"Ümid edirəm ki, bu il Dağlıq Qarabağ münaqişəsi, nəhayət, həllini tapacaq" - Prezidentin köməkçisi

img

17-03-2018 [16:36]


KİVDF-nin Novruz bayramı münasibətilə keçirdiyi mərasimdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov çıxış edib.

Mia.az-ınTrend-ə istinadən məlumatına görə, Əli Həsənov deyib ki, Azərbaycanın qələm sahibləri vasitəsilə ölkəmizin reallıqları dünyaya çatdılır: "Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir. Jurnalistlər arasında özümü çox güclü hesab edirəm. Qələm sahibləri olan yerdə dövlətin, millətin problemləri lazımi dairələrə çatdırılır, onlar vasitəsilə biz həm öz cəmiyyətimiz, həm də xarici aləmlə ünsiyyətə giririk”.

Ə.Həsənov əlavə edib ki, 2017-ci il dövlətimizin inkişafında uğurlu il olub. Dövlətin inkişafı, sosial layihələr və nəzərdə tutulan digər layihələr uğurla icra edilir: "Bu barədə Prezident də Nazirlər Kabinetinin toplantılarında məlumat verib. 2018-ci ildə də bizi mühüm hadisələr gözləyir. Bunların arasında ən mühümü aprelin 11-də keçiriləcək prezident seçkiləridir. Bu seçkilərə artıq start verilib. Bu ayın 20-dən başlayaraq aprelin 10-na qədər seçkiqabağı təbliğat dövrü olacaq. Əminəm ki, sizlər bu təbliğata hazırsınız. Bu təbliğatın böyük hissəsi məhz KİV-lərin üzərinə düşəcək. Siz qarşıdan gələn prezident seçkilərində həm vətəndaş kimi seçkilərdə iştirak edərək namizədlərə öz münasibətini bildirəcək, həm də bilavasitə seçkiləri işıqlandıracaqsınız”.

PA rəsmisi qeyd edib ki, bu il ölkədə həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər keçiriləcək: "Düşünürəm ki, 2018-ci il həm məhsuldar, həm də sizin fəaliyyətiniz üçün kifayət qədər meydanın mövcud olduğu bir il olacaq”.

Ə.Həsənov deyib ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu media siyasəti bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

O bildirib ki, Azərbaycan 2018-ci ili də uğurla başa vuracaq: "Ümid edirəm ki, bu il Azərbaycanın mühüm, hələ də həll edilməyən problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəhayət öz həllini tapacaq, işğal altında olan torpaqlarımız azad olunacaq və öz evlərinə qayıtmağı səbirsizliklə gözləyən qaçqın və məcburi köçkünlər doğma yurdlarına dönəcəklər".

Digər xəbərlər
SON XƏBƏRLƏR