"Rasim Balayevlə ailə qurmaq istərdim" - Tanınmış aktrisanın şəxsi sirlərini açdığı MÜSAHİBƏ

15-02-2018 [17:24]

Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Nahidə Orucova "Ölkə.Az"-ın suallarını cavablandırıb.

- Hazırda teatrda yeni rolum, tamaşam yoxdur. Daha doğrusu, cavanlar cəlb olunublar, teatrda onlara yol verilir. Biz artıq sözümüzü demişik. Mən də istərdim ki, onlar oynasınlar. Çünki təzə gələn uşaqlar teatrın ab-havasına hələ öyrəşməyiblər. Çox istərdim ki, bizim korifeylərdən götürdüyümüz, öyrəndiyimiz yolu onlar davam etdirsinlər. Ancaq nədənsə gənclər başqa yol seçiblər.

- Demək istəyirsiniz ki, daha rahat yola meyl edirlər?

- Yəqin ki, daha rahat yola və pul qazanmağa. Biz isə sənətə gələndə pul qazanmaq yox, karyera, populyarlıq, tamaşaçı sevgisi qazanmaq haqda düşünürdük. Tamaşaçı sevgisini qazanmaq istəyirdik ki, sabah bizi yolda tanısınlar.

- Əməkdar artist, həm də teatrınızın aktrisası Almaz Ələsgərova bildirmişdi ki, dublyor olduğunuz bəzi tamaşalardakı rolla sizin zahiri görünüşünüzdəki dəyişikliklərə görə onun üzərində qalıb...

- Biz ikimiz də oynayırıq. Almaz xanım musiqili komediya fakültəsini bitirsə də, teatra dünən gəlib. Mən isə dram kino aktyorluğu fakültəsinin məzunuyam. Sözsüz ki, mənim obraza yanaşmam daha dərindən olur.

- Almaz Ələsgərova sizdən nələrisə öyrənməyə çalışırmı?

- Ola bilsin ki, öyrənir. O teatra gələndə çox çətinlik çəkirdi. Ümumiyyətlə, rolu aktrisaya açıqlamaq üçün rejissor lazımdır. Ancaq o bizim teatra gələndə bəzi tamaşalarda rejissor yox idi, bəzilərində rejissor vəfat etmişdi və onunla rejissor assistenti çalışırdı. Bir sözlə, tamaşanın rejissoru ilə işləmək tamam başqadır. Biz müxtəlif rejissorlarla, müəllimlərlə işləmişik və hərəsindən bir mizan, hərəkət götürmüşüksə, deməli, "baqaj"ımız daha çoxdur.

- Bir az da çəkildiyiniz və çəkiləcəyiniz seriallardan danışaq...

- Serial təklifləri var, amma, maliyyə şərtləri qane etmədiyi üçün imtina etmişəm. Ancaq "Dalğa" prodakşnla müqavilə bağlamışam, yeni serial gəlir.

- Hansı məbləğ təklif edilir ki, razılaşmırsınız?

- Bir çəkiliş günü üçün yüz manat təklif edirlər, razılaşmıram. Dünən sənətə gələnlə məni bir səviyyəyə qoymaz olmaz axı.

- Bəzi gənc aktrisalar günü min manata çəkildiklərini bildirirlər...

- Görürsünüzmü? Mən o məbləği demirəm. Sadəcə, gündəlik normal qonorar istəyirəm. Hazırda çəkildiyim serialda kriminal hadisələrdən bəhs edilir. Hər zaman mafiya qadını obrazını canlandırmağı fikirləşmişəm, arzulamışam. İnşallah, nə dərəcədə nail olduğumu tamaşaçılar deyəcək.

- Bildirdiniz ki, hazırda çəkildiyiniz serialda mafiya qadını oynayırsınız. Bəzi hallarda mənfi obrazın uğurlu alınması aktyorun, aktrisanın tamaşaçının qəzəbinə səbəb olmasıyla nəticələnə bilir. Bundan narahat deyilsiniz ki?

- Bu sualı eşidəndə rəhmətlik Məlik Dadaşovun "Fəryad" filmində canlandırdığı erməni obrazı yadıma düşdü. Həmin filmdən sonra Məlik müəllimə küçədə hücum edən tamaşaçılar olmuşdu. Sözsüz ki, tamaşaçılarımız indi daha intellektualdırlar, maarifləniblər. Tamaşaçının gözü tərəzidir. O, hər bir aktyorun, aktrisanın getdiyi yolu da bilir, dediyi sözü də.

- Özünüz haqda eşitdiyiniz ən maraqlı, gülməli, yaxud şokedici şayiə hansı olub?

- Məsələn, mənim arıqlamağımı şəxsi həyatımla əlaqələndiriblər. Guya ailə qurmağa hazırlaşıram. Mən də cavab vermişəm ki, niyə olmasın? (gülür)

- Doğrudanmı ailə qurmaq istəyirsiniz?

- Yox, mənim subay qızım var. Uşağımın toyunu etməmiş, onun sevincli gününü görməmiş özüm barədə necə düşünə bilərəm? Məncə hər bir qadın belə düşünər.

- Bəs qızınız ailə qurandan sonra?

- Bəlkə ondan sonra öz həyatım haqda düşünərəm. İndi mənimçün ən vacib məsələ qızımın ailə qurmağı və işimdir.

- Sənət aləmində belə bir təcrübə var ki, bəzi aktyorlar, aktrisalar, müğənnilər illər sonra ayrıldıqları həyat yoldaşlarıyla yenidən barışırlar. Sizin üçün bu nə dərəcədə uyğundur?

- Öz həyat yoldaşımla yenidən ailə qurmazdım.

- Sizcə o barışardı?

- Onun əvəzinə cavab verə bilmərəm. Çünki çox qəliz insandır. Ayrılmağımıza səbəb də onun xarakteri oldu. Mənim də işim budur, göz önündəyəm.

- Qısqanc insandır?

- Bəli, amma, özü də aktyor idi. Biz Sumqayıt teatrında birlikdə çalışmışıq. İndi bizneslə məşğuldur. Amma bir etiraf edim ki, gənclik illərimə qayıtsaydım, ilk pilləyə ailəmi qoyardım. Hətta lazım olsaydı, sənətdən uzaqlaşardım. İndi mən təkəm və o təklikdən sıxılıram. Həm maddi, həm mənəvi sıxılıram. İnsan tək olmamalıdır. Gözümün önünə Zərnigar Ağakişiyanın, Elçin Həmidovun, Ofeliya Məmmədzadənin ölümü gəlir və təklikdən daha çox qorxuram. Bəlkə də onlar tək olmasaydı, ölümdən xilas ola bilərdilər. Son zamanlar bu haqda daha çox düşünürəm.

- Qalmaqallardan, intriqadan uzaq olsanız da, hər zaman bir çox aktrisaların "mən bacarmaram", "oynaya bilmərəm" dedikləri obrazları canlandırmısınız. Yəni, yeri gələndə çərçivələri sındıra bilirsiniz. Məsələn, günün birində özünüzdən yaşca xeyli kiçik bir insandan evlilik təklifi gələrsə, eyni cür davranıb, qəbul edərsinizmi?

- Dəyərləndirərəm, amma, çox böyük yaş fərqi olmamalıdır (gülür). Bu, evliliyi təklif edən insandan asılıdır. Ancaq 10 yaşdan çox fərqli özlüyümdə qəbul etmərəm. Mənim mentalitetə qarşı münasibətim fərqlidir və ona qarşı çıxa bilmərəm.

- Sizcə niyə bəzi təcrübəli aktyorlar, aktrisalar teatrdakı gəncləri sıxışdırmağa çalışırlar? Bu, təkəbbürdür, yoxsa paxıllıq?

- Təkəbbür də ola bilər, paxıllıq da. Mən gənclərə qarşı heç vaxt elə olmamışam.

- Bəli, bu haqda mən də eşitmişəm ki, dəstək olursunuz.

- Hətta səhnədə onlara kömək etmişəm ki, büdrəməsinlər. Aktyor səhnəyə gəlirsə, onun teatra məhəbbəti, sevgisi olmalıdır.

- Barəsində "Kaş onunla bir epizodda çəkilərdim" dediyiniz sənətkar varmı?

- Çox olub.

- Məsələn?

- İlk filmim "Birisigün gecəyarısı"nda Məlik Dadaşov Nərimanovu, mən isə onun katibəsini oynayırdım. O vaxt teatrın, kinonun nə olduğunu bilmirdim, çəkiliş meydançası mənimçün sehrli yer idi. Məlik Dadaşovdan çəkinirdim. Dedi ki, qızım, çəkinmə, mən də adi insanam. Kinonun sirlərini mənimçün aşıladı.

- Bəs çəkilmək istədikləriniz?

- Həsən Məmmədovla, Həsən Əblucla, Həsən Turabovla, Rasim Balayevlə çəkilmək istərdim. Şəfiqə Məmmədova kumirimdi və onu sevib sənətə gəlmişəm. Bütün müsahibələrimdə deyirəm ki, gözümün qarşısında Şəfiqə xanımın Pırpız Sona obrazı canlanır. Sanki səhnədə göyərçin kimi uçurdu. Böyük məmnuniyyətlə Şəfiqə xanımla tərəf müqabili olardım. Rəhmətlik Mikayıl Mirzənin tələbəsi olmuşam. Təəssüf ki, onunla səhnədə tərəf müqabili olmamışıq.

- Bəs həyatınızda olmağını arzuladığınız aktyor varmı?

- Mel Gibsonla, Robert De Niroyla böyük məmnuniyyətlə ailə qurardım.

- Bəs azərbaycanlı aktyorlardan?

- Təbii ki, var. Rasim Balayevlə ailə qurmaq istərdim. Həm vizuallığı, həm xarakterini çox sevirəm. Arzularımın kişisidir. Hacı Murad Yegizarovu da çox bəyənirəm. Bunlardan xarizmatik aktyorlarımız yoxdur. Hər ikisində kişi vücudu, kişi xarakteri var.

- Həmkarlarınızdan evlilik təklifi almısınız?

- Xeyr, hamısının öz ailəsi var da. Subay var ki? (gülür)

- Və sonda yenidən qayıdaq teatr mövzusuna...

- Aktyor hər zaman işdə olmalıdır. Aktyor işlənmədikcə pas atır. İndi çəkilişlərə yönəlmişəm. Ancaq hər zaman tamaşalarda oynamaq istəyirəm və istəmişəm. Bəli, istərdim ki, vaxtım olmayanda dublyorum çıxış etsin. Həm də dublyora baxıb, obrazını görürsən, müəyyən yeniliklər edirsən.




SON XƏBƏRLƏR