Ordu, yoxsa qələm?

img

15-12-2017 [23:36]


Zaur Əhməd

Milli Məclisin son iclasında yenidən hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı və qəbul olundu.

Ordu məsələsində həssas olduğumu ətrafımdakılar bilir. Belə görürəm ki, hamı həssasdır. Lakin hərənin özünəməxsus həssas yanaşması var. Bu müxtəlifliyi Milli Məclisdəki müzakirələrdən də gördük.
Ancaq mən bir məsələni - bəzi millət vəkillərinin az qala, ordudan yazmağı qadağan etmələri ilə bağlı mövqeyini anlamadım.

Gəlin, sitatlarla danışaq.

Birinci vitse-spiker Ziyafət Əsgərovdan başlayaq. Mətbuatın ordudan yazmasına deyir ki, Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımi şərait yaradılır və bundan artığını etmək düzgün deyil.

Onun ardınca deputat Siyavuş Novruzov bildirir ki, ordunun sirləri qapalı olmalı, mətbuat Müdafiə Nazirliyinin yaydığından kənar məlumatlar yaymamalıdır. Siyavuş müəllim haqlı saymıram. Bu, artıq senzura kimi bir şeydir.

Doğrudur, dövlət və hərbi sirri yaymaq olmaz. Bu, hamı üçün ali qanundur. Amma oturub Müdafiə Nazirliyinin mətbuat xidmətini gözləmək nə deməkdir?

Hamı bilir ki, bu nazirliyin mətbuat xidməti ən ləng işləyən qurumdur. Mediaya qadağalar qoymaq əvəzinə, bu nazirliyin mətbuat xidmətinin fəaliyyətini gücləndirməyi tələb etmək daha doğru olmazmı, hörmətli deputatlar?

Bu müzakirələrdə ən düzgün mövqeyi hörmət etdiyim deputat Qüdrət Həsənquliyev ifadə elədi. O, haqlı olaraq peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına etirazını bildirdi. Q.Həsənquliyevin fikrincə, ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq: 
"Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil”.

Əslində, Qüdrət bəy lazım olanı deyib. Peşəkar media nümayəndələri ordu barəsində nə yazmağı yaxşı bilirlər.

İllərlə ordudakı neqativ hallardan ən çox yazanlar sırasında olmuşam. Amma hər zaman ordumuzun maraqlarını öndə tutmuşam. Nə yazıq ki, bu ölkədə məsələnin həlli üçün başqa yol qoymayıblar. Şikayət edirsən, baxan yoxdur. Özbaşınalıq, rüşvətxorluq olur, dinən yox. Nəhayət, məsələ ictimailəşir, o zaman hərəkətə keçirlər. Yəni, bizdə media bir növ yardımçı vasitədir. Problemlərin həllinə start vermək üçün bir araçdır. İndi isə deyirlər ki, sən get, sakit otur yerində, özümüz bilərik.

Mediaya "Sus!” deyən cənablar! Orduya qiymət vermək onun nöqsanlarını gizlətməklə olmur. Şəhidə, Qaziyə, Əsgərə münasibət Orduya qiymətin göstəricisidir. Hökumətdəkiləri deyə bilmərəm, bu xalq zatən Şəhidini, Qazisini, Əsgərini, Ordusunu başının tacı edib. Kimsə Ordusuna xələl gəlməsini istəməz! Odur ki, narahat olmayın! Biz nə yazırıqsa, sevgimizdən yazırıq.

Amma seçim olsa ki, "Ordu, yoxsa qələm?”, bir Şəhid oğlu kimi seçimim Ordudan yana olar.



Digər xəbərlər
SON XƏBƏRLƏR