Tofiq Zülfüqarov nədən təsirlənib?

img

12-02-2018 [13:57]


Məhəmməd TALIBLİ

***

Tofiq Zülfüqarov Azərbaycanın xarici işlər naziri işləyib. İyirmi ildən artıqdır ki, işsiz qalan şəxs olaraq sosial vəziyyətin necəliyini təsəvvür etməkdə gərək ki, çətinlik çəkməsin.

Dünən Tofiq müəllimin bir fikri polemikamız üçün vəsilə oldu. 

Eks-nazir yazır: "Azərbaycan xalqı heç vaxt indiki qədər yaxşı yaşamayıb”. 

Öz düşüncəsidir, hörmətlə yanaşıram. Amma bir iqtisadçı kimi onu mühakimə etmədən nəzakət üslubunda nəyə əsaslandığını öyrənmək istədim. Ona müşahidələrini bölüşmədiyim bu fikrin nədən ibarət olması mənə maraqlı gəldi. 

Düşündüm ki, bəzi insanlarımız da özlərinin şəxsi maddi vəziyyətlərinə görə sosial durumu bu cür qiymətləndirirlər. İnsanın mahiyyətində durduğu yeri dünyanın mərkəzi kimi düşünmək düşüncəsi var. Mənim də elmi postulatlardan kənar şəxsi mülahizələrim və müşahidələrim qüsurlu ola bilər. 

Mükəmməliyə iddia etmirəm. Başa düşürəm ki, təkmilləşmənin özü sonsuz bir prosesdir. Onun durma nöqtəsi də yoxdur. Amma elmi dəyərləndirmə baxımından gərək sosial indikatorlara istinadən vəziyyəti qiymətləndirəsən. Beləcə maraqlı bir polemikamız alındı. Həqiqətin müqayisə və mübahisədən doğduğunu nəzərə alıb ciddi müzakirə aparmalı olduq. 

Məlum oldu ki, Tofiq müəllim rifah göstəricilərinin və sosial dəyərləndirmənin nədən ibarət olması haqqında iqtisadi bilgilərə malik deyil. Bunu onun peşəsi ilə bağlı qüsurlu hal bilməsəm də, amma söylədiyi fikirləri əsaslandırmaq üçün elmi dayanıqsızlığı və istinadsızlığı böyük qəbahət sayıram. Belə fikirləri söyləyənin şəxsi mülahizəsi əsaslandıırlmış olmalıdır. Sosial vəziyyətin keyfiyyəti makroiqtisadi indikatorların insan həyatına təsir kanallarını çox dəqiqliklə ifadə etməlidir. 

Dəyərləndirmə bu təhlildən çıxan qənaət olmalıdır. Çünki, iqtisadiyyatdakı sosial vəziyyətin necəliyi beynəlxalq normalarla həmin ölkədəki rifah göstəricilərinin nisbətini ifadə etməlidir. Bu nisbəti hesablamadan istənilən neqativ və ya pozitiv fikir qərəzli və ya tərif dolu birtərəfli təsir bağışlayacaq. 

Təbii ki, sosial vəziyyətin necəliyi sosial sferanın (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm, mənzil-kommunal sektoru və s.) maliyyə resursları ilə hansı səviyyədə təmin olunması ilə bağlıdır. BMT-nin metodologiyasına əsasən həyat səviyyəsi geniş göstəricilər sistemi vasitəsilə müəyyən olunur: səhiyyənin vəziyyəti, təhsilin səviyyəsi, orta ömür müddəti, əhalinin məşğulluq səviyyəsi, əhalinin alıcılıq qabiliyyəti, siyasi həyata daxil olma. 

Xüsusilə əmək bazarı, məşğulluq, işsizlik, yaşayışı minimumu, orta aylıq əməkhaqqı, pensiya təminatının keyfiyyəti kimi çoxsaylı elementləri özündə əks etdirən parametrlər sosial vəziyyətin keyfiyyəti haqqında düşünməyə imkan yaradır. Bir neçə göstərici üzrə rəqəmlərin "dili” sosial vəziyyətlə bağlı çox mətləbləri açıq-aydın göstərir. 

Ölkədə 1 mln 303 min nəfər pensiyaçının ortalama pensiya məbləği 203 manatdır. Bunun dollara konvertasiya edəndə 119 ABŞ dolları edir. Bu dünya ölkələri arasında ən aşağı göstəciyə malik ölkələr qrupuna aid edilir. Ölkədə orta aylıq əməkhaqqı 504 manat və ya 296 dollar edir. ABŞ-da aylıq gəlirinin 35%-i ərzaq istehlakına yönəldilirsə, həmin insanlar yoxsul insanlar qrupuna aid edilir. Bizdə bu rəqəm 72%-dir. 

Dünya Bankının Azərbaycanla bağlı hesablamasına görə, Azərbaycanda yoxsul əhali qrupları o insanlar hesab olunur ki, onun gündəlik gəliri 5,5 dollardan aşağıdır. Bu isə deməkdir ki, bir insanın ayda 280 manatdan aşağı gəlirə sahib olması onu yoxsul əhali qrupuna aid edilməsini göstərir. Xüsusuilə orta ümumtəhsil məktəblərində çalşan müəllimlərin, həkimlərin, pensiyaçıların, ünvanlı sosial yardım alanların orta məbləği bu həddən aşağıdır. Bunların içərisində işləyərək az məbləğ alan insanlarımız rəsmi olaraq işsiz deyillər, amma yoxsuldurlar. Mən bu cür yoxsulluq dərinliyinə yuvarlananları "işləyən yoxsul insan” adlandırıram. 

Hökumətin ÜDM-in ildən-ilə artma ritorikası digər vətəndaşlarımız kimi, Tofiq müəllimi də görünür ki, təsirləndirib. Tofiq müəllim də o mövzunun üzərinə gəldi. Qeyd etdi ki, kölgə iqtisadiyyatına gedən həmin vəsaiti də nəzərə alsaq, biz də hətta 100 mlrd. dollarlıq ÜDM-in böyüklüyünə diqqəti çəkdi. Halbuki, Azərbaycanda ÜDM-nin 75,24 mlrd. dollardan yüksək olduğu vaxt olmayıb. Bu yalnız 2014-cü ildə qeydə alınıb. Neft hasilatının və neft qiymətinin iqtisadiyyatının həcminin genişləndirdiyi və devalvasiyanın hələ olmadığı vaxtlar bu pik həddə mal və xidmətlərin istehsalında dəyər formalaşdırılıb. Bu həddə qədər genişlənən ÜDM-in strukturu ilə hələ ki, işim yoxdur. Çünki, orada dominant olan neft amilinin xüsusi çəkisini bilirsiniz. Bu qədər böyüyən ÜDM-in həcmi birdən-birə 2016-cı ildə 37,85 mlrd. dollara düşüb. Deməli, ÜDM-in həcmində faizlərlə yox, dəfələrlə (2 dəfədən çox) enmədən söhbət gedir. 2017-ci ildə isə bu makroiqtisadi indikatorda staqnasiya qeydə alınıb. Yəni ÜDM demək olar ki, sükunət vəziyyətində (-1%) qalıb. 

Hörmətli Tofiq müəllimin maliyyə əməliyyatlarının ÜDM-də qeydə alınmaması isə ilə bağlı söylədikləri ümumiyyətlə üstünlük deyil, əksinə çatışmazlıqdır. Əgər real ÜDM-nin hamısı qeydə alınmırsa, bu o deməkdir ki, iqtisadiyyatın kölgəsində qalan həmin hissə elə kölgə iqtisadiyyatının genişlənməsinə xidmət edib. İkincisi, rəsmi açıqlamaya görə, adambaşına düşən 3926 ÜDM-lik dollar səviyyəsinə görə də fəxr etməyə dəyməz. Çünki, dünyada rekord göstərici olan 105 min dollarlıq (Qətər) dollardan, 85 min dollarlıq Lüksenburq kimi ölkələrə baxanda gərək ki, bütün buna görə fəxr etmək yerinə düşmür. 

Mən Azərbaycanda adambaşına düşən ÜDM-in səviyyəsinin çox olmadığını ifadə etmək üçün rekord göstəriciyə malik ölkələrin adlarını müqayisə etmək üçün yazmadım. Düşünmək üçün yazdım. Bizimlə eyni ranqı bölüşən və müqayisəyə gələ biləcək ölkələr kimi Şərqi Avropa ölkələrini, MDB regionundakı dövlətləri, xüsusilə Pribaltika Respublikalarını müqayisə baxımından daha doğru sayıram. Digər ölkə qrupları oxşar parametrləri istisna edilir. Cəmiyyətdə effektiv sosial siyasətin yeridilməsi haqqında deputatlardan, yalançı ekspertlərdən çox təhrif olunmuş rəylər eşidirik. 

Monoloq mühitində təhrif olunmuş və metodoloji baxımdan qüsurlu fikiləri dövriyyəyə buraxırlar. Obivatelin təəsuratlarını iqtisadi dilə çevirib restoran xidmətlərindən istifadəçilərin sayını əsas gətirirlər, bahalı avtomobillərin artan sayını, bahalı mobil telefonların çoxalması, xarici turistlərin ölkəmizdə xərclədiklərini sosial vəziyyətin yaxşılaşması əlaqələndirib həmin sosial xəritənin cazibə dairəsinə sadə vətəndaşları salırlar. Amma fundamental elmi paradiqma baxımından yanaşanda sosial siyasət yalnız insanların qidalanması və sadəcə yaşaması kimi dar mənanı ifadə etmir. Onun konkret indikatorları elmi-akademik çevrələr tərəfindən çoxdan müəyyənləşdirilib. İldən-ilə onun daha da cilalanması üçün müxtəlif elmi ideyalar təklif olunur. 

Hələlik elmi baxımdan həmin sosial indikatorlar isə bir neçə qrupa bölünür: həyat səviyyəsinin göstəriciləri (insan tələbatının ödənməsi, cəmiyyətdə zəngin-yoxsul nisbəti, əhali gəlirlərinin təmərküzləşməsi indeksi - Cini indeksi, gəlir və xərclərin nisbəti və s.), minimal dövlət meyarları (yaşayış minimum, minimum əməkhaqqı səviyyəsi və s.), sosial-gərginlik göstəriciləri (siyasi aksiyalar, kütləvi tətillər, nümayişlər, cinayətkarlığın dinamikası, korrupsiya və s.), sosial - demoqrafik göstəricilər (xəstəliklər, gözlənilən ömür həddi, doğum-ölüm dinamikası və s.), sosial sferanın inkişaf göstəriciləri (büdcədənkənar sosial fondlar, güzəştli xidmətlərin səviyyəsi, regionların büdcə təminatı həcmi və s.) ilə müəyyən olunur. Bu göstəricilər üzrə vəziyyətimiz yaxşılaşıbsa, onda vəziyyət Tofiq müəllimin dediyi kimidir. 

Xüsusilə son illər artan intiharlar fonunda sosial vəziyyətin yaxşılaşmasını söyləmək ümumiyyətlə çox ironik görünür. Amma bu sosial zəncirin hər bir həlqəsi üzrə düşünüb dəyərləndirməyə sizləri dəvət edirəm. Sosial vəziyyəti həllolunmaz və kritik hədd səviyyəsinə çatdırmalı deyilik, ABŞ-da başda olmaqla çoxsaylı mədəni ölkələrdə belə bir prinsip tətbiq olunur: xəstəliyi müalicə etməkdənsə, vaxtında sağlamlığın qayğısına qalmaq daha sərfəlidir. Sosial indikatorlar üzrə vəziyyət kritik həddə çatmadan, problemlər dərinləşdirmədən, onun həllinə nail olmaq ən rasional yoldur. 

Dünyanın ağıllı və tərəqqipərvər hissəsi belə düşünür.Və bu yolla gedirlər. Öz yolu olanlara isə mənim artıq deyəcək sözüm yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR