AFFA-nın keçmiş prezidentinin bacısı və yeznəsi qətlə yetirildi, sonra evdə yandırıldı - Tovuzda faciə

img

24-02-2018 [11:53]


Tovuzda baş vermiş yanğında iki nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, Tovuz rayonunda ümumi sahəsi 320 m2 olan ikimərtəbəli 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı 4 m2 sahədə və digər otaqda divan qismən yanıb. 

Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının qismən yanmış cəsədləri aşkar olunub. 

Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

**** 

Tovuz rayonunda baş verən yanğında ölən ər-arvad Pakizə Mirzəyeva və Fərman Məmmədov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və yeznəsidir.

Mia.az axar.az-a istinadən xəbər verir ki, yanğın o qədər də geniş olmayıb və evə ciddi zərər dəyməyib. Buna baxmayaraq, ər-arvad dünyasını dəyişib. 

Qeyd edək ki, R.Mirzəyevin oğlu 33 yaşlı Anar Mirzəyev 9 gün öncə - 15 fevralda Sabirabadın Həşimxanlı kəndində baş verən qəzada dünyasını dəyişmişdi. 

Keçən il Hacıqabulda "Toyota Land Kruzer"in ağır qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev vəfat edib.

**** 

Musavat.com-un Tovuz rayonunda olan əməkdaşı araşdırıb ki, ər - arvada qarşı əslində qətl hadisəsi baş verib. Qonşuların verdiyi məlumata görə, mərhumlar - Fərman Məmmədov və Pakizə Mirzəyeva naməlum şəxs, ya da şəxslər tərəfindən qətlə yetirilib, daha sonra hadisəyə yanğın görüntüsü verilib. 

Hadisədən sonra evi müşahidə etmək imkanı olan qonşular musavat.com -un müxbirinə deyiblər ki, Fərman Məmmədov girişdə, divanın üstündə ölü tapılıb, onun arvadı Pakizə Mirzəyeva isə ondan 5-6 metr aralıda olan çarpayıda, ağzı və əlləri skoçlanmış halda, ölü vəziyyətdə tapılıblar. Qətli törədənlər yanğın törətməyə cəhd ediblər. 

Divanın bir qismi və Pakizə Mirzəyevanın ölü tapıldığı çarpayının bir qismi yanıb və yanğın dayanıb. Bunun da nəticəsində hadisənin qətl olduğu aşkarlanıb. Qətlin qarət, yoxsa qisas məqsədi ilə törədildiyi məlum deyil. Lakin, qonşuların deməsinə görə, mərhumlar imkanlı olublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR