Şriftin ölçüsü / 418 dəfə oxunub

Sədaqət kəməri

12 Mart 2018 [11:08]

Məhəmməd Talıblı, iqtisadçı ekspert

Qədim mifologiyaya görə, IX əsrdə səlib yürüşünə çıxan öz qadının belinə "sədaqət kəməri” bağlayıb onun açarını onun boynundan asırmış. Məhz bu prosedurdan sonra arvadının ona xəyanət etməyəcəyinə əmin olub səfərə çıxarmış. Yeddi əsrlik yol gələn "sədaqət kəməri” XVI əsrdə maddiləşmiş forma aldı. Həmin kəmər hazırda İtalyanın muzeylərindən birində saxlanılır.

Əslində insanın müqəddəs dəyəri ifadə edən sədaqət simvolu təkcə muzey eksponatı olmalı deyil. Yaşantı olmalıdır. Düzdür, orada sədaqət intim münasibəti ifadə edən bağlılığı özündə ehtiva edir. Lakin, sədaqət bütün mənalarda şüurlu bağlılığa əsaslanırsa, buna güvənməyə doğrudan da dəyər. Sədaqət kor-koranə inam, tərsliyinə salıb bir yolu ömürlük yürümək öhdəliyi də olmalı deyil. Harada qırılacaqsa, orada dayanacsan. Harada dəyərlər dəyişəcəksə, orada qərarına yenidən baxacaqsan. Amma kiminsə acığına və ya konfortuna görə həyatını oda atmalısan ki, bunun "platonik sevgi” (Platonun konsepsiyası) olduğuna hamını inandırasan? Ölməlisən ki, qəhrəman desinlər? Lakin qəhrəmanlıq lazım olan yerdə də ölümü bəhanə etməli deyilsən.

Uzun illərdir bir siyasi cinahda təmsil olunanların yol gəldiyini diqqətlə təhlil edirəm. Yolun başında olanların bəzən başarsız olduqlarını, bəzən konyukturaya xidmət etdiklərini sezmək olur. Amma həmin siyasi çevrədə minlərlə saf və səmimi vətəndaşları özünə inandırmış bəzi liderciklərin davranışları məyusluq doğrur. Bəzi vətəndaşlarımız da siyasi liderlərlə ömürlük əhdi-peyman bağlaması kimi görünmələri onlarda daha çox siyasi fanatizmi möhkəmləndirir, nəinki siyasi sədaqəti ifadə edir. Bir papqası, bir də sədri olan partiyaya insan niyə bağlansın ki? Xalqın sözünü deyəcək qədər cəsarəti, siyasi fəhmi və intelekti olmayan liderə insan niyə ümid etsin ki? Burada heç bir siyasi sədaqətdən söhbət getmir. Şəxsi simpatiyaya görə siyasi sədaqət olar? Siyasi sədaqət eyni dəyərlərin seçimi, qərarların qəbulolunma legitimliyi və praktiki tərəflərin bölüşmək məsuliyyətini (mədəniyyətini) özündə ehtiva etməlidir. Bu mənada korafəhim bağlılığın və fanatikcəsinə itaətkarlığın sədaqət anlayışı ilə heç bir əlaqəsi olmadığını düşünürəm.

DAR ÇEVRƏNİN "PİR” QƏLƏBƏSİ və MÜNAFİQLİK

Əslində heç bir siyasi sistemlə əhdi-peyman bağlamaq müasirləşən və kreativ insan obrazının amalı ola bilməz. Yeniliyə can atan və təkmilləşmənin sonsuz proses olduğuna inanan insan həqiqəti siyasətin bir rəngində yox, çalarlarında axtarmalı olur. Siyasi baxımdan bağlı olduğu siyasi çevrənin maraqları və ona qazandıra biləcəyi faydalar haqqında çox da dərindən düşünə bilmir. Çünki, siyasi seçimini və bu dəyərləin qalib gəlməsi iddiasını vətənə və millətə xidmət forması sayır. Lakin bəzən isə onun səmimiyyət payını oğurlayanlar həmin kərpiclərlə özlərinə bahalı karyera nərdivanı düzəldir. Belə situasiya "sədaqət kəmərindən” imtinanı cəsarətlə ifadə etməyə imkan verən haldır.

Zəmanənin dəyişən şərtlərinə uyğunlaşmanın zərurliliyi siyasiləri yeni axtarışlara və yeni birliklərə inteqrasiya etmələrinə imkan yaratmalıdır. Bəzi yalnış seçimlə bağlı "siyasi nigahlar” insanları inkişafdan saxlayan amilə çevrir. Siyasi sədaqət kor-koranə itaətkarlıq forması almağa başlayıb. Gerçək siyasi sədaqət rasional qərarvermə imkanı və onun elan edilən prisiplərə nə dərəcədə uyğunluğu ilə ölçülməlidir. Mən Azərbaycanda nə qədər istedadlı insan tanıyıram ki, hansısa dar siyasi maraq daşıyıcısı olan çevrələrdə istedadlarını məhv edir, özlərini "yandırırlar”. Özləri də şəxsi həyatlarından məmnun deyillər. Daha əvvəlki kimi həvəslə yazmırlar və oxumurlar. Mövcud şərtlər onların potensialını buxovlayır, şəxsiyyət kimliklərini əlindən alaraq onları ruhsuz varlığa çevrib. Sanki ümidsiz bir texnokratik robot şəklin alıblar. Rəsmi televiziyalarda hafiz hacıyevin savadlı formasıkimi çıxış edirlər, beynəlxalq tədbirlərdə mötədil və balanslı mütəxəssis obrazına girməyə çalışırlar, müxalif mediada isə demokrat libası geymiş əzabkeş kimi görünməyə can atırlar. Bu cür elastiklik onları təbii halından çıxarır. Süni və dəyişən obrazları onları rahat buraxmır. Maskalanmış davranış hər addımında belələrinə əzab verməlidir. Əgər etdiklərinin fərqindədirsə... Ən əsası odur ki, özü də bilir ki, özü deyil. Bəlkə bu yazıqların heç Qurani-Kərimin "Münafiqlər” sürəsindən xəbərləri də yoxdur.

Bəşər övladı səhv etməyin ona xas olduğunu bildiyi halda siyasi liderlərin bütün səhvlərinə dözür. Onun səhvdən xali olmadığını anladığı və gördüyü halda cəhənnəmin odunda özünü yandırmaqda davam edir. Amma həqiqətin açıq simasına üzünü çevirmir. Bütləşdirdiyi lideri daha çox əziz tutur, nəinki liderin də çətəri altına sığındığı ideologiyanı. Onun düşüncəsində bir lider axtarışı var. Bütləşdirdiyi liderin yalnışlıqlarının üstündən keçmək kimi az qala mənəvi öhdəliyin də çiyninə götürür. Amma liderinə yalnışları deyəcək qədər özündə cəsarət hissini görmür. Məhəmməd peyğəmbərin ibrətamiz bir fikri var: "Kim ki, peyğəmbərlərə inanırdı, onlar ölüb getdi. Kim ki, Allaha inanırdı, o, sağ-salamat və yerindədir.”

ŞƏXSLƏR YOX, İDEOLOGİYALAR!

Sədaqət liderə olmalı deyil, ideologiyaya olmalıdır. Liderlərin hər zaman səhv etmək ehtimalları var. Sənin isə onun hər zaman yalanlarını doğru yozmaq öhdəliyin isə olmamalıdır. Onun səhvlərini deyə biləcək cəsarətin və özünəhörmətin olmalıdır. Sən onun davranışlarına hər zaman şübhəçi(skeptik) nəzərlərlə baxmalı deyilsən. Lakin, səhvlərini görə biləcək düşüncəni gözardı etməməlisən. Onun səhv etmə ehtimalına qapıları birdəfəlik bağladınsa, həmin zamandan fanatizm mərhələsinə daxil olursan. Çünki, ən böyük səhvi o kəs edir ki, heç səhv etmir, - deməli o, yeniliyə can atmır.

Dəyərlər sistemi və dəyişməz prinsiplər varsa, bu kifayət edir. O zaman insanlar onun qələbəsini hətta bir ömür boyu da görməyə bilərlər. Amma ondan usanmayacaqlar. Ona arxa çevirməyəcəklər. Zamana ehtiyacı olan ideologiya olduğunu anladığı üçün onun qələbəsinə qədər bütün acıları udub ləyaqətlə o günlərə kimi səbr edəcəklər. Yalançı küyə və asan qələbəyə səslədiyin kütlə isə səndən hər zaman qələbə təşnəsi üçün yorulduqlarını və X (iks) günü ilə bağlı hesab soracaqlar. İnsanlar cəmiyyətin hazırlanmasına və həmin ideyalar sisteminin aparıcı ideologiyaya çevrilməsi üçün edilən cəhdlərini belə bir insan ömrünə kifayət etməməsini də mümkün saymalıdırlar. Bu zaman belə onu tərk etmək ağlından keçməyəcək. Sadəcə ona hələlik özünün bəhrəsini verməyən bir ideoloji ağac kimi dərk edərək səbr edəcək. Onun formalaşma və məhsul verən dövrləri olduğunu anlayaraq təmkinli davranacaq. Sənin bir bağban olaraq hövsələsizliyin və ömrünün kifayət etməməsi səbəbindən meyvəni kal dərməyin də məqbul deyil. Sənin bu qeyri-peşəkarlığın yaxınlarının gözündə həmin ağacın bar verməyən ağac kimi tanınmasına şərait yarada bilər. Bu mərhələ insandan böyük olmağı və sanballı davranışı tələb edir.

Siyasi sədaqət ideologiyaya olmalıdır. Gəldi-gedər insanlar sənin ideologiyan deyil. Sənin sadaqətin insanların kollektiv şəkildə formalaşdırdıqları ideologiyalara olmalıdır. Yalnız mütərəqqi və doğub-doğulan sistemlərdə "sədaqət kəməri” bir qrup insanların və ya liderlərin deyil, insanlığın və ona xidmət edən ideologiyanın belinə bağlanmalıdır. Onda sən heç zaman məyus olmayacaqsan!




SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...