SOCAR AQŞ tenderin qalibi oldu - Banqladeşin BAPEX şirkəti ilə Anlaşma Memorandumu imzalandı

img

20-02-2018 [10:56]


SOCAR AQŞ Banqladeşin BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderin qalibi olub və Banqladeş ərazisində 2 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazacaq.

Mia.az SOCAR-a istiandən xəbər verir ki, Banqladeş hökumətinin Qanunvericilik və Parlament Məsələləri Bölməsinin baş katibi Muhəmməd Şahidul Haq və Enerji və Mineral Ehtiyatlar Bölməsinin katibi Nazimuddinin Çoudurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində SOCAR AQŞ şirkətinin baş direktoru Ramin İsayevlə görüşüblər. Görüşdə SOCAR AQŞ və Bangladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkəti (BAPEX) arasında Banqladeş Xalq Respublikasının yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandumu baş direktorun Əməliyyatlar üzrə müavini Eldar Yaradanquliyev və BAPEX şirkətinin baş meneceri İslam Muhəmməd Novşad imzalayıblar.

Qeyd edək ki, SOCAR AQŞ daha əvvəl BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderdə qalib gələrək, Banqladeş Xalq Respublikasının "Semutang-Cənub-1", "Begumganj-4" və "Madarganj-1" qaz yataqlarında qazma və quyu tikintisi xidmətlərini yerinə yetirəcək. İki quyu kəşfiyyat, bir quyu isə qiymətləndirmə məqsədi ilə quruda qazılacaq.

Bakıda imzalanan Anlaşma Memorandumu məhz bu kəşfiyyat və qiymətləndirmə quyuların qazılmasından sonra əməkdaşlığın genişləndirilməsi perspektivi baxımından mühüm əhəmiyyət kəsb edir.

Memorandumun imzalanma mərasimində iştirak edən Banqladeş hökumətinin Enerji və Mineral Ehtiyatlar Bölməsinin katibi N.Çouduri bildirib: "İki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün xeyli perspektivlər mövcuddur. Bugünkü imzalanma mərasimi iki müəssisə və nəticədə iki ölkə arasında əməkdaşlığın yeni vüsət almasına və dərinləşməsinə xüsusi təkan verəcək".

BAPEX şirkətinin baş meneceri İ.Novşad qeyd edib: "Azərbaycan neftçilərinin zəngin təcrübəsi bizim regionun neftçiləri üçün həmişə ən yaxşı məktəb olub. SOCAR AQŞ-nin milli qazma sənayesindəki innovativ imici və imza atdığı ilklər bugünkü əməkdaşlığın gerçəkləşməsində önəmli rol oynayıb. Əminəm ki, gələcəkdə də SOCAR AQŞ ilə digər birgə layihələrin icrasında çalışmaqda davam edəcəyik".

SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev isə bildirib: "SOCAR AQŞ ölkəmizdən mal və xidmətlərin ixracının artırılmasında dövlət siyasətimizə uyğun olaraq, qazma sahəsində xidmətlərin göstərilməsi ilə əlaqədar BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderdə iştirak edərək qalib gəlib və müvafiq müqavilə imzalanıb. Biz hər il təxminən 7%-dən artıq artan iqtisadiyyata malik Banqladeş Xalq Respublikasının neft-qaz yataqlarının işlənməsində iştirakımızı yüksək qiymətləndirir və BAPEX ilə gələcək əməkdaşlığımızı genişləndirmək niyyətindəyik".

Xatırladaq ki, SOCAR-AQŞ MMC qazma xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti müasir texnika və texnologiyalardan istifadə etməklə quyu tikintisinə dair tam xidmətlər paketini təklif etməkdən ibarətdir. SOCAR AQŞ bu günə kimi 200 min metrdən çox qazma işləri yerinə yetirib, 67 quyunu sifarişçiyə təhvil verib. Hazırda şirkət Azərbaycanda 4 quyunun qazılmasını həyata keçirir. 2018-ci il ərzində SOCAR AQŞ Xəzərin Azərbaycan sektorunda 18 quyunun qazılmasını planlaşdırır. Əsasən 2008-ci ildən qaz hasilatına başlamış və təqribən 360 mlrd. kubmetr qaz ehtiyatlarına malik olan Banqladeş Xalq Respublikasında SOCAR AQŞ tərəfindən yerinə yetiriləcək qazma işləri Azərbaycan neftçilərinin beynəlxalq miqyasda öz peşəkar xidmətlərini təklif etmək və məhz göstərilən xidmətlər sayəsində ölkəmizə əlavə gəlirin qazandırılması üçün münbit zəmin yaradır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı