Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisi Koreyada səfərdə olub - FOTO

img

20-11-2017 [18:50]


Koreyanın paytaxtı Seul şəhərində Asiya İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Korrupsiyaya qarşı Mübarizə Təşəbbüsü üzrə 9-cu Regional Konfransı keçirilib.
 
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, "Asiya-Sakit Okean Regionunda korrupsiyaya qarşı mübarizə mədəniyyətinin artırılması” mövzusunda keçirilən konfransda dünyanın 31 ölkəsini təmsil edən 350 nümayəndə o, cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq mühafizə orqanlarının və qeyri hökumət təşkilatlarının, habelə nüfuzlu beynəlxalq təşkilatlarının rəhbər vəzifəli şəxsləri iştirak edib.
 
Tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilatı və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov təmsil edib.
 
Koreya Respublikasının Baş naziri cənab Li Nak-yonn və digər ali hökumət nümayəndələrinin iştirakçıları salamlaması ilə öz işinə başlayan konfransda Asiya-Sakit Okean regionunda korrupsiyaya qarşı mübarizə strategiyalarının inkişafı, bu sahədə əldə olunan nailiyyətlər və mövcud çətinliklər, yüksək korrupsiya riskli sektorlarda bütövlük və antikorrupsiya mədəniyyətinin təşviqi, həmçinin proseslərdə vətəndaş cəmiyyətinin rolunun artırılması kimi məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində təşkil olunmuş dəyirmi masada çıxış edən H.Məmmədov korrupsiya qarşı mübarizə, korrupsiya cinayətlərinin qarşısının alınması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üzrə ölkəmizdə aparılan mütərəqqi tədbirlər haqqında sessiya iştirakçılarına ətraflı məlumat verərək, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə son dövrlər həyata keçirilən geniş-miqyaslı məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi kimi əldə edilən nailiyyətləri xüsusi vurğulanıb, iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Tədbirin sonunda iştirakçılara təqdim edilmiş Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri özündə əks etdirən jurnal, broşür və bukletlər böyük maraqla qarşılanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR