Şriftin ölçüsü / 411 dəfə oxunub

Dərəyə yuvarlanan 175 saylı xəttin sahibi hansı məmurdur? - Açıqlama

08 Yanvar 2018 [13:27]

Ötən gün Xətai rayonu, Zığ şossesində hərəkət edərkən dərəyə aşaran 175 saylı marşurut xətti ilə bağlı bəzi qaranlıq məqamları üzə çıxıb.

Mia.az xəbər verir ki, movqe.az-ın apardığı araşdırma zamanı bəlli olub ki, soyğunçuluq maddəsi ilə məhkum olunan, sürücülük vəsiqəsi olmadan avtobus idarə edərək qəza törədən Kamran Ağayevə sərnişinlərin həyatını etibar edən marşurutun sahibi Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Babək Aslanovdur. B. Aslanov Movqe.az-ın əməkdaşı ilə söhbətində 175 saylı xəttin ona məxsus olduğunu təsdiqləyib. Amma B. Aslanov qəza baş verən avtobusların onun adına olmadığını bildirib. B. Aslanov deyib ki, o, xətdə sərnişindaşımanı başqa şəxslərə həvalə edib: "Avtobuslar mənim deyil. Mən xətti başqa şəxslərə icarəyə vermişəm. Avtobuslarda mənim adıma deyil. Siz Nəriman Süleymanovla əlaqə saxlayın”.

B. Aslanov dövlət qulluqçusu olduğu halda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın mümkünsüzlüyü ilə bağlı sualımıza isə belə cavab verib: "Mən, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın Rayon Şöbəsinin İdarə Heyyətinin sədriyəm. 175 saylı marşurutu da dörd aydır ki, almışam. İndi Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışmıram. Siz mənim verdiyim nömrə ilə əlaqə saxlayın”.

B. Aslanovun bizə verdiyi mobil əlaqə nömrəsi ilə danışdığımız Eldəniz Qasımov isə175 saylı xəttin rəisi vəzifəsində çalışdığını bildirdi: "Mən xəttə səhər çıxışı 05:45 radələrində şəxsən özüm vermişəm. Yol vərəqi də indi qəzanı törədən Ağayev Tərlan Hüseynağa oğlunun adına verilib. Loru dildə desək, mən avtobusu Tərlanın qəza törədən qardaşına deyil, onun öz adına vermişəm. Yolda sərnişin daşıyarkən o avtobusu qardaşına verib. Bundan nə mənim, nə də dispetçerlərin xəbəri olub. Çünki, dispetçerlərin olmadığı dayanacaqda avtobus Kamran Ağayevə verilib. O da gedib hadisə törədib. O ki, qaldı adına yol vərəqəsi verilən Tərlan Ağayevə, onun sürücülük vəsiqəsi də var, avtobusu idarə etmək üçün lazımi kateqoriyası da”.

Həmsöhbətimiz sonda xətdə avtobusların B. Aslanovun razılığı ilə istismara verildiyini söyləyib.
B. Aslanov hazırda Laçın Rayon İcra Hakimiyyətində çalışmadığını söyləsə də, icra hakimiyyətindən B. Aslanovun həmin işində çalışdığını bildirdilər. Movqe.az məsələ ilə bağlı dəqiqləşdirmə aparmaq üçün Laçın Rayon İcra Hakimiyyətinə rəsmi sorğu ünvanlayıb. Sorğuya cavabverildikdən sonra B. Aslanovun sahibkarlıq fəaliyyətinin nə dərəcədə qanuna uyğun olduğuna aydınlıq gətiriləcək.


Qeyd edək ki, 175 saylı xətt sentyabr ayından yeni sahibka istismara verilib. Əvvəlki sahibkar isə sərnişindaşıma ilə bağlı tələblərə əməl etmədiyi üçün xətdən kənarlaşdırılıb.
Xatırladaq ki, 175 saylı avtobusda 15 nəfərin xəsarət alması ilə baş verən ağır yol nəqliyyat hadisəsi zamanı sürücü Kamran Ağayev hadisə yerindən qaçsa da, hüquq mühafizə orqanlarının operativ əməliyyatı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi, eləcə də sərnişinlərin daşınması və təhlükəsizliyi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinin pozulması hallarına yol vermiş şəxlərin dairəsinin müəyyənləşdirilməklə məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




SON XƏBƏRLƏR