Yeni qurumun nizamnamə kapitalı 466 mln. olacaq - Prezident təsdiqlədi

img

26-12-2017 [15:35]


Azərbaycan prezidenti İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsini təsdiqləyib.

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, onun nizamnaməsinə uyğun olaraq, təsisçinin qərarı ilə Fondun istifadəsinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

Fondun nizamnamə kapitalı 466 mln. manat təşkil edir. Qurumun əmlakı onun müstəqil balansında əks olunur. Fond öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarına malikdir. İpoteka və Kredit Zəmanət Fondunun əmlakı nizamnamə kapitalına daxil olan əmlak, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə olunan daxilolmalar, Fondun emissiya etdiyi istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaitlər, alınmış kreditlər, yardımlar, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

Fondun nizamnamə kapitalının artırılması və ya azaldılması Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Fond qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra özünün, törəmə cəmiyyət, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Fond xərclərini öz gəlirləri hesabına maliyyələşdirir.

Fondun milli valyutada pul vəsaiti Azərbaycan Mərkəzi Bankında açılan bank hesablarında saxlanılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR