Borcu olan şəxslərin sayı və tənzimlənəcək borcun məbləği nə qədərdir? - Nazirlikdən açıqlama

img

20-02-2018 [15:08]


"Azərbaycan prezidenti İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq həyata keçirlən ardıcıl tədbirlər özəl sektorun milli iqtisadiyyatda rolunun artmasına səbəb olmaqla, sahibkarlığın sosial sığorta sistemində iştirak səviyyəsinin də yüksəlməsinə imkan verib".

Bunu Mia.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. Onun sözlərinə görə, dövlət başçısının sahibkarlığın inkişafına, bu sahədə dövlət dəstəyinin daha da artırılmasına yönələn növbəti addımı və təşəbbüsü kimi, hazırlanan yeni "Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsi də sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşımaqla, hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir. 

O bildirib ki, "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq, aparılan islahat tədbirləri pensiya sisteminin maliyyə dayanıqlığının təmin edilməsində və vətəndaşların gələcək pensiya təminatının formalaşmasında sığorta edənlər və sığorta olunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının əhəmiyyətini artırıb. Belə olan şəraitdə ölkədə sahibkarlıq mühitini inkişaf etdirmədən və onlar üçün əlverişli şərait yaratmadan sosial müdafiə sisteminin əhatəliyinin artırılmasına və sosial sığorta ödənişlərinin tam toplanmasına nail olmaq mümkün deyildir. Xüsusilə də son illərdə qloballaşan dünyada baş verən ciddi iqtisadi və siyasi hadisələrin fonunda yaranan maliyyə böhranını və onun mənfi təsirlərini maksimum zəiflətmək, qeyri-neft sektorunun inkişafına sahibkarlıq subyektlərinin stimullaşdırılması və əlverişli biznes mühitinin formalaşdırılması vasitəsi ilə dəstək vermək, beləliklə də, ölkədə sosial sığorta sisteminin maliyyə dayanıqlığını təmin etmək üçün məcburi dövlət sosial sığorta borclarının tənzimlənməsinə ehtiyac vardır: 
""Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsi də əlverişli sığorta mühitinin yaradılmasına, fərdi uçot sistemində nəzərə alınmayan, məhkəmə qərarlarının olmasına baxmayaraq hazırkı tarixədək əsasən obyektiv səbəblərdən ödənilməyən məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsinə xidmət edir. Layihədə sığorta edənlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclarının tam məbləğdə silinməsi nəzərdə tutulub. Həmin borcları təhlil etdikdə ötən 12 il ərzində borcu olan sığortaedənlərin heç də hamısının borclarını ödəməyə cəhd göstərmədiyi və ya belə bir imkana malik olmadıqları aydın olur. Bu sahədə görülmüş tədbirlər nəticəsində məhkəmə qərarları vasitəsilə də gözlənilən məqsədə kifayət qədər nail olunmamışdır”.

Şöbə müdiri vurğulayıb ki, hesabat məlumatlarına görə, sığorta edənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə olan 199,6 milyon manat borcundan yalnız 50 faizi və ya 99,3 milyon manatı 1 yanvar 2018-ci il tarixinədək ödənilib. 

Beləliklə, sığorta edənlər üzrə 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği 100,2 milyon manat təşkil edir. Qanunun layihəsinin digər müddəası sığortaedənlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının tam məbləğdə silinməsini nəzərdə tutur. Hesabat məlumatlarına görə sığortaedənlərin 01.01.2018-ci il tarixə 81,8 milyon manat ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları mövcuddur ki, bunun da 67,4 faizi və ya 55,1 milyon manat 01.01.2015-ci il tarixə yaranıb: "Qanun layihəsində məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların da tənzimlənməsi əksini tapır. Hesabat məlumatlarına görə sığortaedənlərin 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borclarının məbləği 26,7 milyon manat təşkil edir”.

E.Babayev vurğulayıb ki, ümumilikdə "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun layihəsi ilə sığorta edənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur: "Onu da qeyd edək ki, pensiya təminatında sığortaolunanlara fərdi hesabların 01.01.2006-cı il tarixdən açıldığını, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda həmin tarixdən fərdi uçotunun aparıldığını və vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında bu tarixdən müəyyənləşdirildiyini nəzərə alaraq, məcburi dövlət sosial sığorta haqlarının əsas məbləğinin silinməsi vətəndaşların pensiya hüquqlarına mənfi təsir etməyəcəkdir. Nəticə etibarilə, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcəkdir. Bu isə məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan sığortaedənlərin maliyyə yükünün azalmasına, həmin sosial sığorta haqları üzrə cari borcların ödənişinin vaxtında və tam məbləğdə həyata keçirilməsinə imkan verəcək, belə borcları gələcəkdə yaratmamağa sövq edəcəkdir. Eyni zamanda, bu tədbir bütövlükdə əmək pensiyalarının əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların artırılmasına və əmək pensiyalarının vaxtında və tam məbləğdə maliyyələşdirilməsinə şərait yaradacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı