Bayramqabağı bazarlarda "od tutub yanan" qiymətlər - Qoz 32, püstə 30 manat...

img

15-03-2018 [14:46]


Novruz bayramının gəlişinə sayılı günlər qalıb. Bayramda süfrələrimizin bəzəyi isə ləpələr, çərəzlərdir. Bu bayramda ləpə və çərəzlərin qiyməti necə olacaq?

Novruzun simvolları olan şəkərbura-paxlavanın bişirilməsi üçün də ləpələr vacibdir. Təbii ki, Novruz bayramında ləpələrə olan tələbat qiymətlərə də təsir edib.

Mia.az Baku.ws-ə istinadən xəbər verir ki, "Yaşıl Bazar"da təmizlənmiş fındıq ləpəsinin qiyməti 13-15 manatdan başlayır. Qoz ləpəsinin qiyməti isə 13-32 manat arasında dəyişir. Badam 20-22, şabalıd 9-13, püstə 18-30 manatdır. Təmizlənməmiş çərəzlərin qiyməti isə 7 manatdan başlayır. Qiymətlər keyfiyyətinə görə dəyişir. Satıcıların sözlərinə görə, satdıqları ləpələr əsasən Zaqatala, Şəki, Ordubad və Ukraynadan gətirilir.

Satıcılarla söhbət zamanı məlum oldu ki, keçən ilə nisbətən qiymətlərdə 3-5 manat artım müşahidə olunur. Bahalaşma alıcıların sayına da təsir edib. Bazarda əvvəlki illərlə müqayisədə alıcılar azalıb.

Bayram bazarlığı üçün bazara yox marketə üz tutanlar isə uduzmayacaq. Bakının bəzi marketlərində fındığın kilosu 7 manatdan, qozun 8, şabalıdın isə 7 manatdan başlayır. Oxucularımızın nəzərinə çatdıraq ki, bazarın marketlərdən üstünlüyü müştəri ilə satıcının arasında qiymətə görə danışıq aparmağın mümkün olmasıdır. Belə ki, bazarda alacağınız məhsulun qiymətinə görə satıcı ilə razılaşmaq mümkündür. Bazardan fərqli olaraq supermarketlərdə bu kimi hallar mövcud deyil.



Digər xəbərlər
SON XƏBƏRLƏR