İnvestisiya fəaliyyətinin təşviqi və xarici investorların hüquqlarının qorunması... - Prezidentdən strateji qərar

img

18-01-2018 [18:38]


Prezident İlham Əliyev investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında bu gün yeni sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, 2025-ci ilədək qarşıya qoyulmuş məqsədlərdən biri də məhz xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərməsinə şərait yaradacaq biznes mühitinin təmin edilməsidir və bu sahədə aparılacaq islahatlar iqtisadiyyatda özəl investisiyaların payının artmasına təkan vermiş olacaq.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasında əlverişli investisiya mühitinin formalaşdırılması məqsədilə belə qərar verilib:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti, "İnvestisiya fəaliyyəti haqqında” və "Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının əsasında, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni "İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş qanun layihəsində beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, xüsusilə aşağıdakı məsələlər tənzimlənsin:

2.1. investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri;

2.2. investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu;

2.3. investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası;

2.4. mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları (beynəlxalq arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla);

2.5. investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası.

3. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə təqdim olunarkən, ona əlavə olunacaq normativ hüquqi aktın zərurətinin əsaslandırılmasında və məcburi hüquqi ekspertiza rəyində "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48.3.4-cü maddəsinə və həmin Konstitusiya Qanununa əlavə edilmiş məcburi hüquqi ekspertiza rəyinin strukturuna uyğun olaraq ləğv edilməli, dəyişikliklər edilməli, habelə layihəsi hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı verilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR