Abşeron möcüzəsi

img

05-03-2018 [10:24]


Hümbət Quliyev,

Publisist-yazar

***

İş otağım binanın gün tutmayan tərəfində yerləşir. Günəş sevən bir insan olduğumdan bu fakt məni həmişə pərişan edib.

Rəssam dostum İntiqamın emalatxanasında yağlı boya ilə çəkilmiş günəşli, dəniz mənzərəli tablo görəndə sevindim. İş otağım üçün günəş tapmışdım!

Masamın önündəki divara həmin rəsmi asanda otağıma günəşli bir pəncərə açıldı.

Şəkli təsvir edirəm: parlaq günəşli bir gün, Xəzərin sahilində alçaq hasarlı, birmərtəbəli, çox da böyük olmayan Abşeron bağ evi. Həyətdə daşdan hörülmüş balaca hovuz və sarı qum üzərində yerə sərilmiş meynələr – üzüm tənəkləri. Bir sözlə, Sovet dövrünün tipik bağ evi.

Uşaqlığım Corat və Novxanı bağlarında keçdi­yindən, şəkil mənə çox doğma idi.

Şəklə baxanda adətən günəşə sevinən dənizə baxırdım. Bir gün şəkildəki üzüm kollarından biri diqqətimi çəkdi. Elə bil, yarpaqların birinin altında ağ üzüm dənəsi görünürdü. Otaqda tək idim. Durub şəklə yaxınlaşdım. Yanılmamışdım, ağ şanı üzümün dənəsi idi. Abşeron camaatı meynələri sulamazdı, kökləri dərinliklərdə nə su tapsaydı, onu da içərdi. Salxımın dənələrini bir tərəfdən günəşin, digər tərəfdən üstündə olduğu qumun istisi bişirib yetişdirərdi. Su bütün dənələrə çatmadığından salxımda dənələr çox olmazdı. Amma olanlar şipşirin və əsrarəngiz dadda olurdu. Babalarımız belə dənələrə "gilə” deyərdilər.

Şəkildə gördüyüm üzüm giləsi çox canlı görü­nürdü. Ürəyimdə dostum İntiqamın ustalığına əhsən dedim. Qeyri-ixtiyari olaraq, barmaqlarımı giləyə uzatdım. İnanılmaz idi. Barmaqlarımın ucu ilə gilənin həqiqi olduğunu hiss etdim. Duruxdum. Əlimi çəkdim. Bu, mümkünsüz idi. Bu ki rəsm əsəridir?!

Bundan sonra yazacaqlarımı oxumaya bilərsiniz. Onsuz da inanmayacaqsınız. Sadəcə, oxumağı davam edənlər üçün yazıram. İkinci cəhddə mən o giləni dərdim. Dərəndə hətta gilənin müqavimətini də hiss etdim. Tam yetişmiş giləni instinktiv olaraq ağzıma qoydum. Giləni dişlərimlə sıxan kimi ağzıma tökülən şirə dad partlayışı effektini verdi, nəinki ağzım, bütün bədənim sözlə ifadə oluna bilməyən bir şirinliyə qərq oldu. İxtiyarsız gözlərim yumuldu. Ömrümdə ilk dəfə Cənnət meyvələrinin necə ola biləcəyini tam varlığımla duydum. Zaman mənim üçün dayanmışdı. O da bu anı mənimlə bölüşmək istəyirdi! Nə qədər vaxt keçdiyini deyə bilməyəcəyəm, amma yavaş-yavaş özümə gəldim. 

Qayıdıb kresloda oturdum. Beynim şəkərin təsirindən eyforiyada olsa da, saat kimi işləyirdi. Fikirlərim heç vaxt olmadığı qədər aydın idi. Başa düşürdüm ki, olanları heç kimə danışa bilməyəcəyəm. Bəlkə, İntiqama zəng vurum? Ona nə deyim? Deyim ki, əziz dostum, şəkildəki günəşi, meynələri, qumu elə real çəkmisən ki, əsərdəki meynə bar gətirib? Əlavə edim ki, amma yeganə sübut ola biləcək və cəmi bir dənə olan şanı giləsini də yemişəm? İnanmaz, zarafat sayar.

Gilənin dadı hələ ağzımda idi. Ağzımı bərk marçıldatdım. Yuxuda olsaydım, marçıltının səsindən, mütləq, ayılardım. Yox, bu, yuxu deyildi!

Son qərarım bu oldu ki, olanları yazıb FB-yə qoyum.

İndi şəklə baxanda dənizdən çox üzüm tənəklərinə baxıram. Ümidliyəm!

Birlik.az



Digər xəbərlər
SON XƏBƏRLƏR