General parlamentdə narazılığını bildirdi - Spiker reaksiya verdi: "Cənab general, unutmaq lazım deyil ki,..."

img

15-12-2017 [13:33]


"Ordu ilə bağlı məsələlər barədə çıxış edərkən bir qədər həssas olmalıyıq. Öncə qeyd etməliyəm ki, biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur”.

Bunu Milli Məclisdə "Silahlı Qüvvələr haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini, general Kərim Vəliyev deyib.

General bildirib ki, ordu haqqında danışarkən həssas olmaq lazımdır. "Ötən dəfə millət vəkili Qüdrət Həsənquliyev Tərtərlə bağlı səsləndirdiyi mənfi fikirdən sonra mən ona zəng elədim. O, da bildirdi ki, bu haqda kimdənsə eşidib”.

Orduya ictimai nəzarət haqqında danışan general deyib ki, onsuz da tez-tez hərbi hissələrdə komitələrin, deputatların, müxtəlif təşkilatların görüşü təşkil olunur.

"Hərbi hissələrdə keçirilən görüşlərdə iştirak edənlər real vəziyyəti görürlər. 50-ə yaxın media nümayəndəsi Müdafiə Nazirliyində qeydiyyatdan keçib və onlar müraciət etdikləri zaman reportajlar hazırlamaq üçün hərbi hissələrə və ön cəbhəyə buraxılırlar. Təbii ki, bu zaman məxfilik də nəzərə alınır. Eyni zamanda Ombudsman İnstitutu da bu prosesdə iştirak edir”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, Milli Məclis hərbi məsələlərdə özünü məsuliyyətli sayır.

Generala reaksiya verən spiker Oqtay Əsədov onu narahat olmamağa çağırıb: "Cənab general, unutmaq lazım deyil ki, burada tənqidi fikir səsləndirən hər deputat Azərbaycan Ordusundakı hər məsələyə görə özünü məsuliyyətli sayır, cavabdeh hesab edir. Düzdür, Milli Məclisdə çıxışlar var. İndi Qüdrət müəllimin çıxışını araşdıraq. Bəzən jurnalistlər məsələni kontekstdən çıxarıb yayırlar. Tənqid həmişə olur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR