Şriftin ölçüsü / 418 dəfə oxunub

Dünyanın ən təhlükəli xəstəliyi – SEVGİSİZLİK

19 Dekabr 2017 [17:29]
Elmar HÜSEYNOV

***

Dünyanın ən təhlükəli xəstəliyi hansıdır? Birdən-birə kimsə sizə belə bir sual verərsə, təbii ki, bir az fikirləşəcək, sonra sayacaqsınız: Xərçəng, QİÇS, vərəm, taun, vəba, quş qripi və s…

Amma yox, düz tapmadınız. Dünyanın ən təhlükəli xəstəliyi sevgisizlikdir. Bəli, düz eşitdiniz, sevgisizlik!

O zaman sevgisizlik nədir, deyə sual edə bilərsiniz. Bunu çox sadə şəkildə izah etmək olar. Təsəvvür edin, sizin gözləriniz çox yaxşı görür, qulaqlarınız yaxşı eşidir, iy, dad bilmə qabiliyyətiniz çox güclüdür. Yaxşı duyur, hiss edirsiniz. Çox həssas adamsınız. Zaman keçdikcə bunları yavaş yavaş itirməyə başlayırsınız. Amma bundan özünüzün belə xəbəriniz yoxdur. Bir də o zaman ayılırsınız ki, gözləriniz kor, qulaqlarınız kardır. Nə bir iy, nə bir dad hiss edirsiniz. Duyğu orqanlarınızla bərabər, bütün hissiyatınızı da itirmisiniz. Ən təhlükəlisi də budur ki, siz bu vəziyyətə düşməyinizi özünüz belə hiss etməmisiniz. Bu an anlayırsınız ki, sizə lazım olan hər şeyi itirmisiniz. Həm də itirdikləriniz elə şeylərdir ki, müalicəsi, geri gətirilməsi heç zaman mümkün olmayacaq…

Biz sevgisizlik xəstəliyinə birdən-birə düçar olmadıq… Hər şey əkinçiliklə vidalaşmaq istəyimizdən (keçmişdən imtina etmək) doğdu. Babalarımızın, atalarımızın əsrlərlə əkdiyi, göz yaşları ilə suvardığı, qayğı və nəvazişlə böyütdüyü, bizimsə bəhrəsini yediyimiz bir ağacın sevgi toxumlarını gələcək nəslin qidalanması üçün yenidən yerə səpmədik. Əvəzinə o toxumları küplərə yığıb, hər kəsdən gizlətdik. Gizlətdik ki, heç kəs bizdəki var-dövləti görə bilməsin. Zamanı gələndə ondan yenidən istifadə edək. Nəticə daha acınacaqlı oldu. Ya küpdəki toxumlar nəmləyib xarab oldu, üfunətli iy verdi. Ya da harda gizlətdiyimizi undub, o toxumları əbədiyyətə təslim etdik! Biz nemətlərini paylaşmadıqca, ildən-ilə sevgi ağacının məhsuldarlığı da azaldı. Yavaş-yavaş qocalmağa qol-budaqları qurumağa, özü isə gövdədən çürüməyə başladı. 

Beləcə özümüz də bilmədən sevgisizliyi sevinə-sevinə, gülə-gülə cücərtdik. Torpaq sevgisizliyə hamilə oldu. Doğulanlar sevgisizlikdən doğuldu. Böyüyüb sevgi əvəzində nifrət, kin-küdrət, həsəd yaymağa başladılar.  

Sevgisizlikdən təklənənlər ya tənhalaşdı, ya da nifrət, qəzəb yayanlardan qorxub, aralarında böyük bir sədd, divar çəkdilər. Bu divarların çölü çəhənnəm, içi isə cənnət oldu. Bu cənnətdə yaşayanlar qızıl teştə qan qusdular. Amma qorxularından qızıl teşti də divarın o tərəfindəkilərindən gizlətməyə çalışdılar. 

Əvvəl maddi görünən sədlər sonralar böyük bir uçurum yaratdı sevgisizlər arasında. Özü də mənəvi uçurum. Maddi cəhətdən pillə-pillə yüksələnlər, mənəvi cəhətdən sevgi nərdivanından pillə-pillə enməyə başladılar. Hər pilləni endikcə çiyinlərindəki sevgi yükünün ağırlığından bir daş atdılar. Beləcə sonuncu pilləyə çatanda ayıldılar ki, artıq çiyinlərindəki yük yalnız boş torba imiş. Əslində son mənzilə sevgi yükü gətirmək əvəzinə boş torba ilə gəldiklərini özləri belə anlamayıb. Bəziləri də maddi cəhətdən hər dəfə bir pillə qalxdıqca, mənən yüksək pilləyə qalxdığını zənn edib, qırılan bir pillə ilə üzüaşağı necə yerə yuvarlanacağanı, yuvarlanarkən boş qazan kimi necə səslər çıxaracağını bilmədi… Elə bildi ki, dünya bu günkü maddi qazancların üzərində qurulub. Yıxılanda içində işıq yanmayan möhtəşəm villaları, bir-birindən fərqli və bahalı avtomobilləri, qızıl və zinət əşyaları qolundan tutacaq… Amma özü də bilmədi ki, özünü və ətrafındakıları elə bir xəstəliyə yoluxdurub ki, acgözlüklə hər yıxılanın qanını içməyə hazır vəziyyətdədirlər! 

Sevgisizlik yalnız fərdlərin deyil, artıq bütün cəmiyyətin xəstəliyinə çevrilib. Maddi qidaları mənəvi qidalardan üstün tutan, kitab oxumayan, elm və təhsilin dəyərini bilməyən cəmiyyətin. Bu elə bir xəstəlikdir ki, uzaqdan sağlam görünən idmançıya bənzər, amma heç kəs bu idmançının aldığı zərbə nəticəsində, bir azdan daxili qanaxmadan öləcəyni bilməz! Sevgi ağacının içdən çürüdüyü kimi… 
Sevgisizlik cəmiyyətin yaxasına yapışdıqda, onu idarə etməyə başlayar… Cəmiyyəyti elə bir bataqlığa çəkər ki, yüz illər ərzində formalaşan bütün mənəvi dəyərlər sistemi çökər, məhv olar. Qanunların aliliyi heçə sayılar, onun işləkliyi dayandırılar. Elə bir xaos yaradar ki, fərdlər bir-birinin üzüntüsünə, fəlakətinə sevinər, əl çalar! 

Sevgisizlik elə bir yoluxuucu virusdur ki, bu xəstəliyə düçar olanlar çalışar ki, ətrafındakıları da yoluxdursun. Sevginin tərk etdiyi qəlblərdə taxt qursun! Bəlalar üzərində acıların hakimiyyətini qursun. Bu xəstəliyə yoluxanların gözündə hər şey pul kimi görünsün. Hər kəsə bir qiymət qoyulsun. Dəyərlər itsin, qəlblərlər ləkələnsin, vicdanlar sussun, namus və qeyrət isə bazar piştaxtalarına qoyulsun! Bu bazarın ən ucuzu insan olsun! 

Sevgisizlik gözləriniz qarşısında elə bir mənzərə yaratdı ki, axı biz hər gün bunu görürük, - deyə öz-özünüzə sual etdiniz, deyilmi? 

Əgər belədirsə, qəlbinizə kiçik bir sevgi toxumu əkin. Onu cücərdin, göz yaşlarınızla suvarın. Qayğısına qalın, ağac olana, bəhrə verənə qədər bəsləyin. Sonra onun meyvəsini satmayın, paylayın! Öz yaxınlarınıza, qohumlarınıza, dostlarınıza yox, tanımadığınız, ilk dəfə gördüyünüz adamlara, ehtiyacı olanlara paylayın! Onlar da bizimlə paylaşsın. Sonra hamılıqla paylaşaq!

Sevgimizi hər kəsə paylayaq ki, sevgi ağacımız bol məhsullu olsun. Sonra onun toxumlarından çoxlu ağaclar əmələ gəlsin. 

Sevgimizi paylaşaq ki, cəmiyyətimiz dünyanın ən dəhşətli xəstəliyinə düçar olmasın! 



Digər Xəbərlər

SON XƏBƏRLƏR
12:45 13.07.2018
Şeyx Kralla görüşdü