Partiyadan məmurlara və ABŞ-a mesaj... - BQP-də növbəti toplantı

img

15-01-2018 [22:03]


Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun toplantısı keçirilib.
 
BQP-dən Mia.az-a verilən məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən növbəti iclasında ictimai-siyasi vəziyyət, qərarların icra vəziyyəti, 2018-ci ildə partiya strukturları qarşısında duran vəzifələr və digər məsələlər müzakirə olunub. 
 
İctimai-siyasi vəziyyət mövzusunda çıxış edən partiya başqanı ölkədaxili, regional və beynəlxalq aləmdə baş verən hadisələrin geniş təhlilini aparıb, partiyanın mərkəzi və yerli seçkili orqanlarının qarşısında duran vəzifələr barədə müvafiq tapşırıqlarını verib.
 
Siyasi Qurul ölkə rəhbəri tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini Azərbaycan tarixinə verilən dəyər kimi qiymətləndirib:  "İctimai-siyasi, tarixi, mənəvi əhəmiyyət daşıyan və bütövlükdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan bu sərəncam Cümhuriyyətin 100 illiyinin xüsusi əhəmiyyətə, müstəsna yerə malik unikal tarixi hadisə olduğuna hər kəsin diqqətini cəlb etdi. "AXC ili" çərçivəsində həyata keçiriləcək çoxsaylı tədbirlər xalqımızın, xüsusən ölkə gəncliyinin cümhuriyyəti quranların daha çox hansı dəyərləri, prinsipləri ortaya qoyduqlarını öyrənilməsində, müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artırılmasında, cümhuriyyət tarixinin beynəlxalq miqyasda təbliğində mühüm rol oynaya bilər.  Ümidvarıq ki, bəzi duyarsız vəzifə sahibləri və laqeyd məmur təbəqəsi 1918-20 –ci illərin Azərbaycan tarixində hansı yerə malik olduğunu nəhayət ki, dərk edəcək və sərəncamdan irəli gələn vəzifələri yerinə yetirəcəklər”.
 
İclas ABŞ Dövlət Departamentinin yanvarın 10-da Azərbaycanın təhlükəlilik dərəcəsini 1-dən 2-yə qaldırması və ABŞ vətəndaşlarını terrorizm təhlükəsi ilə əlaqədar Azərbaycana səyahətdə diqqətli olmağa çağırması ilə bağlı bəyanatını kəskin tənqid edib: "Bəzi sahələrdə müəyyən problemlər mövcud olsa da, terrorizmin bütün forma və təzahürlərini həmişə qınaması və bu istiqamətdə əməli addımlar atması ilə seçilən Azərbaycan regionunun ən sabit və təhlükəsiz ölkələrindən biri kimi qəbul edilir. Son illərdə ölkəyə turist axınının artması, dünya və qitə əhəmiyyətli idman, qlobal miqyaslı humanitar və elmi tədbirlərin keçirilməsi, mühüm beynəlxalq danışıqların mərkəzi kimi Bakının seçilməsi ölkənin təhlükəsizliyini xarakterizə edən faktlardır. Ölkədə, eləcə də, regionda sülh və təhlükəsizlik üçün başlıca təhdid və qeyri-sabitlik yaradan yeganə amil isə ermənilərin Dağlıq Qarabağ və ona bitişik rayonlarda işğalçı siyasəti davam etdirməsi ilə bağlıdır ki, burada da problemin həlli üçün məsuliyyəti üzərinə götürən ölkələrdən biri də ABŞ-dır”.
 
Siyasi Qurul üzvləri partiya başqanı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafanı Xüsusi Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin illik hesabat yığıncağında komitənin vitse-prezidenti seçilməsi münasibətilə təbrik edib ona bu şərəfli vəzifəsinin icrasında uğurlar arzulayıb.
 
Siyasi Qurulun iclası cari məsələlərin müzakirəsi ilə öz işini davam etdirib.
 
Lamiyə Əhmədli

Digər xəbərlər
SON XƏBƏRLƏR