Milli Məclisdə Gürcüstanın Ermənistana Rusiyaya çıxış üçün yol verməsinə etiraz

img

29-12-2017 [12:59]


Gürcüstan baş nazirinin ölkə ərazisi vasitəsilə Ermənistanın Rusiyaya çıxışına şərait yaradılacağı barədə açıqlaması Azərbaycan parlamentində etiraza səbəb olub.

Deputat Fərəc Quliyev Milli Məclisi bu məsələyə rəsmi etiraz bildirməyə çağırıb. 

Qüdrət Həsənquliyev Azərbaycanla Gürcüstan arasında iri layihələri xatırladaraq deyib ki, Azərbaycan bu məsələyə heç nə olmamış kimi yanaşmamalıdır. O, Gürcüstanın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılaraq izahat istənilməsini təklif edib.

Əflatun Amaşov qeyd edib ki, Gürcüstan əgər buna yol verirsə, öz ərazi bütövlüyünün pozulmasını da tanımış olur. Aytən Mustafayeva da Gürcüstan baş nazirinin bu fikrinə sərt etirazını ifadə edib.

Milli Məclisin sədri Oqtay Əsədov isə nəzərə çatdırıb ki, gürcü ekspertlər də Azərbaycanla strateji müttəfiqliyə zidd addım atılmasının yolverilməzliyi barədə açıqlamalar verib: "Ola bilər ki, Gürcüstanda kimlərsə bizim münasibətlərimizi pozmaq istəyir. Amma inanmıram ki, Gürcüstan hakimiyyəti belə bir addım atsın. Biz Qarsa dəmir yolu çəkmişik, Gürcüstan da bu dəmir yolu layihəsindən bəhrələnir. Tapşırarıq, dostluq qrupu məsələni araşdırar”.

Qeyd edək ki, Gürcüstan hökuməti ölkə ərazisi vasitəsilə Rusiyaya yüklərin, ehtiyac olacağı təqdirdə, nəzarətdən kənar Sxinvali regionu vasitəsilə daşınması üçün İsveçrənin SGS şirkəti ilə müqavilə imzalayıb. Baş nazir Giorgi Kvirikavili bildirib ki, əgər Kazbegi-Yuxarı Lars gömrük-buraxılış məntəqəsində fövqəladə vəziyyət yaranarsa, yüklər qeyd olunan marşrutla daşına bilər. "Bu müqavilənin heç bir maddəsi Gürcüstanın maraqları əleyhinə yönəlməyib. Söhbət ondan gedir ki, Yuxarı Lars gömrük-buraxılış məntəqəsi istiqamətində fors-major situasiya zamanı, məsələn, güclü qar, yaxud sürüşmə baş verərsə, Sxinvali istiqamətində bu yol açıla bilər. Bu dəhlizdən həm Türkiyə, həm Ermənistan, həm də ölkəmizin tranzit potensialından yaralanan digər ölkələr istifadə edə bilər. Lakin bu, hələ ki birtərəfli imzalanmadır. Biz danışıqları davam etdiririk, çünki Rusiya tərəfindən irəli sürülən müəyyən şərlər var ki, bizim üçün qəbuledilməzdir”, - deyə G. Kvirikaşvili Gürcüstan parlamentdə çıxışında söyləyib/apa.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub