"Media və ekspertlərin prosesə cəlb edilməsi effektiv olar" - Deputatdan yeni qanunla bağlı təklif

img

23-02-2018 [19:03]


Milli Məclisin bu gün keçirilmiş plenar iclasında millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov  «Standartlaşdırma haqqında» yeni qanun layihəsi ilə bağlı çıxış edib.

Mia.az xəbər verir ki, Əflatun Amaşov bu çıxışının mətnini sosial şəbəkədəki səhifəsində yayıb.

Həmin çıxışı olduğu kimi təqdim edirik:

"Biz postneft erasına qədəm qoymuşuq. Ölkəmizdə qeyri-neft sektoruna ciddi diqqət ayrılır. «Standartlaşdırma haqqında» qanun bu dövrdəki münasibətlərin tənzimlənməsi baxımından günün tələbi sayıla bilər. Hiss olunur ki, layihə üzərində ciddi iş aparılıb. Beynəlxalq tələblər öyrənilib. Şübhəsiz ki, layihə bu sahə ilə bağlı yeni bir sistem yaradır. Onun işlək olması da əhəmiyyət daşıyacaq.

Layihə hazırda mövcud olan «Standartlaşdırma haqqında» qanundan fərqlidir. Sənəddə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmış istinad var. Hesab edirəm ki, qanun layihəsinin mütərəqqiliyi həm də onun maraqlı tərəflərin təşəbbüslərinə açıq olması ilə əlaqədardır. Burada maraqlı tərəflərin təşəbbüsləri dəstəklənir. Ümumən sənəddə sahəyə kifayət qədər əhatəli yanaşılıb, demək olar, bütün detallar nəzərə alınıb.

Mən əsasən iki məqam üzərində dayanmaq istərdim. Qanun layihəsinin 4-cü maddəsində standartlaşdırmanın məqsədləri və prinsipləri göstərilib. Diqqətimi standartların könüllü xarakter daşıması prinsipi çəkdi. Ümumən layihədə könüllülük bir prinsip kimi nəzərə alınıb. Layihədəki əsas anlayışlar adlı 1-ci maddədə isə anlayışlar izah olunur. Yaxşı olardı ki, könüllülük məsələsinə də hansısa formada ayrıca anlayış kimi aydınlıq gətiriləydi.

Digər məqama da diqqətinizi çəkim. Qanun layihəsinin 8.12-ci maddəsində göstərilir ki, milli standartlaşdırma qurumunun rəsmi internet saytında dövlət standartlarının layihələrinin ictimai müzakirəsi 60 təqvim günü ərzində aparılır. Ümumən ictimai müzakirə çox önəmlidir. Bunun qanunda olması özlüyündə mütərəqqi mahiyyət kəsb edən yenilikdir. 

Ancaq düşünürəm ki, ictimai müzakirə varsa, ona qanunla önəm verilirsə, məsələ milli standartlaşdırma qurumunun rəsmi internet saytı ilə kifayətlənməməlidir. Bunun üçün müvafiq dövlət qurumu tərəfindən müəyyən tematik toplantıların, konfransların təşkili, sahəyə aid qeyri-hökumət təşkilatlarının, o cümlədən media orqanlarının bu sahədən yazan əməkdaşlarının, ayrı-ayrı ekspertlərin prosesə cəlb edilməsi daha effektiv nəticələr verə bilər. Əlbəttə, dövlət qurumu olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ictimai sektorla fəal münasibətlər saxlayır. 

Yadımdadır ki, bir neçə ay öncə qurum media nümayəndələri üçün müsabiqə də təşkil etmişdi və bu təşəbbüs çərçivəsində mövcud sahənin xwsusiyyətləri ayrı-ayrı jurnalist yazılarında cəmiyyətə kifayət qədər incəliklə açıqlanmışdı. Yəni dövlət komitəsinin bu kimi ictimai əhəmiyyət kəsb edən toplantılar təşkil etmək polensialı və təcrübəsi yetərincədir. Hesab edirəm ki, qanun layihəsində göstərilən ictimai müzakirə məsələsinə də bu kontekstdən yanaşılması vacibdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR