Şriftin ölçüsü / 351 dəfə oxunub

Prokuror mətbuat katibinin oğluna 8 il həbs cəzası istədi - Proses

15 Mart 2018 [13:33]
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu, 1998-ci il təvəllüdlü Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən A.Rəhimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra zərərçəkmişlərin və təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün məhkəmədən onlara vaxt verməsini xahiş ediblər. 

Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.

Qeyd edək ki, ötən ilin sentyabrın 7-də, saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi "Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus "Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi "Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, qəzanın səbəbkarı olan A.Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin (Rəhimov) oğludur. Hadisə A.Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib. Məhkəmədə Q.Arif iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.


SON XƏBƏRLƏR