Qəzalı binada məskunlaşmış 23 ailə küçəyə atıla bilər - Prezident köməkçisinə müraciət

img

06-12-2017 [16:58]


"Bakı şəhəri, Xətai rayonu Gəncə prospektində yerləşən qəzalı binada məskunlaşmış 23 ailə bu gecədən etibarən küçəyə atıla bilər”.

Bu barədə tanınmış jurnalist Taleh Şahsuvarlı məlumat verib.  Onun sözlərinə vaxtilə 16 mərtəbədən ibarət olan həmin bina sürüşmə nəticəsində uçub və təxminən 20 il öncə nisbətən yararlı olan 9 mərtəbədə məcburi köçkünlərlə yanaşı, məcburi köçkün olmayan 23 ailə məskunlaşıb:

"Məcburi köçkünlər hazırda həmin binada yaşamır. Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın göstərişi ilə bu yaxınlarda evlə təmin ediliblər. Hazırda binanın qarşısına çoxsayda məmurlar toplaşıb. Həmin məmurların bir qismi qalan 23 ailənin 20 il öncə yaşadığı rayonların icra hakimiyyətinin nümayəndələridir. Onlar sakinlərdən binanın tərk etməyi tələb edir, əvəzində heç nə təklif etmirlər. "İstəyirsiniz kirayədə qalın, istəyirsiniz küçədə, bizə dəxli yoxdur” deyərək sakinləri hiddətləndirirlər. Aralarında mənim də yaxın qohumlarım olan o ailələrin heç birinin heç bir əmlakı, hətta gecə içində qalmağa çadırları belə yoxdur. Mehriban xanım tapşırmışdı ki, məcburi köçkünlər mənzillə təmin olunarkən həmin vətəndaşların vəziyyəti də nəzərə alınsın. Amma görünür kimlərsə Prezidentə və Birinci Xanıma qarşı təxtirabat törətmək istəyir. Məmurların tələbindən sonra artıq bir qadının ürəyi gedib və onun infarkt keçirdiyi söylənilir. Həmin qadın təcili yardım tərəfindən xəstəxanaya yerləşdirilib. Bu qadın və yaxud orada baş verəcək qəza nəticəsində kimsə ölsə, yaralansa, günü bu gün yüzlərlə uşaq küçədə, məktəbsiz qalsa, bunun məsuliyyətini kim daşıyacaq?”- deyə Taleh Şahsuvarlı narahatlığını ifadə edib.

Taleh Şahsuvarlı həmçinin Prezident Administrasiyası Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevə səslənib:

"Çox hörmətli Zeynal müəllim! Siz təcrübəli dövlət xadimi və Azərbaycan prezidentinin sədaqətli kadrlarındansınız. Mən də daim Prezidenti müdafiə edən bir jurnalist olaraq Sizə müraciət və xahiş edirəm. 23 imkansız və risk altında yaşayan ailəni mənzillə təmin etmək üçün bu dövlətin iqtisadi gücü yetərincədir. Odur ki, Gəncə prospektindəki qəzalı binanın ətrafına toplaşmış məmurların oradan uzaqlaşdmağınızı xahiş edirəm. Təcili bu məsələyə müdaxilə etməyiniz, bu barədə cənab Prezidentə məlumat çatdırmağınız və həmin 23 ailənin evlə təmin olunmasına yardım göstərməniz vacibdir. Çox xahiş edirəm, bu məsələ ilə birbaşa özünüz məşğul olun. İnsanlarımız evsiz-eşiksiz, küçədə, qapılarda qalmasın. 23 ailənin taleyi sizin əlinizdədir”

Digər xəbərlər
SON XƏBƏRLƏR