"Mən, İlham Əliyev, Saakaşvili bir, Putinlə..." - Ukraynanın sabiq prezidentindən maraqlı açıqlamalar

img

12-12-2017 [14:24]


"Rusiya aqressiyasının ən böyük kreditoru Avropadır".

Bunu "112 Ukrayna” televiziyasına müsahibəsində Ukraynanın eks-prezidenti Viktor Yuşşenko söyləyib:

"Avropada tez-tez konfranslar keçirilir və mən tez-tez Ukraynanın şərqindəki konfliktlə bağlı debatlar aparıram. Öz həmkarlarıma, xüsusilə Şərqi Avropadan olan prezidentlərə statistikaya nəzər yetirmələrini xahiş edirəm. Rusiyanın hazırladığı enerji resurslarının 82%-i Avropa Birliyinə satılır. Təkcə enerji balansını götürəndə AB öz ehtiyaclarının 30%-ni Rusiyanın hesabına ödəyir. Yerdə qalan hissə isə Afrika və Şimal dənizindən təmin edilir. İndi isə ilkin rəqəmə yenidən diqqət edək. Avropa görəsən anlayırmı ki, Rusiyanın Donbas, Krım, Dağlıq Qarabağ, Abxaziya və Osetiyadakı aqressiyasının böyük kreditorudur? Məhz bu ərazilərdə Rusiyanın hərbi bazaları və ya hərbi təsiri mövcuddur.

Biz deyirik ki, Rusiya siyasəti nəyin hesabına qidalanır? Rusiya artıq imperiya deyil, amma onun imperiya ruhu qalıb. Bəs bu ruh maliyyə baxımından haradan qidalanır? Avropadan. Yəni biz Avropadan silah və ya həyatlarını bizə görə vermələrini istəmirik. Sadəcə olaraq, Rusiyanın maliyyələşməsini dayandırsınlar. Rusiya iqtisadiyyat iki borudan – neft və qazdan asılıdır”.

Müsahibə zamanı Yuşenko həmçinin Belarusun Rusiyanın yanından uzaqlaşmaq istəməsiylə bağlı maraqlı hadisə dilə gətirib:

"Bu söhbət Avropa Parlamentinin keçmiş rəhbəri Yeji Buzeklə olub. 2000-ci ildə Polşanın baş naziri olan bu şəxslə mənim böyük dostluq əlaqələrim var. O zaman Belarusun əhval ruhiyyəsi indiki kimi idi. Əgər 2000-ci illərdə Avropa az da olsa, əlini Belarusa uzatsaydı, biz indi Belarusu başqa siyasi spektrda görə bilərdik. Belarus Prezidenti Aleksandr Lukaşenkonun bizim tərəfə rəğbətini görmüşəm.

Bir epizodu danışım. Sankt-Peterburqda keçirilən sammitlərdən birindən sonra mən, Saakaşvili, İlham Əliyev bir masanın arxasında, Putinlə Mərkəzi Asiya liderləri isə başqa stolun arxasında əyləşmişdi. Burada bufet var idi və yeməyə nəsə təklif edirdilər. Lukaşenko bufetdən nəsə aldıqdan sonra bizə tərəf addımlamağa başladı. Mən o zaman dedim ki, Aleksandr Qriqoryeviç, siz stolları səhv salmadınızmı? O isə "yox” deyərək, bizim yanımızda oturdu. Yəni belə hiss var idi ki, Belarus artıq yeni siyasət istəyir. Eyni şey indi də baş verir. Əgər Avropa zamanında Şərqdəki maraqlarını aktiv müdafiə etsəydi, o zaman Belarus başqa yerdə olardı”.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR