Şəhid atası: “Övladımın şəhidliyi mənə minlərlə oğul qazandırdı”

img

19-02-2018 [21:46]


Azərbaycan Dövlət İqtisad Universitetində aprel şəhidi, UNEC-in məzunu Mahir Mirzəyevin xatirəsi anılıb.

UNEC-dən Mia.az-a verilən məlumata görə, İqtisadiyyat fakültəsində keçirilən tədbirdə şəhidin müəllimləri, dostları, döyüş yoldaşları və ailə üzvləri iştirak ediblər.

Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Şəhid məzunun tələbəlik dövründən bəhs edən İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev Mahirin məsuliyyətli, çalışqan olmaqla yanaşı, eyni zamanda vətənpərvərliyi ilə hamının sevimlisinə çevrildiyini qeyd edib.

 Millət vəkili, UNEC-in "Qiymət və qiymətləndirmə” kafedrasının müdiri, professor Xanhüseyn Kazımlı xalqımızın vətənin bütövlüyü, azadlığı uğrunda canından keçmiş qəhrəman övladlarına həmişə dəyər verdiyini, şəhidlərimizin xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıb. O, UNEC ailəsinin Mahir kimi qəhrəmanlarla qürur duyduğunu bildirib.

M.Mirzəyevin atası Sabir Mirzəyev oğlunun gənc yaşda dünyadan köçməsini faciə hesab etsə də, onun vətən uğrunda şəhid olmasını qürurverici məqam adlandırıb. Mahirin şəhidliyinin ona minlərlə oğul qazandırdığını deyən S.Mirzəyev Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda Mahirlə birlikdə şəhid olanların açdığı zəfər yolunun xalqımızın tarixinə şərəflə yazıldığını vurğulayıb.

UNEC-in I kurs magistri, şəhidin bacısı Aygül Mirzəyeva Mahirin qrup yoldaşları və döyüşçü dostları onunla bağlı xatirələrini bölüşüb, dostlarının həyata keçməyən arzularının bu gün onların əməllərində yaşadığını bildiriblər. 

Tədbirdə Mahirin tələbəlik illərindən hazırlanan videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, Mahir Mirzəyev 2015-ci ildə UNEC-in İqtisadiyyat fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb. Mahir 2016-cı ildə, aprel döyüşlərində cəbhənin Tərtər rayonu istiqamətində qəhrəmanlıqla şəhid olub. O, aprelin 9-da torpağa tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq