Könül Vaqifqızı: “Nikah öncəsi cütlüklərin tibbi müayinəsi ilə yanaşı, psixoloji test edilməsi boşanmaların sayının azalmasına səbəb olacaq”

img

25-01-2018 [14:35]


Məlum olduğu kimi, Azərbaycanda nikaha daxil olmaq istəyən cütlüklər mütləq tibbi müayinədən keçməlidirlər. Bu qayda 2015-ci il iyunun 1-dən qüvvəyə minib. Qanuna əsasən, müayinədən keçən cütlüklərin hər hansı bir xəstəlik daşıyıcısı olduğu aşkar olunarsa, bu barədə onlara məlumat verilir.

Qeyd edək ki, nikaha daxil olanların məcburi tibbi müayinədən keçməsi sonradan bəzi ailələrin dağılmasının qarşısını alıb. Ancaq, buna baxmayaraq, boşanmaların sayı günü-gündən artmaqda davam edir. Aparılan araşdırmalara görə, boşanmaların əsas səbəbi ailə quran cütlüklərin psixoloji cəhətdən bir-birinə uyğun gəlməməsidir. Onların xasiyyətlərinin uyuşmaması ailədə söz-söhbətə səbəb olur. Sonda o ailənin də sonu boşanma ilə yekunlaşır.

Bu səbəbdən psixoloqlar təklif edirlər ki, cütlüklər nikaha daxil olmazdan öncə tibbi müayinə ilə yanaşı, psixoloji müayinədən də keçsinlər. Müəyyən psixoloji testlər vasitəsilə cütlüklərin bir-birinə uyğun olub-olmadığı aydın olacaq.

Psixoloq Könül Vaqifqızı "Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, nikah öncəsi cütlüklərin tibbi müayinəsi ilə yanaşı, psixoloji test edilməsi boşanmaların sayının azalmasına səbəb olacaq: "Tək Azərbaycanda yox, ümumiyyətlə, bütün dünyada boşanmaların əsas səbəbi tərəflərin bir-birinə psixoloji uyğun olmamasıdır. Əksər hallarda cütlüklər bir-birilə yeni tanış olarkən xasiyyətlərini, həyata baxış tərzini, nə istədiklərini, demək olar ki gizlədirlər. Ailə qurulandan sonra tərəflərin əsl xasiyyəti bəlli olur, bax onda problemlər yaranmağa başlayır. Birgə həyat yaşadıqca, müxtəlif situasiyalara düşdükcə, insanın necə biri olduğu müəyyən olunur. Sonda isə tərəflər bir-biri üçün uyğun cütlük olmadıqlarını dərk edirlər və nəticə məhkəmə salonunda yekunlaşır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, nikahdan öncə cütlüklərin psixoloji müayinəsi məcburi olarsa, boşanmaların sayından azalma olacaq. Boşanmalara səbəb kimi bəzi hallarda sosial-iqtisadi çətinliklər göstərilir. O ailələr nikahdan öncə psixoloji test olunarsa, onların sosial-iqtisadi baxımdan zəiflikləri aşkar olunar: "Boşananlar əsasən "xasiyyətimiz uyğun gəlmir” ifadəsini işlədirlər. Onlar vaxtında psixoloji müayinə olunsaydı, ilk gündən xasiyyətlərinin uyğun olmadıqlarını öyrənərdilər”.

Ailə qurmağa hazırlaşan gənclərin psixoloji müayinədən keçməsinin vacibliyini vurğulayan K.Vaqifqızı bunun gələcək ailənin təməlinin möhkəm olmasına kömək edəcəyini dilə gətirdi: "Dünya təcrübəsində nikahdan əvvəl cütlüklər psixoloji müayinədən keçirlər, psixoloq onları ailə həyatına hazırlayır. Çox vaxt heç bir psixoloji problemi olmayan ailələrdə də münaqişələr olur. Ailələr öncədən bir-birini tanımalıdır. Çünki yeni ailədə müxtəlif ailə modelləri toqquşur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR