Şabranda yeni təşkilat, Naxçıvana dəstək, Tehrandakı erməni abidəsi, Qüds... - BQP müzakirəyə çıxardı

img

11-12-2017 [18:42]


Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib. 

Partiyadan Mia.az-a verilən məlumata görə, BQP başqanı, millət vəkili Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda təşkilati məsələ, ictimai-siyasi vəziyyət, eləcə də bir sıra məsələlər müzakirə edilib.

İclasda Partiya başqanının ölkə və dünya gündəminin əsas ictimai-siyasi hadisələri və yığıncaqlararası dövrdə rəhbər strukturların fəaliyyəti barədə məruzəsindən sonra yerli təşkilatlarda davam etməkdə olan hesabat-seçki yığıncaqlarının gedişi haqqında məlumat dinlənilib və vaxtı çatmış konfransların ilin sonunadək başa çatdırılması qərara alınıb.

İclas partiyanın yerli təşkilatının yaradılması məqsədilə Şabran rayonundan daxil olan müraciətə baxıb və Şabran şəhər sakini, pedaqoq Cavid Ağamalıyevin rəhbərliyi ilə təşəbbüs qrupununun yaradılmasının məqsədəuyğunluğu haqqında qərar qəbul edib.

Siyasi Qurul ekstremal blokada şəraitində yaşamaqda davam edən Naxçıvan Muxtar Respublikasına diqqət və qayğının adekvat ölçüdə artırılması, regiondan əhali axınının qarşısının alınması üçün sənaye müəssisələrinin bərpası və yenilərinin yaradılması istiqamətində mərkəzi hökumət tərəfindən səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

İclasda erməni böhtanlarına uyaraq Tehranın mərkəzində qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı memorial abidənin ucaldılmasına razılıq verilməsi kəskin tənqid edilib və bu addımın İranın işğalçı şovinist dövlətə himayədarlıq edilməsi, ermənipərəst mövqenin növbəti dəfə sərgilənməsi kimi qiymətləndirilib. Qeyd edilib ki, bu yaxınlarda "İranın Xarici işlər naziri C. Zərifin Ermənistanı bölgədə "sülhün carçısı və təminatçısı” adlandırması da rəsmi İranın açıq şəkildə antiislam, antiAzərbaycan mahiyyət daşıyan siyasətini davam etdirdiyindən xəbər verir:

"İslam Respublikası rəsmisinin qonşu müsəlman ölkənin 20 faiz ərazisini işğal altında saxlayan, məscidləri donuz tövləsinə çevirən, dinc əhaliyə divan tutan, əsir düşən qoca, qadın və uşaqlarla vəhşicəsinə rəftar edən işğalçı və təcavüzkar ölkəni "sülhün carçısı” adlandırması təmsil etdiyi dini dəyərlərə hörmətsizlik və əqidəsizlik nümunəsi, Azərbaycan xalqına qarşı isə açıq düşmənçilikdən başqa bir şey deyil”.

Siyasi Qurul İraqın və Suriyanın Yaxın Şərqin qorxunc kabusuna çevrilən İŞİD-dən təmizlənməsi hadisəsini əhəmiyyətli tarix kimi dəyərləndirib.
.
İclas ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərar qəbul etməsini pisləyib və həmin addımın regionda qeyri-sabitliyin artmasına, dinlərarası ziddiyyətlərin dərinləşməsinə və regionda uzun müddətli gərginliyin yaranmasına gətirib çıxaracağını vurğulayb: "Orta Şərqdə sülhün və sabitliyin qorunmasında indiyədək müsbət heç bir rolu olmayan ABŞ-ın bu qərarı onsuz da kövrək olan durumun daha da pisləşməsinə gətirib çıxaracağı şəksizdir”.

İclasın sonunda cari məsələlər müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR