"Qarabağla bağlı plan masanın üstədir, razılaşdırılmış format var..." - Lavrovun mühüm mesaj, Məmmədyarovdan replika

img

20-11-2017 [13:49]


"Bütün addımlar dəfələrlə müzakirə olunub və ATƏT-in sənədlərində, həmsədrlərin bəyanatlarında öz əksini tapıb. Menyu masa üzərindədir”.
 
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənədlər paket sənədlər kimi tərtib olunub: "Bu və digər elementi çıxarmaq mümkün olmur. Əks tərəf düşünə bilir ki, tarazlıq pozulur. Diplomatiya hər iki tərəf üçün məqbul olan variantı tapacaq”.
 
S. Lavrov jurnalistin ATƏT-in Minsk qrupu həmsədrlərinin sayının artırılması ehtimalı barədə sualına cavabında bunu ilk dəfədir eşitdiyini söyləyib: "Münaqişənin həlli ilə bağlı razılaşdırılmış format var. Üç həmsədr təcrid olunmuş şəkildə işləmir. Minsk qrupunda həll prosesi ilə maraqlanan tərəflər də mövcuddur. Minsk qrupu həmsədrlərinin sayının artırılması haqda ilk dəfədir sizdən eşidirəm. Yeni bir təklif prosesin qəsdən və ya istəmədən pozulmasına gətirə bilər”.

Sergey Lavrov deyib ki, Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri müzakirə olunur: "Bu sənədlərdə bir sıra paraqraflar var ki, heç vaxt şübhə doğurmayıb. Lakin bəzi məsələlər var ki, müəyyən səylər tələb edir".
  
S. Lavrov qeyd edib ki, Minsk qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib.
 
"Münaqişə bu danışıqlar çərçivəsində sülh yolu ilə həll olunmalıdır", - deyə rusiyalı nazir bildirib/APA.

****

"Köhnə və yeni ideyaların hamısı masa üzərindədir. Biz bu ideyalardan tərəflər üçün məqbul olan vahid sənəd yaratmalıyıq. Problem asan olsaydı, çoxdan həll olunmuşdu".
 
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
Həmsədrlərin sayına gəldikdə, E. Məmmədyarov qeyd edib ki, üç həmsədr BMT Təhlükəsizlik Şurasındakı çoxluğu təşkil edirsə, bunu necə artırmaq olar?
 
"Ağıla Türkiyə gəlir. Türkiyə isə artıq Minsk qrupunun üzvüdür. Biz müzakirələrdə aprel hadisələrini də yada saldıq. Vəziyyət qeyri-sabitdir və gərgin olaraq qalır. Dəfələrlə qeyd etmişik ki, siyasi iradə tələb edən addım atmalıyıq. Hansı addımlar atmalı olduğumuzu hamı bilir. Sadəcə hərəkətin sürəti zəifdir. Azərbaycan BMT qətnamələrinin icrasını tələb edir. Münaqişənin həlli üçün səylər üçqat artırılmalıdır", - deyə nazir qeyd edib.

***

"Əməkdaşlığımız geniş əhatəlidir. Regionlararası, parlamentlərarası əməkdaşlıq davam edir. Ali təhsil müəssisələri arasında əməkdaşlıq mövcuddur. Rusiyanın bir sıra universitetlərinin Azərbaycanda filialları açılıb".
 
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artması da müzakirə edilib: "Beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirik. Dövlətlərin bərabərhüquqlu olması qaydasının pozulmaması tərəfdarıyıq. Xəzər məsələsinə dair yanaşmalarımızı uyğunlaşdırırıq. Dekabrın əvvəlində keçiriləcək görüşlə bağlı məsələni müzakirə etdik". 


Digər xəbərlər
SON XƏBƏRLƏR