Alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda əməliyyat müşavirəsi

img

09-01-2018 [19:32]


Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar yanvarın 9-da axtarış-xilasetmə əməliyyatının aparıldığı ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan Əməliyyat Qərargahında əməliyyat müşavirəsi keçirilib.

Əməliyyat müşavirəsində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Əməliyyat Qərargahının rəhbərliyi, axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri, peşəkar alpinistlər və avstriyalı mütəxəssislər iştirak edib.

Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bugünədək görülən işlər təhlil olunmuş, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilib.

Qeyd olunub ki, 27 dekabr 2017-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə işlərinə başlanılıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasediciləri, Mülki müdafiə qoşunlarının canlı qüvvəsi və müvafiq texnikası, Şimal Regional Mərkəzinin xilasediciləri, Aviasiya dəstəsinin "Mi-17” markalı helikopteri və xüsusi təlim keçmiş itlər cəlb olunmuşdur. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr axtarışlarda iştirak edir.


Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2500-3000 m yüksəklikdə) çətin meteoroloji şəraitdə aparılır. 31 dekabr 2017-01 yanvar 2018-ci il tarixlərində hava şəraiti kəskin pisləşmiş - temperatur aşağı düşmüş, qar yağmışdır. İntensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artmışdır. İtkin düşmüş alpinistlərin olduğu ehtimal edilən ərazilərdə qar qatının qalınlığı hazırda 8-12 metrə çatır. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə (xilasedicilərin təhlükəsizliyi təmin edilməklə), lakin fasiləsiz aparılır.


Eyni zamanda, 5 yanvar 2017-ci il tarixində Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri (3 nəfər) hadisə rayonunda olub. Xarici mütəxəssislər alpinistlərin olma ehtimalının böyük olduğu ərazilərə baxış keçirib və həmin ərazilərdə axtarışların aparılmasının həyat üçün təhlükəli olduğu qənaətinə gəliblər.


Axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılıb.


Müşavirədə qarşıda duran məsələlər müzakirə edilib, müvafiq göstərişlər verilib.


Əməliyyat müşavirəsindən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavablar verilib.


Daha sonra axtarışların aparıldığı ərazi, əməliyyata cəlb olunan texnikalar və xilasetmə avadanlıqları, Əməliyyat Qərargahındakı iş şəraiti və xilasedicilərin istirahəti üçün yaradılan şəraitlə tanış olmaq üçün jurnalistlər axtarışların aparıldığı ərazidə olublar.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR