BMU beynəlxalq müsabiqəyə ev sahibliyi etdi

img

15-02-2018 [17:42]


Bakı Mühəndislik Universitetində Dünya Kub Assosiasiyası tərəfindən Azərbaycan üçün sayca dördüncü Beynəlxalq Kub Yarışması keçirilib. 

2003-cü ildə qurulan təşkilat 2015-ci ildən etibarən Azərbaycanda da yarışlar təşkil edir. Assosiasiyanın məqsədi daha çox insanın iştirakı ilə ədalətli və bərabər şərtlərdə ölkədə yarışların keçirilməsinə nail olmaqdır.

İki gün ərzində keçirilən və 32 iştirakçının qatıldığı `Eagle of the East 2018` adlı yarışda 12 kateqoriya üzrə gənclər öz məharətlərini sınayıblar. 3x3x3 (Rubik kubu) kateqoriyasında 10.23 saniyə nəticə ilə Finlandiyalı Reto Bubendorf, 12.17 saniyə nəticə ilə İsveçrəli Manuel Bühler və 12.61 saniyə nəticə ilə Azərbaycanlı Cavid Nəbizadə uyğun olaraq 1, 2 və 3-cü yerə sahib olmuşlar. 4x4x4 kub kateqoriyasında isə Cavid Nəbizadə 43.24 saniyə nəticə göstərərək həm 1-ci yerə çıxmış, həm də Azərbaycan rekordunu yeniləmişdir. Xatırladaq ki, Cavid Nəbizadə 14 milli rekord sahibidir. Digər milli rekord sahibləri isə 2x2x2 kateqoriyası və skuer-1 kateqoriyalarında uyğun olaraq 4.28 saniyə nəticə və 46.51 saniyə nəticələrini yığmağa nail olmuş Əli Qəhrəmanlı və sküb kateqoriyasında 6.32 saniyə və 3.73 nəticə göstərmiş Süleyman Xəlilovdur.

Yarışın sonunda iştirak etmiş hər kəs sertifikatlarla təltif olunmuş, qaliblər, milli rekord sahibləri, ən yaxşı yeni gələn iştirakçılar, (Ayxan Bənnayev, Hüseynov Göydəniz, Gitlin Mixail) ən gənc iştirakçı (2008-01-19 təvəllüdlü İsmayıl Bədəlov), ən sürətli qadın iştirakçı (Fidan Nəbiyeva – 29.42 saniyə) MoYu kub şirkətindən dəyərli hədiyyələrlə mükafatlandırılmışdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR