Erməni KİV-lərində yayılan “bəyanat” barədə açıqlama

img

08-03-2018 [00:27]


Erməni mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qanunsuz separatçı rejimin agentlərinin təşəbbüsü ilə dırnaqarası "bəyanatın” ATƏT-də "rəsmi sənəd" kimi yayılması ilə bağlı çıxan iddialara cavab olaraq Azərbaycan Respublikasının ATƏT-dəki Daimi Nümayəndəliyi açıqlama yayıb.

Mia.az-ın apa-ya istinadən məlumatına görə, ATƏT çərçivəsində müəyyən olunmuş təcrübəyə uyğun olaraq, Təşkilat Katibliyi hər hansı bir iştirakçı ölkənin tələbi ilə həmin Dövlətdən alınan hər hansı bir sənədin məzmununu dəyişdirmədən yayır.

"Azərbaycan Respublikasının ATƏT-dəki nümayəndə heyəti Helsinki Yekun Aktında və ATƏT sənəd və qərarlarında yer alan ATƏT prinsiplərinə və öhdəliklərinə zidd olaraq güc yolu ilə işğal edilən və kütləvi şəkildə etnik təmizləməyə məruz qoyulan əraziləri nəzərdə tutaraq öz işğalçı səyləri üçün Ermənistanın ATƏT-in sənədləşmə idarəsindən sui-istifadə etməsinin qəbul edilməzliyi məsələsini bir neçə dəfə Təşkilatın Katibliyi və Baş katibi qarşısında qaldırıb. ATƏT katibliyi Baş katiblə danışıqların nəticəsi olaraq iştirakçı dövlətlər arasında yayılması üçün qəbul edilmiş sənədlərin məzmununa görə təşkilatın məsuliyyət daşımadığı barədə rəsmi siyasətini təkrar bəyan edən verbal nota yayıb. Məzmun üçün yeganə məsuliyyəti sənədin yayılmasını tələb edən iştirakçı ölkə daşıyır. ATƏT bir hökumətlərarası təşkilat olaraq konsensus əsaslı qərarları icra edir və bütün 57 iştirakçı dövlətin kollektiv iradəsini həyata keçirir”, açıqlamada deyilir.

Sənəddə həmçinin bildirilib ki, yalnız konsensus sənədləri Təşkilatın mövqeyini əks etdirir: "Nəticə etibarı ilə, yuxarıda qeyd edilən "bəyanatın” yayılması məna kəsb etmir və ATƏT-in müvafiq sənədlərində öz əksini tapmış Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT-in mövqeyinə və 1990-cı illərin əvvəllərindən konsensus əsasında qəbul olunmuş bütün daxili və ya xarici sərhədlərin toxunulmazlığına hörmət edən və Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi kimi birmənalı şəkildə tanınmasını əks etdirən sənədlər və qərarlar üzərində heç bir təsirə malik deyil”.


Digər xəbərlər
SON XƏBƏRLƏR