“Ermənilər təbii sərvətlərimizi vəhşicəsinə talan edirlər” - Hüseyn Bağırov

img

16-11-2017 [18:09]


Almaniyanın Bonn şəhərində  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər  Konfransının Yüksək Səviyyəli Seqmentinin Plenar iclasında Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov çıxış edib.

Mia.az xəbər verir ki, H.Bağırov çıxışında qlobal iqlim dəyişmələrinin bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu və bu təhlükənin qarşısının alınması üçün Azərbaycanın iki il əvvəl qəbul etdiyi Paris razılaşması üzrə 2030-cu ilə qədər istilik effekti yaradan tullantıların 35 faiz azaldılmasına dair iddialı öhdəliyi hədəf kimi götürdüyünü bəyan edib. Nazir bunun inkişaf etməkdə olan  və Konvensiyanın Əlavə 1 qrupuna daxil olmayan ölkəmiz üçün  iddialı bir öhdəlik olduğunu və  qlobal iqlim sisteminin qorunmasına töhfə verəcəyini vurğulayıb.

O, bildirib ki, Azərbaycanda qlobal iqlim dəyişmələrinə qarşı götürülən öhdəliklərin yerinə yetirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilib və bundan sonra da tullantıların azaldılması üçün konkret layihələrin reallaşdırılması davam edəcək. Hazırda ölkədə bərpa olunan enerjidən istifadənin genişləndiyi, karbonun udulması üzrə arid və semi-arid ərazilərdə yeni meşə massivlərinin salındığı, elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması, yeni aqromeşə plantasiyalarının salınması və s. nəticəsində 1990-cı ildən indiyə qədər təxminən 650 milyon ton karbon tullantısının azaldıldığı vurğulanıb və bütün bu tədbirlərin Azərbaycan dövlətinin öz maliyyə vəsaiti hesabına həyata keçirildiyi xüsusi olaraq qeyd edilib.

Eyni zamanda H.Bağırov çıxışında Ermənistan tərəfindən işgal olunmuş  ərazilərdə təbii sərvətlərin vəhşicəsinə talan edildiyini, meşələrin amansızcasına yandırıldığını bildirib və bu cür amillərin götürülən öhdəliklərin yerinə yetirilməsinə maneə olduğunu, Birləşmiş Millətlər Təşkilatının bu sahədə təsir gücünün daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

H.Bağırov çıxışının sonunda iqlim dəyişmələri tədbirlərinin yerinə yetirilməsi üçün beynəlxalq hüququn fundamental prinsiplərindən biri olan dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi prinsipinin həlledici olduğunu vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR