"SOCAR tezliklə qazlaşma məsələlərini araşdıracaq və..." -İlham Əliyev Baş nazirlə birgə bəyanat verdi + FOTO

img

15-01-2018 [20:23]


Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan baş naziri Boyko Borisov mətbuata bəyanatlarla çıxış ediblər.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumat yayıb.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisov ilə mətbuata bəyanatlarla deyib: "Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək. İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hal-hazırda ticarət dövriyyəsi lazımı səviyyədə deyil və müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə sahəsində də yaxşı imkanlar var".

Dövlət başçısı vurğulayıb ki, bu gün danışıqların əsas mövzusu energetika sahəsi ilə bağlı olub: "Bildiyiniz kimi bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan digər ölkələrlə bərabər "Cənub Qaz Dəhlizi"nin icrasını təmin edir. Azərbaycanın zəngin qaz yataqları var".

Prezident İlham Əliyev qeyd edib ki, "Cənub Qaz Dəhlizi"nin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq: "Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın vaxtlarda Azərbaycan qazı da eyni funksiyanı daşıyacaq. "Cənub Qaz Dəhlizi"nin icrası uğurla gedir. "Şahdəniz-2" layihəsinin icrası 99 faizə çatıb. "Şahdəniz-2" "Cənub Qaz Dəhlizi" üçün əsas resurs bazasıdır. Eyni zamanda bu il TANAP layihəsinin yekunlaşdırılması nəzərdə tutulur. Bu layihənin icrası artıq 90 faizə çatıb. Beləliklə bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra olunur. "Cənub Qaz Dəhlizi" layihəsinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaq. Biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir."

***

Baş nazir Boyko Borisov deyib:

"Cənab Prezident, Sizə təşəkkür edirəm.

Hörmətli həmkarlar, mən həqiqətən qeyd edə bilərəm ki, xalqlarımız arasında müstəsna dərəcədə qarşılıqlı rəğbət hissi var. Çox gözəl haldır ki, Prezident İlham Əliyevlə indiyədək razılaşdırdığımız bütün məsələlər həll edilib. Mən hesab edirəm ki, Bakı ilə Sofiya arasında açılan birbaşa aviareys ölkələrimiz arasında yaxın münasibətlərin, turizmin və işgüzar əlaqələrin inkişafına töhfə verəcək. Lakin bu iş artıq görülüb. Qarşımızda yeni vəzifələr durur. Mən ümid edirəm ki, Prezident Əliyev SOCAR şirkəti ilə bağlı müvafiq göstəriş verəcək".

B.Borisov bildirib ki, iyun ayında Yunanıstanda interkonnektorun tikintisi başlayacaq və iyulda Türkiyə ilə sərhəddə interkonnektor işə düşəcək: "Qeyd etmək istərdim ki, hörmətli Prezident İlham Əliyevin xeyir-duası ilə bizim şirkətlə SOCAR arasında 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq. Əgər hörmətli Azərbaycan Prezidentinin dəstəyi ilə ölkəmizin qazlaşdırılmasına nail olsaq, biz əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün qazın təchizatı mümkünlüyünü təmin edə biləcəyik və onlar daha odundan, kömürdən istifadə etməyəcəklər. Hər iki ölkənin energetika və iqtisadiyyat nazirlərinin iştirakı ilə bu işin həyata keçirilməsi üçün miqdar və müddətə dair plan tətbiq ediləcək. Çünki Azərbaycan tərəfi qazın təchizatının ən sərfəli qiymətlərini təklif edir. Bir milyard kubmetr qaz Bolqarıstanda böyük sayda evləri məişət qazı ilə təmin edəcək".

O bildirib ki, Prezident İlham Əliyevlə çoxdankı ilk görüşümüz zamanı biz bir çox ölkələrin sabotaj etdiyi Azərbaycan və Türkiyə arasında dəmir yolu dəhlizinin inkişafı perspektivləri barədə danışırdıq: "Bu isə Avropaya ən qısa nəqliyyat dəhlizidir. Biz həmçinin bunun inkişafı üçün öz dəmir yolu şəbəkələrimizi hazırlayırıq. Bu həm Azərbaycan, həm Qazaxıstan, həm də Çinlə əlaqə deməkdir. Bu nəqliyyat qovşağı bizim dəmir yolu stansiyalarımıza, oradan isə bütün Avropa ölkələrinə çıxa bilər. Bizim "Berlin Prosesi”nə əsasən 8 nömrəli, 10 nömrəli nəqliyyat dəhlizlərinə dair birgə gördüyümüz işlər bu yolların Skopyeyə gəlib çatmasına imkan verəcək. Mən Bolqarıstanla müqaviləni ratifikasiya edən makedoniyalı dostlarımızı təbrik etmək istərdim. Bu, çox vacib müqavilədir. Ümid edirik ki, onu sonra bütün ölkələr imzalaya biləcəklər. Bu nəqliyyat dəhlizi Albaniyaya çıxan dəmir yolu xəttinin bir qoludur və avtomobil yolu yaxşı imkanlar açır. Solonikidən şaxələnən avtomobil yolunda iki körpü mövcuddur - Vrusi və Vedeno-Sofiburkas körpüləri. Sofi-Soloniki avtomobil yolunun üçdə iki hissəsi işlək vəziyyətdədir və gələn il tam istifadəyə veriləcək. Hər iki tərəfə böyük həcmdə yüklər daşına biləcək. İcazə verin, Sizi bu dəmir yolunun tikintisinə dair maneələrin aradan qaldırılması münasibətilə təbrik edim. Çox gözəldir ki, bu yol artıq işləyir.

