Şriftin ölçüsü / 354 dəfə oxunub

Mübarizə də qəhrəman deyirik, efirdə arvadını axtaranlara da...

16 Mart 2018 [15:57]
Seymur VERDİZADƏ

***

Həftədə ən azı üç-dörd televiziya verilişində qonaq oluram. Zəhlətökən çəkilişlər adamı bezdirsə də, cəmiyyəti maarifləndirməyi özümə borc bilirəm. Bir dəfə də demişəm: mən, mənim kimi jurnalistlər efirdən imtina edəndə, bizim yerimizə Rəksanəni çağırırlar. Hansı ki, mənim və həmkarlarımın xalqa deməyə Rəksanədən daha çox sözü var. Odur ki, heç bir təklifdən imtina etmirəm...

Dünən redaksiyada kompüterin qarşısında əyləşib, ölkədə və dünyada baş verən yenilikləri nəzərdən keçirəndə, tanış nömrədən telefonuma zəng gəldi. Məşhur "yes” düyməsini basanda, özəl telekanallardan birində çalışan prodüser xanımın məlahətli səsi qulağımı sevindirdi: "Müəllim, sabah 3-də bizim televiziyada ola bilərsiniz?”

Adətimə xilaf çıxmayıb, dərhal soruşdum: "Mövzu nədir?”

Gülçin xanım tələsik izahat verdi: "Ailədaxili münaqişələri müzakirə edəcəyik”.

Həmin vaxt beynimdən keçən ilk fikir bu oldu: "Bəzi kişilər son vaxtlar lap ağ eləyiblər. Onlara yerlərini göstərmək lazımdır”.

Prodüser xanımı çox gözlətmədim: "Sabah 3-ə 10 dəqiqə qalmış studiyada olacağam”.

Dəqiq adam olduğum üçün razılaşdığımız vaxtdan on beş dəqiqə əvvəl özümü çəkiliş meydançasına çatdırdım. Əvvəlcə aktyor dostum olan qocaman xalq artisti ilə, sonra isə özündən başqa heç kimə xeyri dəyməyən psixoloq xanımla görüşüb, yerimdə əyləşdim. Ekspertlərlə üzbəüz üç kişi oturmuşdu. Boy-buxunda, əzəmətdə heç biri Koroğludan geri qalmırdı. Jurnalist marağı güc gəldiyi üçün prodüserdən onların kim olduğunu soruşdum. Gülçin xanım bir qədər həvəssiz cavab verdi: "Onlar bizim qəhrəmanlarımızdır”.

Bu boy-buxunun, bu əzəmətin sahibi ancaq qəhrəman ola bilər. Qəlbim qürur hissi ilə doldu, fərəhləndim. Ürəyimdə dedim ki, bu oğullar bir gün nankor ermənilərin burnunu ovacaqlar. Hətta öz-özümə təsəlli də verdim: "O gün uzaqda deyil!”

Maraq bir saniyə belə məni tərk etmirdi. Gülçin xanım növbəti dəfə bizə yaxınlaşanda, ondan soruşdum: "Bu yoldaşlar Aprel döyüşlərində qəhrəmanlıq göstəriblər? Hərəsi neçə erməni öldürüb?

Qız təəccüblə üzümə baxıb, belə dedi: "Yox, müəllim. Bunlar verilişin qəhrəmanlarıdır. Hər üçünün həyat yoldaşı evi tərk edib. Arvadlarını axtarmağa gəliblər”.

Həmin gün necə pərt oldumsa, ilk yarım saat ərzində ağzımı açıb, bir kəlmə danışa bilmədim...

P.S. Axşam evə qayıdanda 6-cı sinif şagirdi olan qızım başımın üstünü kəsdirdi: "Ata, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında inşa yazmışam. Oxuyum, qulaq as”.

P.P.S. Qəhrəmanlıq müqəddəs anlayışdır. Bu anlayışı hər yoldan ötənə şamil etmək olmaz. Hər kəsi öz adı ilə çağırmaq lazımdır. Qəhrəmana qəhrəman, binamusa isə binamus deməyi bacarmalıyıq...

Missiya.az

 


Digər Xəbərlər

SON XƏBƏRLƏR