Eyruz Məmmədov - 65!

img

13-01-2018 [11:41]


Bu gün - yanvarın 13-də tanınmış yazıçı-publisist və kinossenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədovun 65 yaşı tamam olur!

Son 30 ildə bir-çox tarixi-sənədli filmlərin müəllifi olan, Azərbaycana qarşı uzun illər Ermənistanda və Dağlıq Qarabağda, eləcə də Bakı və Sumqayıtda törədilən erməni-daşnak təxribatlarının təhqiqi və ifşası istiqamətində 1988-ci ildən başlayaraq yorulmadan, vətənpərvər bir jurnalist məsuliyyəti ilə çalışan, keçmişimizin tarixinə aid sənədli əsərləri, roman və povestləri ilə nəinki yaşayıb-yaratdığı Sumqayıtda, bütövlükdə respublikada, hətta MDB ölkələrində və uzaq xaricdə də yaxşı tanınan Eyruz Məmmədov maraqlı həyat və zəngin yaradıcılıq yolu keçmişdir.

Ancaq ötən illərdə Eyruz Məmmədov daha heç nə yazıb-yaratmasaydı belə, görkəmli Azərbaycan rejissoru Davud İmanovla birgə min əziyyətlə, təhlükələrlə üzləşərək ərsəyə gətirdikləri "Sumqayıtın əks-sədası" ("Эхо Сумгаита") filmi və Sumqayıtın ilk qurucuları, həm də sonrakı nəsli haqqında yazdığı oçerklər silsiləsindən ibarət fundamental "Sumqayıtım mənim" kitabı ilə də daim seviləcək, yüksək dəyərləndiriləcəkdi. Eyruz müəllimin məşhur sənədli əsərlər "üçlüyünü" isə onun bir-neçə il əvvəl yazdığı 1000 səhifədən artıq "Bir kəndin camaatı" tarixi-etnoqrafik romanı tamamlayır. Bu üç əsər kifayətdir ki, yazıçı-publisist-kinossenarist Eyruz Məmmədov Sumqayıtın tarixində, Azərbaycan sənədli kinosunda və ədəbiyyatımızda hələ yüz illərlə yaşasın, sevilsin.

Lakin istedadlı bir jurnalist kimi Eyruz müəllim sonrakı illərdə xalqımızın azadlıq və Qarabağ uğrunda mübarizəsini əks etdirən daha bir-neçə filmin - "Sumqayıt: Azadlığın əks-sədası", "Cəbhə bölgəsində", "Sumqayıtın bir axşamı” və digər filmlərin kinossenarilərini yazmışdır.

Qarabağ və erməni-daşnak mövzularını daim diqqət mərkəzində saxlayaraq ("28-dən 29-na keçən gecə”, professor Ramazan Məmmədovla birgə müəllifi olduğu "Sumqayıt-1988. Cinayıt və cəza" tarixi əsərləri də erməni təxribatı ilə törədilmiş Sumqayıt hadisələrinin təhqiqinə, daşnak ideologiyasının ifşasına həsr edilmişdir), bu sahədə araşdırmalarını ardıcıl olaraq davam etdirməklə yanaşı Eyruz müəllim son illərdə ədəbi yaradıcılıqla da məşğul olur. O, ümumilikdə 20-dən artıq kitabın, o cümlədən "2-ci paralel”, "Anata”, "P.S", Dama Pika”, "Mister Riç”, "Bir, iki, üç... və yaxud Dağ çiçəyi”, "Gecə... İncə gecə”, "Zöhra və Kənan”, "Qaranlığın çırağı", "Sən kimsən, Armando?" və s. bədii və tarixi kitabların müəllifidir.

...Eyruz Məmmədov Sumqayıtın 3 yaşı təzəcə tamam olanda - 13 yanvar 1953-cü ildə respublikamızın paytaxtı Bakıda, sonralar uzun illər Sumqayıt mətbəəsinin direktoru olmuş gözəl insan, respublikanın Əməkdar poliqrafçısı Surxay Məmmədovun ziyalı ailəsində dünyaya göz açıb. O, kiçik yaşlarında ikən ailələri keçmiş SSRİ-nin böyük quruculuq işləri aparıldığı gənclik şəhərinə köçüb. İlk təhsilini də indi onun üçün dünyanın ən gözəl, doğma və sevimli şəhəri olan Sumqayıtda alıb.

İxtisasca jurnalist-filoloq olan Eyruz ədəbi yaradıcılığa hələ Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alarkən başlamışdır. İlk hekayəsi 1971-ci ildə - 19 yaşlı tələbə ikən çap edilmişdir. Və mən onu məhz həmin vaxtlardan tanıdım - yaşca məndən üç yaş kiçik olan Eyruz çevik düşüncəli, yaşıdları arasında öz dünyagörüşü ilə seçilən yaraşıqlı bir oğlan idi. Yazdıqlarıından da duyulurdu ki, Azərbaycan və dünya ədəbiyyatı ilə kifayət qədər yaxşı tanışdır. Hələ 15-16 yaşında yaradıcılığa başlayaraq, o dövr üçün maraqlı, çox qəribə və qeyri-adi görünən mövzularda, bir az avropasayaq hekayələr yazmağa çalışırdı və bununla da digər yeni yazmağa başlayan gənclərdən fərqlənirdi.

Elə o vaxtlar da hiss olunurdu ki, Eyruz onun üçün doğma olan, ilk uşaqlıq və gənclik illərini yaşadığı Sumqayıtı çox sevir. Bu gün də o, bu gözəl şəhərin böyük təəssübkeşi, onun sevgisi ilə yaşayan bir ziyalı, yaradıcı adamdır. Təsadüfi deyil ki, onun ilk dəfə, həm də cəsarətlə girişdiyi mövzu da məhz Sumqayıtla, onun adının hər cür qarayaxma və iftiralardan bir jurnalist, bu şəhərin sakini, vətəndaşı kimi qorumaq istəyi ilə bağlı olmuşdur. Məhz bu istəkdən, Sumqayıta olan sevgidən irəli gələrək, o, fitnəkar erməni ideoloqlarının mənfur işğalçılıq siyasətini, M.Qorbaçovun riyakar rejimini əsaslı dəlillərlə və kinokadrlarla dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycanın tanınmış sənədli filmlər rejissoru Davud İmanovla birgə həyatlarını riskə ataraq aylarla Moskvada, Leninqradda və Rusiyanın digər şəhərlərində 20 Yanvar faciəsini və Sumqayıt hadisələrini törədənlər, onların qəddar iştirakçıları ilə bağlı çoxsaylı çəkilişlər aparmışdılar. Onlar xalqımıza qarşı qanlı cinayətlərdə əli olmuş bədnam SSRİ rəhbəri M.Qorbaçovu, Kremldəki Mərkəzi Komitə katibləri Liqaçovu, Yakovlevi, SSRİ Ali Sovetinin sədri A.Lukyanovu, Bakıda əsl faşist vəhşilikləri törətmiş Sovet ordusuna başçılıq edən marşal D.Yazovu, KQB generalı Kryuçkovu və digərlərini müsahibə zamanı ağır ittihamlar və suallarla "divara dirəmiş", onların çıxılmaz vəziyyətdə qalaraq öz cavabları ilə özlərini bütün dünyada ifşa etmələrinə səbəb olmuşdular. Çox ciddi analitik və prinsipial mövqeyi ilə seçilən Eyruz Məmmədov rejissor dostu ilə birgə xalqımızın ideoloji mübarizəsinin daim ön xəttində gedərək, gərgin əməkləri sayəsində işləyib-hazırladıqları, ermənipərəst Sovet rejiminə, daşnakların mənfur xristian həmrəyliyi, Qərb dövlətlərinin açıq-aşkar, bəzən də gizli himayəsi ilə ölkəmizə qarşı törətdikləri siyasi fitnələrinə, saysız təxribat və faciələrə kəskin etiraz, tutarlı cavab olan, yaxın keçmişimizin hərbi-siyasi qarşıdurmalarının əks etdirildiyi, peşəkarcasına araşdırıldığı "Sumqayıtın əks-sədası” ("Эхо Сумгаита”) sənədli filminin vaxtında və çox yüksək peşəkarlıqla yaradılmasına nail olmuşdular. Qədim Göyçə və Zəngəzur ellərindən başlayaraq xalqımıza qarşı törədilmiş erməni vandalizminin Qarabağda və Sumqayıtda davamının sənədli araşdırmaları, Moskva-Yerevan xain qruplaşmasının təkzibedilməz ifşası kimi ərsəyə gətirilmiş həmin film bu gün də mənfur daşnak-neofaşist ideologiyasının iç üzünü, düşmənin vəhşi-yırtıcı planlarını bütün qabarıqlığı ilə açıb-göstərən çox qiymətli, əvəzsiz bir tarixi sənəd kimi Azərbaycanın ideoloji, haqq mübarizəsində mühüm yer tutur.

Burda bir məqamı da xatırlamağa ehtiyac var. Belə ki, Eyruz müəllimgilin çəkliş qrupu Sumqayıt hadisələrinin təşkilatçılarından biri olmuş Edik Qriqoryandan müsahibə götürmək, onu danışdırmaq üçün Rusiyadakı cəzaçəkmə məntəqələrindən birinə gedərkən daşnak tör-töküntülərinin havadarları onlara hər cür maneə yaradır, onlara qarşı qəsd törətməyə çalışırdılar. Yaxşı ki, belə bir təxribatın ola biləcəyini elə əvvəlcədən istisna etməyərək, onları çətin səfərə yola salan Sumqayıt şəhərinin o vaxtkı qeyrətli, nüfuzlu "mer"i - "ispolkom"un sədri Rasim Eminbəyli onların təhlükəsizliyini təmin etmək barədə qabaqcadan düşünüb-daşınmışdı. Məsələ onda idi ki, Sovetin KQB agentləri o vaxt Azərbaycandan gəlməsi gözlənilən çəkiliş qrupunu izləyərək, onları ermənilərin sifarişi ilə məhv etməyi planlaşdırmışdılar. Lakin onları ölümdən digər bir KQB rəisi xilas edə bilmişdi. Bu, Sumqayıt şəhər DTK-sının rəisi, milliyyətcə rus olan polkovnik V.Lebedev idi. R.Eminbəyli ona möhkəm-möhkəm tapşırmışdı ki, necə edirsən, et, ancaq mənim adamlarım ordan sağ-salamat qayıtmalıdırlar. Və o da öz növbəsində ermənilərin sifarişini yerinə yetirməyə hazırlaşan "kolleqalarına" tapşırmışdı ki, "başınızın ağrımasını istəmirsinizsə, yerinizdə farağat oturun, mənim rəisim tapşırıb ki, o "uşaqların" başından bir tük də əskik olmamalıdır. Buna təkcə mən yox, siz də başınızla cavabdehsiniz". Və Davud İmanovla Eyruz Məmmədovun çəkiliş qrupu ordan vətənə təhlükəsiz şəkildə, sağ-salamat qayıtmışdılar. Sözsüz ki, bu məsələdə Rasim müəllimin yalnız rəis nüfuzu yox, həm də şəxsi nüfuzu və hörməti xüsusi rol oynamışdı.

Bu gün fəxrlə demək olar ki, məhz həmin film dünya ictimaiyyətinə bütün aydınlığı ilə göstərir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi ideyasının arxasında ermənilərin hələ 200 il əvvəl hiyləgərcəsinə düşünüb-daşındıqları, silahlı təxribatlara, terrorizmə, işğalçılığa əsaslanan "Dənizdən dənizə" ("Oт моря до моря") mənfur planı dayanır ki, onu da ardıcıl olaraq ABŞ-ın və Fransanın diaspor və terrorçu təşkilatlarının dəstəyi, təsiri ilə mənfur Aqanbekyan-Şahnazarov-Qorbaçov üçlüyü həyata keçirmək üçün bütün vasitələrdən istifadə etmişlər.

Qeyd etməlk lazımdır ki, əgər "Sumqayıtın əks-sədası" ("Эхо Сумгаита") tarixi-sənədli filmi o vaxt - "isti-isti" çəkilməsəydi, indi - həmin əli qanlı cəlladların artıq həyatda olmadıqları bir vaxtda belə bir filmin yaradılması mümkün olmazdı və olsaydı da belə, bu cür effektli alınmazdı. İndi geriyə boylanarkən bunu qətiyyən inkar etmək olmaz ki, kinossenarisini Eyruz müəllimin mərhum Davud müəllimlə birgə hazırladığı və çəkilişlər apardıqları həmin film bu gün Azərbaycanda 1988-1994-cü illərdə baş vermiş hadisələrdən yeni nəslin və dünya ictimaiyyətinin xəbərdar olması baxımından çox böyük tarixi əhəmiyyətə malikdir.

Və təsadüfi deyil ki, hər il 20 Yanvar şəhidləri anılarkən yalnız respublikamızda deyil, həm də həmvətənlərimizin yaşadıqları MDB, Avropa, Latın Amerikası və planetin digər ölkələrində həmin film inkaredilməz faktları və görüntüləri ilə ideoloji təbliğatımızda kəsərli bir vasitə kimi mühüm yer tutur. Filmin yaradıcılarından biri kimi isə Eyruz müəllim bütün il boyu, tez-tez gənclərlə görüşlərə dəvət edilir, zəngin yaradıcılığa malik bir kinossenarist və yazıçı olaraq yaxın keçmişimiz və bugünümüzlə bağlı diskussiyalarda maraqlı söhbətləri ilə minlərlə oxucunun marağına səbəb olur, vətənpərvər, qeyrətli bir publisist kimi onların sevgisini, rəğbətini qazanır.

Son illərdə daha çox bədii yaradıcılıqla məşğul olan Eyruz Məmmədov olduqca məhsuldar çalışaraq, öz yeni əsərləri ilə ildə bir-neçə dəfə oxucularını sevindirir. Onun tarixi-bədii əsərləri dünyanın bir çox xalqlarının dilində - rus, ingilis, türk, alman, ispan, fransız və s. dillərdə nəşr olunaraq, geniş yayılmışdır. Vətənimizin, doğma şəhərimiz Sumqayıtın 1988-ci ildən başlayan ağır günlərində o, həm də "Эхо Сумгаита" ("Sumqayıtın əks-sədası") qəzetinin redaktoru kimi də Azərbaycanın informasiya blokadasının yarılmasında, Qarabağ həqiqətlərinin oxuculara doğru-dürüst çatdırılması, yayılması işində də geniş fəaliyyət göstərmişdir. Bu gün onun "Qızıl qələm", Həsən bəy Zərdabi adına və "Araz” ali ədəbi mükafatlarının laureatı olması da uzun illər gərgin, yorulmaz əməyinin nəticəsidir. Rusiya Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvü olması isə Eyruz müəllimin bir yazıçı-publisist kimi MDB ölkələrində də böyük nüfuza malik olmasından xəbər verir.

Eyruz müəllim milli mətbuatımızın dəyərli, fərqli nümayəndəsi olmaqla yanaşı həm də gözəl ailə başçısı, sədaqətli dostdur. Və bu gün onu qədirbilən xalqımız, onu sevən minlərlə oxucusu, dostları adından şərəflə yaşanmış ömrünün gözəl, əlamətdar günü - 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona gəncliyində olduğu kimi möhkəm sağlamlıq, uzun ömür, yaradıcılıq eşqi, enerjisi arzulayırıq və deyirik: Vətənimizin qeyrətli ziyalı oğlu, sənin adın, ötən illərdəki gərgin, səmərəli yaradıcılıq fəaliyyətin Sumqayıtla, Azərbaycanla bağlı olduğu kimi, Sumqayıtımızın, Azərbaycanımızın da adı səninlə bağlıdır və həmişə də belə olacaq!

100 yaşa, Vətənin qeyrətli ziyalı oğlu!

Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti, Osman Mirzəyev adına Respublika mükafatı laureatı.

E-mail: [email protected]







Digər xəbərlər
SON XƏBƏRLƏR