Bolqarıstandan Azərbaycana əsasən kənd təsərrüfatı, iqtisadiyyat sahələrində məhsulların ixracı həyata keçirilir. Biz ümid edirik ki, bu imkanları genişləndirə bilərik. Əgər Azərbaycan qazının Bolqarıstana təchizatı baş tutarsa, biz bu əmtəə mübadiləsini tarazlaşdıra bilərik. Bütün bu investisiyaların yatırılması, birbaşa nəqliyyatın mövcudluğu, - nəzərə alsaq ki, biz Bakıya təyyarə ilə üç saata gələ bilərik, - bizə iqtisadiyyatı, turizmi inkişaf etdirməyə rəvac verəcək və Azərbaycan turistlərinə Bolqarıstanın dağ və dəniz kurortlarına gəlmələrinə imkan yaradacaq. Bolqar turistləri sizin qədim diyarınıza böyük maraq göstərirlər. Bu, hər iki ölkə üçün faydalıdır.

Təbii ki, Brüsseldə bizim həmkarlarımızla söhbət zamanı Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsinin boykot edilməsi tendensiyası müşahidə olunurdu. Kimsə bu tədbiri pozmağa çalışırdı. Biz bunu bilirik. Təbii ki, bununla bağlı bizim başqa mövqeyimiz vardı. Deməzdim ki, bu, hansısa ayrıca bir siyasətdir. Viza rejiminin sadələşdirilməsi də əlaqələrimizin genişləndirilməsinə töhfə verə bilər. Mən öz üzərimə məsuliyyət götürərək, Avropa İttifaqındakı həmkarlarımla Ukrayna, Gürcüstan və Moldova ilə viza rejiminin asanlaşdırılmasını müzakirə etdim. Düşünürəm ki, biz bu istiqamətdə rahat fəaliyyət göstərə bilərik. Mən bunu etməyə çalışa bilərəm. Amma bu, Avropa İttifaqındakı əsas həmkarlarımdan da asılıdır. Sizə təşəkkür edirəm".

***

"SOCAR tezliklə Bolqarıstanda qazlaşma məsələlərini araşdıracaq və imkanlar barədə məlumat verəcək".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisov ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı qeyd edib: "Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər".

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ölkə daxilində qazlaşdırmanı uğurla icra edir. Bununla paralel olaraq, digər ölkələrdə də SOCAR qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir, o cümlədən Gürcüstanda və Albaniyada: 

"Albaniyanın qazlaşdırılması ilə bağlı müvafiq memorandum imzalanmışdır. Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilmişdir və əminəm ki, danışıqlar tezliklə başlanacaq".

Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək. İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hazırda bu, lazımi səviyyədə deyil. Müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu üçün də yaxşı imkanlar var və biz bu istiqamətdə də işləyəcəyik.

Mən cənab baş nazirə məlumat verdim ki, keçən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun Bakıda təntənəli açılışı olmuşdur. Bu dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu, Avropa ilə Asiya arasında ən qısa nəqliyyat marşrutu olacaqdır. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu işləyir və məsafə baxımından Avropa və Asiya arasında ən qısa yoldur. Vaxt baxımından isə cəmi iki həftə ərzində Asiyadan Avropaya yüklər bu dəhliz vasitəsilə daşına bilər. Əlbəttə, Bolqarıstan da bu dəhlizin üzərində yerləşdiyi üçün biz göstərişlər verdik ki, müvafiq qurumlar bu məsələni də müzakirə etsinlər və yükdaşımalarının artırılması istiqamətində işlər görülsün", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcəyini də diqqətə çatdırıb: "Azərbaycanın "Buta Airveys” şirkəti birinci reysi icra edəcək. Bu da çox əlamətdar hadisədir. Bu reys əlbəttə ki, insanları bir-birinə daha da sıx bağlayacaq, insanlararası əlaqələr güclənəcək, turizmin inkişafına təkan veriləcək və bir sözlə, Bolqarıstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcəkdir.

Onu da qeyd etməliyəm ki, biz humanitar sahədə də əməkdaşlığımızı dərinləşdiririk. Azərbaycanda Bolqarıstanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına çox böyük maraq var. Bakı Slavyan Universitetində bolqar dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Əlbəttə ki, humanitar sahədəki əməkdaşlıq, insanlar arasındakı ünsiyyət bizim dostluğumuzu daha da möhkəmləndirir və möhkəmləndirəcəkdir.

Mən baş nazir Borisova Bolqarıstanın Avropa İttifaqına sədrliyi ilə bağlı təbriklərimi çatdırdım. Bu, Bolqarıstanın böyük uğurudur və böyük məsuliyyətidir. Əminəm ki, Bolqarıstan bu şərəfli missiyanı uğurla icra edəcək. Eyni zamanda, Bolqarıstanın sədrliyi dövründə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradılacaq, xüsusilə hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində iş aparırıq və danışıqlar çox uğurla davam etdirilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR