Birdən o bədbəxt hadisə baş verdi.

- Qonşu, sabahın xeyir.

Dayandı və fikirləşdi ki, heç belə xeyirdən olmaz. Geri çevrildi, gördü ev sahibinin kefi kökdür.

- Sabahınız xeyir.

- Qonşu, pulunuz düşüb, götürün.

Bu gün aprelin biri olduğunu çox yaxşı bilirdi. Onu da bilirdi ki, pulu heç cürə düşə bilməz - bir şey ki, adamın cibində olmaya, onu necə yerə salıb itirmək olar?! Bircə manatı vardı və o bircə manatı elə yerə qoymamışdı ki, itirə biləydi.

İndi qayıdıb desəydi ki, bu gün aprelin biridir - bu söz ev sahibinin pərt olması üçün kifayət idi. Bu dəqiqə ev sahibini pərt etmək onun əlində su içmək kimi asandı, amma bu pərtliyin altından çıxmaq...

Ürəyindən keçənləri demədi, ev sahibinin könlünü xoş eləmək üçün əyildi, ora-bura baxdı və soruşdu:

- Hanı?

- Qonşu, bu gün pervi apreldi! - dedi və qəhqəhə çəkdi.

Aprelin biri olduğunu indicə bilirmiş kimi, əlini vurdu alnına və o da başladı gülməyə - ev sahibinin növbəti sözünü gözləmədən gülə-gülə də həyətdən çıxdı.

Bu gülüş məcbur elədi ki, adətinə xilaf olaraq bir siqaret yandırsın.

Siqareti yandırdı da.

"Ən xoşbəxt adam”

povestindən

1978-ci il


P.S. Kirayə, cibdə pul yox, amma Ağdam vardı, Şuşa vardı, Kəlbəcər vardı, Sarıbaba vardı! Nə xoşbəxt imişəm bir zaman Allah!

Hələ ömrümüzün nə yazı olub,

Hələ bu dünyada nə yaşamışıq.

Bizim payımıza çatası olub

Təsəlli bir qaşıq, ümid bir qaşıq.


Demə ki, ömrümüz keçdi yarıdan,

Biz yenə ümidli günlər yarıyıq.

Biz ki gələcəyə inam sarıdan

Dünyanın ən xoşbəxt adamlarıyıq!..

Şeirdə bir sözü dəyişdiyimə görə Məmməd Arazın ruhundan üzr istəyirəm.

adelet.az



Digər xəbərlər
SON XƏBƏRLƏR