Cahangir Hacıyevin səhhəti pisləşib

img

28-02-2018 [16:11]


"Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində səhhəti pisləşib.

Bu haqda C. Hacıyevin vəkili Aqil Layıcov bildirib. Vəkil bildirib ki, müvəkkili artıq sərbəst hərəkət də edə bilmir: "Ötən həftə ailəsi ilə telefonla danışıb və bildirib ki, sərbəst hərəkət edə bilmir. Onun ürəyində ciddi problem yaranıb. Onun ürəyində Haşimato sindromo xəstəliyi aşkarlanıb. C. Hacıyev bir - neçə dəfə anidən kliniki ölüm kimi hallar keçirir, ürək qısamüddətli dayanır. Bu da çox təhlükəlidir".

Vəkil bildirib ki, o məsələ ilə bağlı Ədliyyə Nazirliyinə, Penitensiar Xidmət və Ombudsman Aparatına müraciət edib:

"Müraciət etmişik ki, ya Cahangir Hacıyevi müayinə etmək üçün kənardan həkim-kardioloq gətirilsin, ya da müalicə müəssisəsinə köçürülsün".

A. Layicov bildirib ki, hələ ki C. Hacıyevlə görüşə bilməyib. İttihama görə, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sədri C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, "İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunublar.

C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə görə, C.Hacıyevdən 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək. Hökmə əsasən, digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla A.Sultanov 7 il 6 ay şərti, İ.Abdullayev 6 il 6 ay şərti, K.Orucov 7 il 23 gün şərti, M.Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Y.Ələkbərov 8 il 6 ay, İ.Hüseynov 8 il, A.Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum ediliblər.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR