Sumqayıtda teatr problemi: teatr həm də cəmiyyətin aynasıdır, ancaq o ayna...

img

19-02-2018 [10:40]


Bildiyimiz kimi, teatr hər bir ölkənin, şəhərin mədəni həyatında böyük  yer tutduğu kimi hər bir insanın da həyatında önəm daşıyır. Hər bir şəhərdə teatrın nə səviyyədə olması onun mədəni həyatının göstəricidir.

Teatr həm də cəmiyyətin aynasıdır. Hər bir teatr  tamaşası əslində bir bayramdır. Teatr elə bir sirli məkandır ki,onun qapısından daxil olan kimi möcüzəli xoş bir atmosferə düşür adam. Teatrın olmaması, insanların teatra getməməsi həmin cəmiyyətin  mənəvi boşluğudan  xəbər verir.

Sumqayıt əhalisinə görə Bakıdan sonra ölkənin ikinci böyük şəhəri olsa da, təkcə elə teatrına görə daha çox əyaləti xatırladır. Şəhərdə avtobuslar, marşrutlar, kafelər restoranlar axşama kimi işləyir, amma teatr tamaşaları müntəzəm göstərilmir.

Düzdür şəhərdə əhalinin əksər hissəsini əsas problemi işsizlikdir, amma  insaların maddiyyata ehtiyacı olduğu kimi, mədəni istirahətə - teatra da ehtiyacı var. Kafe, restoranlar qarnı doydursa da teatrsevərlərin ruhunu doyudura bilməz.

Əgər Bakıda kifayət qədər olan müxtəlif teatrlara azdan-çoxdan adam gəlirsə, Sumqayıt haqda bunu demək olmaz.

Düzdür hal-hazırda ümumiyyətlə ölkədə teatrlara maraq elə də çox deyil, tamaşaçı qıtlığı var, amma bir var heç olmasa tamaşa göstərilə,  adam az gələ, bir də var demək olar ki, olmaya. Necə ki,Sumqayıtda bu vəziyyət hökm sürür.

Ümumiyyətlə,  Sumqayıtda mədəni həyat çox sönük desək, yanılmarıq.

Bir zamanlar insanların sevimli məkanları olan məşhur  kinoteatrlar-  "Qarabağ", Vaqif", "Cırtdan", ”Kosmos”,  "Rossiya”  (indiki "Nizami”-  Şəhər Mədəniyyət Evi ) indi mədə niyyətlilərin məkanına, restorana,  şadlıq evlərinə, kafeyə, sexə, avtomobil salonuna və sairə  biznes obyektlərinə  çevrilib.

Kinoteatrlara marağın zəif olmasını (amma kinoteatrlara da Sumqayıtda ehtiyac var) yenə başa düşmək olar; indi internet dövründə  az qala bütün filmləri internetdən ,saysız-hesabsız kanallardan kluba belə getmədən ,bu az effektli olsa da izləmək olar, amma tear elə şeydir ki,onu televiziyadan və ya "Youtube"dan baxmaq, futbol kimi  ləzzət etmir. Çünki teatrın xüsusi müsbət, sakitləşdirici  aurası, atmosferi  var və teatr tamaşası zamanı aktyorlarla tamaşaçı arasında sehrli bir  təmas yaranır.

Əlbəttə teatra baxmaq istəyən çox istəyirsə bu bir qədər baha olsa da, çox vaxt aparsa da, cəmi 30 km uzağa – paytaxt  Bakıda gedib, çoxsaylı teatrlarda hər gün göstərilən müxtəlif  janrlarda tamaşalara baxa bilər, amma sual olunur ki, əgər teatr üçün Bakıya gediləcəksə onda Sumqayıtda teatr binasına,ümumiyyətlə teatra nə ehtiyac var?!

Sumqayıtda yeganə teatr var: Sumqayıt Dövlət Dram Teatrı. Sumqayıtlıların dili ilə qısaldılmış şəkildə desək SK.( Sintez Kauçuk Zavodunun klubu- SK klubu) və  köhnə sumqayıtlıların yaddaşında da  indiyəcən məhz belə qalıb. Şəhərin yarısı məhz teatrın inşa olunduğu dövrdə inşa  olunub. Onların arasında olan   mədəniyyət saraylarından biri də  Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının binasıdır.( 1968-1974 –ci illərdə H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı )

Əfsuslar olsun ki, Sumqayıtda teatr bir teatr mövsümünün açılışında olur deyəsən, bir də bağlanışında. Çünki  teatr tamaşaları burada  sanki kompaniya xarakteri daşıyır . Göstərilən teatr tamaşalarını barmaqla saymaq olar. Bu baxımdan Sumqayıt rayonlardan elə də fərqlənmir.

Elə teatr binasının qabağındakı  tumbalardakı neçə vaxtdır ki, yenilənməyən köhnə afişalardan  və teatrın  rəsmi saytı olan www.sumqayitdram.az saytına baxmaqla da bilmək olur ki, bu məkanda teatr tez-tez "qonaq” olmur.

 Bakıdakı kimi Sumqayıtda teatr ab-havasından əsər-əlamət yoxdur. Halbuki əvvəllər  bu teatrda anşlaqlar olub, gecə saat 11-12-yəcən teatr tamaşaları gedib.

Bu gün Sumqayıt teatrı əla təmir olunsa da, hələki binanın divarları tamaşaçı alqışlarından lərzəyə gəlmir. Üstəlik maraqlıdır ki, təmirdən əvvəl, baxımsız vəziyyətdə Sumqayıt teatrında  hər mövsüm daha çox teatr tamaşası göstərilirdi, repertuar daha geniş idi, nəinki indi. Bunu da elə teatrın saytından da  müəyyən etmək olar.

Teatr Smoktunovski demişkən, asılqandan başladığı kimi hər bir şəhərin mədəni həyatı da  teatra münasibətdən başlayır və onun nə vəziyyətə olması mədəni həyatın necə olmasının təcəssümüdür.

Sumqayıt teatrının tarixinə varsaq  bunu demək olar ki, teatrın yerləşdiyi bina 1956-cı ildə inşa edilib.

 Sumqayıt Dövlət Dram Teatrı isə  1968-ci ildə yaranmışdır. 1969-cu ildə Azərbaycan hökuməti Azərbaycanın görkəmli teatr xadimi, rejissor  Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir.

1968-ci ilin sentyabr ayında Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı.

1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra "Sumqayıt Dövlət Dram Teatrı" statusu verildi. 

Teatrda bir müddət xalq artistləri – Rza Əfqanlı, Barat Şəkinskaya, görkəmli rejissor Mərahim Fərzəlibəyov çalışmışlar. Teatrın yetirmələri – Afaq Bəşirqızı, Hicran Mehbalıyeva, Valeh Kərimov, Rövşən Almuradlı, Kazım Abdullayev, Məzahir Süleymanov Azərbaycanın tanınmış incəsənət xadimləridir.

Teatrın rəsmi və təntənəli açılışı 14 mart 1969-cu ildə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşası ilə olub.

 1969-cu ildə Sumqayıt Teatrının yaradıcı heyətini təmirə dayanmış teatra köçürüblər. Teatr burada 40 il kirayənişin kimi fəaliyyət göstərib. 2008-ci ildə prezidentin tapşırığı ilə teatrın 40 illik yubileyində bu bina teatrın balansına keçirildi.

1956-cı ildən bu günədək bir dəfə də olsun əsaslı təmir edilməyən  Sumqayıt Dövlət Dram Teatrının müasir dövrün tələblərinə uyğun olan əsaslı təmirdən sonra  Azərbaycan prezidenti İlham Əliyevin   iştirakı 2016-cı il sentyabrın 27-də açılışı olub

Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub

150 nəfərlik teatrın kollektivində 11 əməkdar artist, 2 nəfər respublikanın mədəniyyət işçisi və 7 "Tərəqqi” medalçısı çalışır.

Bu gün aparıcı teatrlarda fəaliyyət göstərən sənət adamlarının bir çoxu bu sənət ocağının yetirmələri olub.

 Amma bu gün  teatrda görüntü yaradılır ki, guya ki, güclü, qızğın iş gedir, amma reallıqda ortada elə də ciddi bir iş yoxdur. Hansısa əsərə daxili baxış keçirilir,mətbuata bolluca açıqlamalar verilir. Amma konkret göstərilən tamaşalar sayılsa mövsümə 2  tamaşa düşür, ya düşmür. Amma plana görə ən azı 4 tamaşa olmaldır.

Məsələn, əsaslı təmirdən sonra  2016-cı il, noyabrın 22-də   teatr 48-ci teatr mövsümünə  əməkdar artist, teatrın baş rejissoru Firudin Məhərrəmovun   quruluşunda "Hacı Qara” tamaşası ilə start verib, 2017-ci  ildə aprelin 18-i  "Toy olsun” tamaşası olub, keçən il sentyabrın 27-də  isə teatrı özünün 49-cu mövsümünü türk yazıçısı Turqut Özakmanın "Ocaq” adlı psixoloji dramı əsasında səhnələşdirilən yeni tamaşa ilə  açıb və qeyd etmək lazımdır ki, tamaşa maraqla qarşılanıb. 2016-cı ilin dekabr 20-də  isə də səhv etmirəmsə, rejissor Rövşən Almuradlının "Oğru" tamaşasının premyerası olub.

Əgər teatrda tamaşa göstərilmirsə, heç olmasa bölgə teatrlarını dəvət etmək olar ki,sumqayıtlıları teatr tamaşaları ilə sevindirsinlər. Çox təəssüf ki, teatrdan adını daşıdığı Hüseyn Ərəblinskinin, Stanislavskinin, Meyerxoldun qoxusu gəlmir, Sumqayıt teatr həyatı ilə yaşamır bu  gün ...

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR