Azərbaycanda KİV-lərin sayı 5200-ə çatıb

img

26-01-2018 [21:18]


"Ötən il qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 98 inzibati xəta haqqında protokollar məhkəmələrə göndərilib. Yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 2017-ci ildə 62.600 bələdiyyə aktına baxılıb və nazirliyin təklifləri əsasında 1.454 akt ləğv edilib və ya dəyişdirilib, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2.640 hektar torpaq sahəsi geri qaytarılıb”. 

Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə nazirliyin 2017-ci ilin yekunları barədə keçirdiyi iclasda qeyd edilib.

Bildirilib ki, həmin protokolların əksəriyyəti barədə artıq işlərə baxılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Həmçinin qeyd edilib ki, 2017-ci ildə nazirlik tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əvvəlki illə müqayisədə 23% çox - 1.400-ə yaxın normativ hüquqi akt layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 3.200-ə yaxın belə akt hüquqi ekspertizadan keçirilib. Nazirlik tərəfindən aparılan və əhalinin təmənnasız istifadə etdiyi qanunvericiliyin elektron bazalarına müraciət edənlərin sayı 56 faiz artaraq 810 minə çatıb.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi diqqətdə saxlanılıb, 13 min vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,9 milyona çatıb, bunların da 94%-i xüsusi notariuslar tərəfindən rəsmiləşdirilib. Həmçinin, 324 min vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, bu əməliyyatlarla bağlı 44 milyon manatdan çox dövlət rüsumu və haqq ödənilib. Həmçinin daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 40 milyon manat vergi dövlət büdcəsinə köçürülüb.

Eyni zamanda, Azərbaycan brendi olan "ASAN xidmət" çərçivəsində il ərzində rəsmiləşdirilən əməliyyatların 21 faizi, verilmiş hazır sənədlərin 44 faizi ASAN mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən həyata keçirilib.

Həmçinin, vətəndaş məmnunluğunun təmin edilməsi, doğumun qeydiyyatı sahəsində müddət gecikmələrinin qarşısının alınması məqsədilə 2017-ci ildə 5.200-dən çox doğum səyyar qaydada bilavasitə tibb müəssisələrində rəsmiləşdirilib.

Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4.180 təşkil edir, KİV-lərin sayı isə 5.200-ə çatıb.

Diqqətə çatdırılıb ki, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər təkmilləşdirilib, ötən il nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə artaraq 4,6 milyonu ötüb.

Məhkəmə Ekspertizası Mərkəzinə il ərzində 41 ekspert ixtisası üzrə 34.800-dən artıq iş daxil olub, bu zaman ekspertlər 785 minə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,5%-ni həll ediblər.

Kollegiyada həmçinin bildirilib ki, dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması üzrə tədbirlər davam etdirilib, açıq müsabiqələr nəticəsində əksəriyyətini gənclər təşkil edən 218 nəfər qulluğa qəbul olunub, bütövlükdə ötən il ərzində 600 vakant ştat vahidi komplektləşdirilib. Hazırda növbəti müsabiqədən uğur qazanmış 95 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlim keçirlər. Eyni zamanda dövlət başçısının təşəbbüsü ilə yaradılmış könüllülər institutunun təşviqinə xüsusi diqqət yetirilərək, 200-dək gənc ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR